Məhkəmədə yalançı polis şahidlərin dili topuq çaldı, zərərçəkənlərdən biri ona dəyən zərəri tələb etməkdən imtina etdi
2 aprel aksiyasının təşkilatçılığında ittiham olunan 4 nəfərin – Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin və Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslının işi üzrə dünən Səbail Rayon Məhkəməsində növbəti proses keçirildi.
“Səs-küy”
Budəfəki prosesdə şahid və zərərçəkən kimi tanınanlar ifadə verdi. Ilk dindirilən Sabunçu rayon polis idarəsinin polis nəfəri Eyvaz Hüseynov adlı şahid oldu. O, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbs olunmasına gülməli bir şahidlik etdi. Eyvazov dedi ki, 2 apreldə kütləni dağıtdıqdan sonra “Tarqovı”dakı keçidin yanında bir-iki nəfərin qaldığını görüblər: “Yaxınlaşanda o bir-iki nəfərdən birinin milləti yığıb səs-küy etdiyini gördük, buna görə onu saxladılar”.
Fuad Qəhrəmanlı ondan səs-küy edib nələr dediyini soruşsa da şahidin cavabı olmadı. Şahiddən Fuad Qəhrəmanlının aksiyada zorakılıq, qanunlara etinasızlıq, polisə müqavimət kimi hərəkət edib-etmədiyi soruşuldu. O, nə F.Qəhrəmanlının, nə də o biri vicdan məhbuslarının elə hərəkətinə şahidlik etmədiyini dedi. Bu zaman vəkillər onun istintaqa verdiyi ifadəni elan etdilər. Ifadədə şahid məhkəmədə dediklərinin əksini yazmışdı. Orda göstərilirdi ki, Fuad Qəhrəmanlı əhalini kütləvi iğtişaşa və qanunsuz hərəkətlər etməyə çağırır. Iğtişaş nədir – sualına polis yenə “səs-küy salmaqdır” deyəndə hər kəsin sifətinə gülüş qondu.
Hakimin dili zəhərə dönür
Axı bu səs-küyün mahiyyətində nə durur – sualını yenə də ümumi sözlərlə şahid başından etmək istədikdə hakim Famil Nəsibov coşaraq ona: “Eşitmə qabiliyyətin var? Azərbaycan dilini bilirsən? Sənə ali riyaziyyatdan sual verirlər?” kimi acı sözlər dedi.
Şahid özünü kor və kar kimi aparır
Bundan sonra Məhəmməd Məcidli şahiddən istintaq və məhkəmədəki ifadələri arasındakı ziddiyyəti aradan qaldırmaq üçün F.Qəhrəmanlının hansı qanunsuz hərəkət etdiyini soruşdu. Şahidin cavabını şok saymaq olardı: “O, camaatı başına yığıb söhbət edirdi”. Nə barədə söhbət edirdi sualına cavabı isə “eşitmirdim” oldu.
Şahidin iki cümlədən bir öz-özünü təkzib etdiyinə görə müdafiə tərəfi iddia etdi ki, onun istintaqda verdiyi ifadəni özü yazmayıb. Polis etiraz edəndə vəkillər təklif etdi ki, o, öz yazdığı ifadəni oxusun. Lakin şahid gözünün zəifliyini bəhanə edib oxumaqdan imtina etdi. Az sonra o, telefonuna gələn SMS-i oxuyanda, zalda oturan AXCP fəalı Təzəxan Mirələmli diqqəti bu fakta çəkmək üçün hakimə müraciət etdi. Mirələmli bildirdi ki, şahid istintaqdakı ifadəsini burada rüsvay olmamaq üçün qəsdən oxumur. Hakim isə şahidin qeyri-səmimiliyinə heç bir irad bildirmədən T.Mirələmlinin zaldan çıxarılmasına göstəriş verdi.
“YAP-çılar, ibrət alın”
Bu arada Tural Abbaslı, məhkəməsi gedən 2 aprel məhbusu Ülvü Quliyevin YAP-dan imtina edib Müsavata qoşulmaq barədə verdiyi qərarı məmnunluqla qarşıladığı barədə qısa çıxış etdi. O, bütün YAP-çı gəncləri Ülvüdən nümunə götürməyə çağırdı.
Prokuror yol göstərir
Nəsimi rayon polis idarəsinin polis nəfəri, Rafiq Muradov zərərçəkən kimi ifadə verdi. O, aksiyada müttəhim kürsüsündə əyləşənləri görmədiyini, onlardan xəsarət almadığını dedi. Muradov əlinin arxasından xəsarət aldığını bildirdi. Vəkil Osman Kazımov “Normal vəziyyətdə sən əllərini çölə açıb gəzirsən?” deyə soruşdu.
Bu arada prokuror “bəli”, ya da “yox” deməsi üçün bu şahidə işarələr edirdi.
