Ramiz Mehdiyevdən “Xural”a böyük zərbə!

Əvəz Zeynallı: «Xural»ın dişlərini sındırmaq istəyirlər ki, başqalarına görk olsun! Başlarına od yağdıracağam!»

Mətbuat Şurasının “Xural” qəzeti haqqında aldığı qərar ölkə mətbuatının altını üstünə gətirdi. Şuranın bütün hədləri aşaraq verdiyi bu qərarın “Xural”ın gündəliyə keçməsi qərarının verilməsindən və Redaktorlar Birliyinin fəaliyyətinin bərpa edilməsindən sonraya təsadüf etməsi düşündürücüdür və sifarişlə qəbul olunduğu aşkardır. Xüsusilə, Əvəz Zeynallının iştirak etmədiyi toplantıda “Xural”a göndərilməyən şikayətlər də müzakirə olunub və inkvizisiya dövrünün əməllərinə yol verilib. Məsələylə bağlı baş redaktor Əvəz Zeynallının münasibətini öyrəndik.

– Əvəz bəy, nələr baş verir?
– Hə, biz gözləyirdik bir şeylərin olacağını, ancaq açığı, bu qədərini gözləmirdim. Baş verənlər o qədər sürətli, o qədər sistemli şəkildə cərəyan etdi ki, başdöndürən bir hızla qarşılaşdıq. Bütün hadisələr də “Xural”ın gündəlik nəşr olunacağı haqqında verdiyimiz qərardan sonra başladı.  Gündəliyə qərar verəndən sonra aləm bir-birinə necə dəydisə, özüm də baş açmadım.

– Nə oldu ki? Bəlkə Redaktorlar Birliyinin bərpasının da bir təsiri var?
– Anlaşılmaz şəkildə ölkənin mətbu siyasətinə yön verənlər “Xural”ın gündəliyə keçməsini həzm edə bilmədilər. Bundan başqa, düz deyirsiniz, Redaktorlar Birliyinin bərpası və icraatları Mətbuat Şurasını təşkil edənlərin və başda Ramiz Mehdiyev olmaqla ağalarının xoşlarına gəlmədi. Təsəvvür edin, Redaktorlar Birliyi ard-arda toplantılar keçirməyə başladı, Mətbuat Şurasının qurulduğu gündən bu yana görmədiyi işləri biz gördük. Sırada Naxçıvan səfəri gəldi. Bu səfərin təlatümlərindən xilas olmamışdıq ki, ard-arda Mətbuat Şurasının məktubları gəlməyə başladı.
Ötən cümə günü də toplantı təyin etmişdilər. Müşfiq Ələsgərli mənə zəng etdi və toplantıya dəvət etdi. Onların yalançı olduqlarını, bizi hər zaman aldatdıqlarını, şərin yanında dayandıqlarını söylədim və Mətbuat Şurasının iclasına qatılmayacağımı, mövqeyimi yazılı olaraq göndərəcəyimi dedim.
Gündəliyə çıxmağımıza iki gün qalmış görün nə oyunlardan çıxırlar. Saytlar günorta saatlarında “Xural”ın gündəliyə keçəcəyi haqqında xəbərlər dərc etdilər, cəmi 4-5 saat sonra isə “Xural”ın “qara siyahı”ya salınması xəbərlərini yaymağa məcbur oldular…

– Məcbur niyə?
– Hələ Şuranın komissiyalarının iclasları gedərkən, bizə içəridən xəbərlər gəlməyə başladı. Məlumat verirdilər ki, birbaşa Ramiz Mehdiyevin tapşırığı ilə “Xural”ın “qara siyahı”ya salınması tapşırılıb. O da deyilirdi ki, gündəlik qəzetlərin hamısına xəbəri qabarıq vermək də xüsusi öyüdlənib.

– Son günlər bir şeylərin olacağını deyirdiniz…
– Bayaq bir şeylərdən bəhs etdim. Azərbaycan mətbuatının ən böyük layihəsi olan Redaktorlar Birliyinin uğurlu və sürətli başlanğıcından sonra üzərimizə hücumlara start verildi. Ramiz Mehdiyevin 10.000 manatının icraya yönəldilməsinin dayandırılması haqqında məhkəmə qərarı Apelyasiya Məhkəməsindən qayıtdı və sentyabrın 13-də Nərimanov rayon məhkəməsində məhkəmə oldu. Mən Naxçıvan səfərinin ertəsi gününə təsadüf etdiyi üçün məhkəmədə iştirak edə bilmədim. Yəqin əleyhimizə qərar çıxıb artıq. 
Bundan əlavə, bu yaxınlarda bizi bir qadın deputatla şantaj etmək istəyirdilər. Bu qadın deputat da Ramiz Mehdiyevin komandasına daxildir.

– Sirr deyilsə kimdir bu deputat?
– Azərbaycan mətbuatında başımıza gəlmədik işlər qalmadı. Məhkəmələr, açılan cinayət işləri, təqiblər, təzyiqlər bir tərəfə, yanıma modelyer göndərdilər. Onu yola saldıq, bir müddət keçdi, otağıma yekə bir dinləmə qurğusu “hədiyyə” edildi. Bu qurğunu DIN mətbuat xidmətinin rəhbərlərinə təslim etdiyim tarixdən 1 il 4 ay zaman keçir, amma xəbər yoxdur. Oysa mənə söz vermişdilər ki, bu haqda cəmiyyətə açıqlamalar veriləcək. Verilmədi. Indi də xanım deputat. Onu redaksiyaya göndərirlər, mənə onun vasitəsilə pul təklif edirlər və sonra da əməliyyat hazırlayırlar. Işə bir baxın ki, YAP-ın Siyasi Şurasının üzvü olan bu xanım deputat haqqında mənə xahişi tanınmış müxalifət qəzetlərindən birinin baş redaktoru edir. Gör ölkə rəhbərliyində durum nə həddə gəlib çatıb ki, artıq məni deputatları ilə şantaj edərək həbs etdirmək istəyirlər…

– Bəs nəticəsi nə oldu?
– Bir şey olmadı. Sadəcə mən xanım deputatın həyəcanlı gəlişindən və özünü itirməsindən səsimin yazıldığını anladım və danışmadım. Nə danışdısa o danışdı, nə dedisə o dedi və gəldiyi kimi də getdi.

– Bəlkə adını deyəsiniz?
– Gülər Əhmədova!

– Kimin hədəfindəsiniz? Niyə bu qara zolağa düşmüsünüz?
– Birbaşa Ramiz Mehdiyevin hədəfindəyik. Üzərimizə Ramiz Mehdiyevin vasitəsilə bütün dövlət arsenalı gəlir. Hələ keçən ildən onun bizə qarşı məhkəməsi başlayıb. Ondan ilham alan bir çoxları da bizi məhkəməyə verib və cərimə qərarı çıxarıblar. Çıxarılan cərimə qərarlarını birbaşa Ramiz Mehdiyevin sifarişi ilə icraata yönəldiblər və bütün redaksiyanın əmlakını hərraca çıxarmaq üçün siyahıya alıblar. Biz bu haqda ictimaiyyətə və dünyanın bütün beynəlxalq qurumlarına xəbər vermişik. Görünür, Mehdiyev bir müddət başımızın altına yastıq qoyaraq bizi sakitləşdirməyə və öz əlaltılarının vasitəsilə uydurma şikayətlər toplamağa qərar verib. Görünən odur ki, Ramiz Mehdiyevin bizdən əl çəkmək niyyəti yoxdur!

Ramin DEKO