Lənkəran Diaqnostik Mərkəzi uğrunda dava

Rayon hüquq-mühafizə orqanları basqınçılarla bir arada

Sirr deyil ki, Azərbaycanın əyalətlərində öz vəzifə borcunu vicdanla yerinə yetirən çox az sayda hüquq-mühafizə orqanı işçiləri var. Əksər prokurorlar, polis rəisləri, yaxud məhkəmə sədrləri onlara etibar edilmiş vəzifə səlahiyyətindən çox vaxt öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Lənkəran rayon prokuroru Ramiz Nəbiyev və rayon məhkəməsinin sədrinin bu kateqoriyanın hansına aid olduğunu çoxları bilir. Ramiz Nəbiyevin Lənkəran rayonundakı vəzifə səlahiyyəti artıq başa çatmaq üzrədir. Məsələ orasındadır ki, prokuror həqiqətən də fiziki və mənəvi cəhətdən çox yorulub. Artıq o, bir hüquqşünas kimi hadisələrə qiymət vermək, onları analiz edərək müvafiq qanuni qərarlar çıxarmaq iqtidarında deyil. Son vaxtlar prokurorun fəaliyyətsizliyi üzündən rayonda baş verən əsas cinayət hadisələri ona məruzə edilmədən ört-basdır edilir.

43 faiz payı ələ keçirmək planı

Haqqında danışdığımız “Maqa”, (əsl adı Mədətbəyov Məhəmməd  Şahmirzə oğlu) 2002-ci ildən Rusiyanın Ijevsk şəhərində fəaliyyət göstərən 5-ci Xüsusiləşmiş Vəkillər Kollegiyasının üzvüdür. O, 2007-ci ildə iki dəfə işlədiyi yerdə  vəkillikdən xaric edilsə də, 2009-cu ildə yenidən bu işə bərpa olunub. Hazırda, onu çox nadir hallarda Ijevsk şəhərində görmək olar. Mədətbəyovun çalışdığı Kollegiyanın müdiri L.Maslovun dediyinə görə, o, çox vaxt Azərbaycan məhkəmələrinə çıxır. Halbuki, Rusiya vəkillərinin ölkəmizdə vəkillik etmələri qanunla yasaqdır.
Hazırda “Maqa” Lənkərandadır və orada “Çinar-Rus MMC” adlanan müəssisənin rusiyalı həmtəsisçisi Jeludkova Irina Iqorevna adlı bir qadının etibarnamə əsasında hüquqlarını müdafiə edir. I.Jeludkova 2003-cü ilin iyun ayının ortalarına qədər Rusiyanın Ijevsk şəhərində yaşayıb və Ijevsk şəhrində vaxtilə fəaliyyət göstərmiş “Svyazoborudovaniye” MMC-nin rəhbəri olub.
O, 2002-ci ilin əvvəllərində Lənkəran şəhərində yaradılmış “Çinar-Rus MMC” Azərbaycan-Rusiya müştərək müəsisəsinin iki təsisçisindən biri olub.
Digər təsisçi isə Lənkəran rayon sakini Bağırov Rəşid Dadaş oğludur. Onun müəsisədəki payı 57% təşkil edir. Müştərək müəssisə yaradılandan sonra hər iki təsisçinin birgə qərarı ilə Bağırov Talıb Rəşid oğlu direktor təyin edilir. Direktor təyin ediləndən sonra Jeludkova yenidən Ijevsk şəhərinə qayıtsa da 2003-cü ilin iyun ayının ortalarında məlum olur ki, o “yoxa çıxıb”. Onu Rusiya və Azərbaycanda “gördüm” deyən olmayıb. Bundan istifadə edən digər həmtəsisçi R.Bağırov Jeludkovanın 43 % payını ələ keçirmək üçün Bağırov Talıbdan tələb edir ki, saxta sənədlər yolu ilə həmin xanımın payını onun adına keçirsin. Jeludkovanın təyin etdiyi direktor Bağırov Talıb isə doğma atası olan Rəşidi bu cinayətdən yayındırmaq istəyərək Jeludkovanın əmlak payını qorumağa cəhd edir. Nəticədə R.Bağırov oğlunu direktorluqdan çıxarmaq istəyir. Jeludkovanın əmlak payını qanun yoluyla ələ keçirə bilməyən R.Bağırov təbii ki, müəssisənin direktoru T.Bağırovu da vəzifədən qanun yolu ilə kənarlaşdıra bilmir, bunun üçün Jeludkovanın da razılığı olmalı idi.
R.Bağırov birtərəfli surətdə direktoru işdən kənarlaşdırmaq üçün iddia ilə Lənkəran rayon məhkəməsinə müraciət edir. Lakin direktorun işdən çıxarılması mexanizmi “Çinar-Rus” MMC-nin nizamnaməsi və təsis müqaviləsində nəzərdə tutulduğundan hətta məhkəmə də R.Bağırova yardım edə bilmir. Vəziyyətdən heç bir qanunu çıxış görməyən R.Bağırov saxtakarlıq və zorakılıq metoduna keçmək qərarına gəlir və vaxtilə Ijevsk şəhərində Rəşid kişinin digər oğlu Rzaqulu ilə dostluq etmiş “Maqa” ləqəbli vəkil yada düşür. “Maqa” R.Bağırova bu işdə yardım edəcəyini bildirir.