T.Abbaslı dedi ki, bu adamın ifadəsindən məlum olur ki, o, heç hadisə yerində olmayıb. T.Abbaslı R.Muradovun ifadəsinin istintaq materialları arasından çıxarılmasına dair vəsatət verdi. Hakim vəsatəti qəbul etmədi.
Iddia var, ərizə yox
“Qasid” mətbuat yayımı şirkətinin nümayəndəsi Elman Əhmədov mitinq günü qəzet köşkünün şüşəsinin sındırıldığını dedi.
Vəkil Nemət Kərimli bildirdi ki, Əhmədovun mülki iddia ərizəsi olmadığından onun bu prosesə dəxli yoxdur. Arif Hacılı da vəkilin mövqeyiini bölüşdü: “Bizə qarşı iddia qaldırmayıbsa, necə bizdən nə isə tələb edə bilərsiniz?”. O biri vəkillər bu məqama görə zərərçəkənin nümayəndəsinə sual verməkdən imtina etdilər.
Polis dava salır
Nəsimi PPX-nin əməkdaşı Məcid Yusifov aldığı ağır xəsarətdən 7 gün reanimasiyada yatdığını dedi. O, hadisə zamanı “Nizami” kinoteatrının qarşısında olduğunu bildirdi. A.Hacılı dedi ki, həmin ərazidə çoxlu kameralar var. O isə bildirdi ki, onu vuran adamın kimliyini müəyyən etmək üçün heç bir şey etməyib: “Məni vuranları tapacaqlar. Tapmasalar da siz cavabdehsiniz. Aksiyanı siz təşkil etmisiniz”. A.Hacılı M.Yusifovun polis olduğunu ona xatırlatdı və siyasi çıxışları bir tərəfə qoymağı tapşırdı.
Bu zaman zərərçəkənlə T.Abbaslı arasında mübahisə yarandı. M.Yusifov A.Hacılı və T.Abbaslıya qarşı təhqiramız ifadələr işlətdi. Proses idarəolunmaz oldu. M.Yusifov hirsindən sağ ayağını qaldırıb zərblə döşəməyə çırpdı. Onları əlbəyaxa olmaqdan ədliyyə işçiləri xilas etdi. Iştirakçıların etirazı ilə zərərçəkən zaldan uzaqlaşdırıldı. Hakim fasilə elan etdi.
Məhəmməd Məcidlidən təbrik var
Fasilə zamanı AXCP funksioneri Məhəmməd Məcidli jurnalistlərə Bakının Türk-Islam Ordusu tərəfindən azad edilməsi münasibəti ilə təbriklərini ictimaiyyətə çatdırmağı xahiş etdi. Bu günün Azərbaycan tarixində önəmini qeyd edən M.Məcidli hakimiyyətin “15 sentyabr”a qısqanc münasibətini antimilli addım kimi dəyərləndirdi: “15 sentyabra və Məhəmməd Əmin Rəsulzadəyə qısqanclıqla yanaşan hakimiyyət mənsubları anlamalıdırlar ki, bu iki fakt olmasaydı indi nə onlar vardı, nə də tutduqları kürsü”.
Hakim qanunsuzluq etməkdən çəkinmədiyini deyir
Mağazalardan birinin sahibi Etibar Məmmədov isə bildirdi ki, obyektin şüşələrini “çeçenka” papaqlı 5-6 adam sındırıb. O bildirdi ki, sınan şüşələri bərpa etmək ona 580 manata başa gəlsə də, ekspertiza 370 manat yazıb.
N.Kərimli dedi ki, E.Məmmədov iddia ərizəsi yox, mülki iddiaçı qismində tanınması üçün ərizə verib. Bu səbəbdən də mülki iddiaçı ola bilməz: “Onun ifadəsi çıxarılmalıdır”.
F.Qəhrəmanlı hakimə dedi ki, iş Avropa Məhkəməsinə çıxacaq, çalışın az səhvə yol verin. Hakim etinasız halda “mənə görə narahat olmayın” söylədi.
Mülki iddiaçılarla bağlı məsələnin müzakirəsi zamanı hakimin vəkillərə xitabən “əziyyət çəkib cinayət işini yaxşı oxuyub öyrənərdiniz ki, burda belə vəziyyət yaranmasın” deməsi Osman Kazımovun reaksiyasına səbəb oldu. O, hakimi etik qaydalara əməl etməməkdə, vəkilləri ictimaiyyətin qarşısında gözdən salmaqda günahlandırdı.
Vəkilə danışmağa imkan verilmir
Osman Kazımov aksiya günü şüşələrin qırılmasına polisin təxribat əməliyyatı kimi arayış vermək istədikdə hakim onun sözünü kəsdi. Vəkil bildirdi ki, Cinayət Prosessual Məcəllənin 92-ci maddəsi ona arayış vermək hüququnu tanıyıb. Hakim dedi ki, o, arayış verməyə icazə vermir.
