On doqquz il səhrada…

Hakimiyyət ciddi seçim və qərar qarşısındaca olanda sevinirəm. Inşallah ki, payızın gəlişi bunlar üçün fəsil və mövsüm dəyişikliyi olmayacaq, həm də  ciddi qərarların astanası olacaq. Ona görə sevinirəm ki, bunlar da əsəbi və narahat günlər yaşamalı olurlar. Əvvəllər deyilmişdi ki, bu ilin oktyabrında “Nabukko” ilə bağlı öz mövqelərini bildirməlidirlər. Indi gözləyək, hər halda oktyabra bir şey qalmayıb. O biri tərəfdən də N.Sarkozinin səfəri gözlənir və çox güman ki, bu səfərin də əsəbi notları olacaq. Amma yadıma bir gülməli detal düşdü. Həmin Sarkozi Ermənistanı Fransanın bacısı adlandırmışdı! O gün bu, yadıma düşdü və bir xeyli güldüm.

Bəs Sarkozi niyə gəlir? Prinsip etibarilə, o, cənubi Qafqaz bölgəsi üçün elə də təsadüfi adam deyil, Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidentidir. Amma Sarkozi başqa bir ölkəyə – Gürcüstana da səfər edəcək. Deməli, səfər təkcə Qarabağ problemi ilə məhdudlaşmayacaq, çox güman ki, Avropa ilə münasibətlər də müzakirə predmeti olacaq. Qarabağ probleminə gəldikdə, Rusiyanın da vasitəçiliyi o biri cəhdlər kimi oldu, dalana dirəndi. Problemin həll edilməməsi bir tərəfə, hər iki tərəfin çıxışlarında hərbi ritorika elementləri artdı. Deyirlər ki, guya o çıxışlar daxili auditoriyalara hesablanıb. Amma bu cür ritorikalardan elə bir xeyir gözləmək çətindir, bunun bir xeyri olsaydı bu vaxta qədər hamımız bu xeyri görərdik. Əksinə, ziyanı daha çoxdur, çünki hər iki tərəfin insanlarında bir qorxu yaradır. Hər halda, Sarkozi ilə görüşdə yəqin ki, Qarabağ məsələsi də yaddan çıxmayacaq, ona toxunulacaq. Amma mən bu səfərdən daha çox “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı aydınlaşma və açıqlamalar gözləyirəm və güman ki, bunlar da olacaq. Sonuncu rəsmi Bakının ağrılı yeridir, bunlar bu məsələni imkan daxilində uzatmaq, yubatmaq istəyirlər. Görək, nə olur…Ilahi, ordenləri kimlər paylayır?

Bu il müstəqilliyin 20-ci ilidir. Bu haqda çox düşünmüşəm. Amma bir detal heç ağlıma gəlməyib. Çox güman ki, yubileylə bağlı təltiflər də olacaq, xeyli adam orden-medal alacaq. Düzdür, hələ bu haqda eşitməmişəm, amma bu, mütləq olacaq, hər halda, belə düşünməyə məcburam. Bu ölkə tragikomik bir duruma gəlib çatıb. Müstəqillik uğrundaca çarpışanlar, ona səs verənlər indi məhbəsdədir. Elə çöldə olanların da halına acımaq lazımdır. Bəli, 20 il müstəqillik tarixi və 19 il üzücü müxalifət həyatı. Əsl tragikomediyadır, bu sizi ağrıtmırmı? Mən şəxsən bu ölkədə yaşamaqdan üzülürəm. Lakin başqa yol da yoxdur, yaşamağa məhkumuq. Sadəcə, mənə elə gəlir ki, bizlər xeyli kiçik, hətta özümüzdən də kiçik tanrılara tapındığımızdan həyatı məhz belə yaşamalı olduq, bu, bizim öz seçimimizdir.Siyasətin payız vədləri

Bəli, yayda bizə istilər, qışda və payızda isə soyuqlar mane olur, bunu qeyd etməyə məcburam. Bunu ona görə deyirəm ki, aprel məhbusları isti yayı və soyuq payızı məhbəsdə keçirməyə məhkumdurlar, gərək, bunu unutmayaq.

Əslində böyük tarixlərdə amnistiyalar, əfvlər olur. Bir az əvvəl bəhs etdiyim hadisə, müstəqilliyin 20 illiyi də böyük tarixdir. Bu hadisə ilə də bağlı bir əfv və amnistiya vermək olardı. Amma verəcəklərmi? Bilmirəm. Bu ölkədə heç nəyi irəlicədən proqnozlaşdırmaq olmur, çünki qaydasız və məntiqsiz ölkə durumuna gəlib çatıb. Bizim mövcudluğumuz bunlar üçün problemdir. Elə bir cəmiyyət, elə bir müxalifət istəyirlər ki, bunlara fövqəl insanlar kimi, lap şahlar kimi baxsın. Elə bizimkilərdən də bir neçə nəfər dözmədi və bunların sırasına qatıldı. Arabir ekranlarda da görünürlər. Amma mən onlara zərrə qədər də qibtə etmirəm, hətta onlara yazığım da gəlir. Bəylər, nə olsun, bir parça çörəyiniz, maşınınız, eviniz, bəlkə kiçik bir biznesiniz də var? Onları rahat ürəklə qəbul edə bilirsinizmi?… Maraqlıdır, siyasi fəaliyyətlə məşğul olduğum vaxt kimlərdən şübhələnmişdimsə onların hamısı elə hakimiyyətin adamı çıxdı. Amma mənə inanmırdılar. Bizim də əzablarımızın sonu olacaq. Musa peyğəmbər yəhudiləri qırx il səhrada dolandırıb. Hesab edək ki, bizim də qismətimiz budur…