“Maqa”nın saxta etibarnaməsi

“Maqa” təsisçi Bağırovla planlaşdıraraq Jeludkovanın adından saxta etibarnamə tərtib etmək yoluyla məhkəmə və s. orqanları aldatmaq qərarına gəlir. Beləliklə, Mədətbəyov Məhəmməd 01 iyul 2011-ci il tarixdə Ijevsk şəhərində mövcud olmuş “Svyazoborudovaniye”nın direktoru, hazırda isə “Çinar-Rus” MMC-nin həmtəsisçisi I.Jeludkovanın adından kompüter qrafikası ilə saxta etibarnamə tərtib edərək Lənkəran şəhərinə gəlir. Lakin etibarnamənin həqiqiliyi şübhə yaratmasın deyə, 1 saylı Dövlət Notariusu ilə danışaraq etibarnaməyə ikinci möhürü vurdurur. Bundan sonra o, rayon məhkəməsindən tutumuş, prokurorluğa qədər hamıya özünü I.Jeludkovanın səlahiyyətli nümayəndəsi kimi təqdim edərək yalnız həmtəsisçi R.Bağırovun xeyrinə işlər görməyə başlayır. Maqa rayonun hüquq-mühafizə orqanlarını da zərərsizləşdirmək məqsədilə lazım olan şəxslərə “baxım-görüm” edir. Rayonun hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq və məhkəmə sədri Irina xanımın səlahiyyətli nümayəndəsinin üzünə bütün qapıları açır.
Rus dilində tərtib olunmuş protokolların qrammatik cəhətdən savadsızlığı, protokol və etibarnamənin üzərindəki imza və möhürlərin şübhəli olması direktor T.Bağırovu şübhəyə saldığından, o, həqiqəti öyrənmək üçün Ijevsk şəhərinə uçaraq orada vəkillərin yardımı ilə araşdırma aparır.
Alınan rəsmi cavablardan məlum olur ki, Maqanın prokurorluq və məhkəməyə təqdim etdiyi protokollar, etibarnamə saxtadır. Udmurtiya Respublikası Daxili Işlər Nazirliyindən Azərbaycana rəsmi arayış daxil olur ki, I.Jeludkova adlı  qadın, umumiyyətlə, Udmurtiya Respublikasında qeydə alınmayıb. Udmurtiya Respublikası Daxili Işlər Nazirliyinin rəsmi arayışından görünür ki, Ijevsk şəhəri, Oktyabr rayon  prokuroru həmin saxta etibarnamə faktı üzrə cinayət işi qaldırmaq barədə polis bölməsinə tapşırıq verib. T.Bağırov bu barədə rayon məhkəməsinə və rayon prokurorluğuna məlumat verir. Sonra isə bu işə Udmurtiyanın Baş prokurorluğu qarışır və işi araşdırmaq üçün həmin Respublikanın Daxili Işlər Nazirliyinə göstəriş verir.
Lakin Lənkəran rayon prokuroru  Ramiz müəllim, “Maqa”nı şəxsən müdafiə edir. “Maqa” həmin saxta etibarnamədən istifadə edərək məhkəmələrdə iddialar qaldıraraq “Çinar-Rus” MMC-nin rusiyalı həmtəsisçisi I.Jeludkovanın “Çinar-Rus” MMC-dəki 43% payı və sair əmlakını digər təsisçi R.Bağırovun mülkiyyətinə vermək üçün aktiv hərəkətə keçir.

