Diktatorlara qarşı şiddət nəyin başlanğıcıdır?

Sarkozinin bəyanatı Qərbin mövqeyini ifadə edir Rahim Hacıyev: «Demokratiyaya dəstəyin açıq şəkildə nümayiş etdirilməsi göstərir ki, demokratik dünya diktatorlara dözmək fikrində deyil»

Ərəb inqilablarında Qərbin tutduğu mövqe, demokratiya arzusunda olan xalqların yanında olmaq siyasəti digər avtoritarlara münasibətdə də dəyişməyib. Son bir neçə ayda dünya nüfuz sahibi olan dövlət və hökumət başçılarının, o cümlədən Türkiyə rəhbərliyinin diktatorlar və avtoritar rejimlər barədə səsləndirdiyi fikirlər bunu deməyə əsas verir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Abdulla Gül avtoritar rejim rəhbərlərinin hakimiyyətdən getməli olduğunu, eyni zamanda özlərinin xalqların yanında olacaqlarını dilə gətirmişdi. Baş nazir Ərdoğan isə Türkiyənin bölgədə və dünyada demokratikləşmə yönündəki hər cür iradəyə lazım olan bütün dəstəyi verməyə hazır olduğunu bildirib. O, ölkəsinin avtoritar sistemlərin qarşısında olduğunu da xüsusi vurğulayıb. Bundan əlavə, Avropa Birliyində əsas söz sahiblərindən biri olan Fransa prezidenti Nikola Sarkozi bütün diktatorlara sərt xəbərdarlıq edib. O, xalqın iradəsinə qarşı çıxanların cəzasının ağır olacağını deyib. Sarkozi bildirib ki, harada gizlənməsindən asılı olmayaraq bütün diktatorlar ədalət qarşısında cavab verməli olacaq. Şübhəsiz ki, bu və ondan əvvəl səslənən analoji mesajlarda Azərbaycanın da payı var. Bəs diktatorlara qarşı getdikcə artan bu şiddət nədən xəbər verir?
Siyasi ekspert Rahim Hacıyev son dövrlərdə demokratikləşmənin qlobal miqyas aldığını deyir. Bir tərəfdən xalqların azadlıq uğrunda mübarizəsi, qanunun aliliyinin təmin olunduğu dövlətdə yaşamaq istəyi, digər tərəfdən Qərbin dəstəyi bu prosesin çox böyük vüsət almasına səbəb olub.
Ekspertin fikrincə, artıq Qərb bu qərarında qətidir. Çünki bilavasitə universal dəyərlərin bərqərar olması dünyanın qarşısında duran problemlərin həllinə müstəsna təsir göstərə bilər. Nə qədər ki, qanunun işləmədiyi, haqqın, ədalətin bərqərar olmadığı ölkələr olacaq, nə dünyada sabitliyi, nə də bəşəriyyətin inkişafını təmin etmək mümkün olacaq. Bu səbəbdən də qərara alınıb ki, demokratikləşmə prosesinə, demokratiya uğrunda mübarizə aparan insanlara birmənalı dəstək verilməlidir. Onlar dəstəklənməlidir ki, dünya daha da demokratik olsun.
Ekspertin sözlərinə görə, son dövrlərdəki çağırışlar müəyyənləşdirilmiş strategiyanın prinsiplərinə uyğundur. Demokratiyaya dəstəyin açıq şəkildə nümayiş etdirilməsi və hətta sərt addımların atılması göstərir ki, demokratik dünya artıq diktatorlara dözmək fikrində deyil. Bu proseslərdə Fransa ciddi rol oynayır. Fransa prezidentinin bəyanatı Qərb dünyasının mövqeyi kimi qəbul olunmalıdır. Artıq diktatorlarsız dünya yaradılması üçün xalqlara hər cür dəstək verilməsi prosesi gedir və bu, sona qədər də davam edəcək.

Fizzə