Diaqnostik Mərkəzə basqın

“Maqa” R.Bağırovun direktor T.Bağırova qarşı məhkəmədə iddia qaldırdığı və məhkəmə sədrinin müəssisənin bütün avadanlıqları üzərinə məhkəmə tərəfindən həbs qoyulduğuna hirslənir və R.Bağırova məsləhət bilir ki, polis və prokurorla danışıb məhkəmə qətnaməsi olmadan da T.Bağırovu  zorla “Çinar-Rus” MMC-nin balansında olan Diaqnostik Mərkəz-in inzibati binasından çıxarsın. “Maqa”nın məsləhəti 85 yaşlı R.Bağırov və onun yaxınlarının ağlına batır. Maqa əvvəl rayon prokuroru və yerli polis şöbəsinin rəisilə danışaraq əməliyyat üçün 10-15 nəfər polis işçisi istəyir. Basqından bir gün öncə Maqa R.Bağırovun yaxınlarından ibarət dəstə təşkil edir. 11 iyul 2011-ci ildə Maqa, R.Bağırov, Rəşidin digər oğlu Rzaqulu, iki kürəkəni Zahid və Kərim, nəvəsi Amid 10-15-nəfər polis əməkdaşının yardımı ilə “Çinar-Rus” MMC-nin Lənkəran şəhər Mirmustafaxan küçəsi-72 ünvanda yerləşən tibb mərkəzi sayılan 3 mərtəbəli Diaqnostik Mərkəzə  basqın təşkil edir.

Prokuror ərizə almaq belə, istəmirdi

Basqınçılar tibb mərkəzində müalicə olunan xəstələrin və polisin gözü qarşısında zorla binaya girərək Talıb Bağırovu döyərək onun möhürünü və sair mühüm sənədləri, habelə onun şəxsi əmlakını da talan edərək oranı zəbt edir. Basqın zamanı, eyni zamanda  həmin tibb müəssisəsində  işlədilən narkotik tərkibli dərmanların bir qismi oğurlanır, seyflər sındırılır və T.Bağırovun külli miqdarda şəxsi əmlakı talan edilir. Basqın zamanı tibb mərkəzində müalicə olunan xəstələr şok vəziyyətinə düşür.
Maqa isə “Mən Jeludkovanın nümayəndəsiyəm, Talıb müəllim, sən burdan çıxmalısan” deyə qışqıraraq direktora bədən xəsarəti yetirir.
Hadisə vaxtı döyülərək talan edilmiş direktor T.Bağırov basqınçılardan birtəhər canını qurtararaq sadəlöhvcəsinə  prokurorun yanına qaçır və ondan yardım istəyir. Prokuror isə bir cümlə- “Talıb müəllim, get evə” deyir. Direktor basqına məruz qalmış Diaqnostik mərkəzdəki narkotika tərkibli dərman preparatlarının basqınçıların əlinə keçməməsi üçün tədbir görülməsini bir həkim kimi təkrarən prokurordan  xahiş edir. Prokuror bu fakta da reaksiya vermir. Prokuror, hətta Talıbdan ərizə almaq da istəmir. Direktor ərizəni öz maşınında  tələm-tələsik yazaraq poçta atır. Maqa isə televiziyaya çıxaraq öz hərəkətinə qanuni bəraət qazandırmaq istəsə də, ictimaiyyəti aldada bilməz.

Sosial şöbə