Boykot
DIN-in Avtomobil Təsərrüfatının nümayəndəsi Ilqar Məmmədov zərərçəkən və mülki iddiaçı kimi məhkəmədə ifadə versə də vicdan məhbusları və vəkillər ona sual verməkdən imtina etdilər. Təsərrüfatına aksiya günü 8ÿ086 manat ziyan dəydiyini deyən Məmmədov o səbəbdən boykot olundu ki, onun məhkəmədə hansı statusda ifadə verdiyini hakim və prokuror aydınlaşdırmadı.
Çünki adamın mülki məsələ ilə bağlı iddia ərizəsi olmadığı halda, istintaq onu mülki iddiaçı kimi tanımışdı. Hakimdən bu absurd vəziyyətə münasibət bildirmək tələb olunanda o dedi ki, mülki iddia ilə bağlı məsələyə sonda məhkəmə müşavirəsində qiymət verəcək. Bu halda sual yarandı: Olmayan iddiaya hakim necə qiymət verə biləcək? Hakimin bu arqumentə heç bir cavabı olmadı.
Nümayəndə dalana dirənir
Zərərçəkən kimi tanınan fiziki şəxs Şahnisə Məmmədovanın nümayəndəsi isə ifadəsində dedi ki, aksiya günü saat 13-14 arası onların 234 və 242 saylı marşrutlarının fəaliyyət qrafiki pozulub. Bunun nəticəsi kimi onlara 850 manat ziyan dəyib.
Vəkil Ilqar Musayev nümayəndənin mülki iddiasının “2 aprelçilərin” başa çatan bir prosesdə təmin olunduğunu xatırladaraq onu məhkəməyə hörmətsizlik etməkdə və əsassız yerə vaxt almaqda suçladı. Vəkil nümayəndəyə bildirdi ki, o, bir hüquqşünas kimi Ş.Məmmədovaya başa salmağa borcludur ki, eyni bir mülki iddia bir prosesdə təmin edilibsə, başqa proseslərdə bu iddiadan əl çəkilməlidir. Nümayəndə vəkilin bu iradına sükutu ilə cavab verdi. O, eyni zamanda haqqında danışdığı marşrutların gündəlik planı, iş saatı, hərəkət sxemi barədə vacib sualları cavablandıra bilmədi. Vəkil Osman Kazımov vəsatət verərək qoyulan suallara cavab verilməsi üçün Ş.Məmmədovanın məhkəməyə arayış təqdim etməsini xahiş etdi. Lakin hakim vəsatəti rədd etdi.
O.Kazımov daha bir həmləylə “zərərçəkənin” nümayəndəsini dalana dirədi. O, soruşdu: “Istintaq materiallarının hamısında aksiyanın saat 14-16 aralığında keçirildiyi göstərilir. Siz isə deyirsiniz ki, avtobuslar 13-14 arasında tıxacda olub. Buna nə izah verərsiniz”.
Uzun duruxmadan sonra cavab belə oldu: “Heç bir izahım yoxdur. Izah verə bilmərəm”.
Korrupsiya izi
Arif Hacılı və Tural Abbaslı isə 1 saatlıq tıxaca görə itirildiyi iddia olunan məbləğın kifayət qədər iri olmasına diqqət çəkərək, burda korrupsiya halının olduğunu dedilər. Onlar tələb etdilər ki, tıxaca görə itirildiyi iddia olunan məbləğın real olmasına inam yaranması üçün Ş.Məmmədova gəlir və vergiləri barədə məhkəməyə sənəd təqdim etməlidir. Vicdan məhbusları bildirdi ki, hakim bu məsələyə ciddi korrupsiya faktı kimi yanaşmalıdır. Lakin hakim bu vəsatəti də müzakirəsiz rədd etdi.
O qızı tapın…
“2 aprel” məhbuslarına qarşı keçirilən və başa çatan bir prosesdə də Şahnisənin iddiaçı olduğunu və məhkəmənin təkidli dəvətlərinə baxmayaraq bir dəfə də olsun iclasa gəlmədiyini deyən vəkil Ilqar Məmmədov onu “dəmir ledi” kimi qiymətləndirdi. O, vəsatət verərək hakimdən xahiş etdi ki, Ş.Məmmədovanın iclasa gətirilməsini təmin etsin. Dövlət ittihamçısı bu vəsatətə “yox” desə də, hakim onu qəbul etdi. Lakin O. Kazımov dedi ki, hakim bu işi bacarmayacaq.
Əhəd Məmmədlinin ayağının qüdrəti
Nəsimi Rayon Məhkəməsində “2 aprelçi” gənc fəallardan Əhəd Məmmədlinin üzünə duran polis serjantı Ilham Zamanov bu prosesdə də “zərərçəkən” kimi ifadə verdi. O, burda da köhnə bayatılarını təkrar etdi. Əhədin onun ayağını əzdiyini deyən serjant bunun necə baş verdiyini izah edərkən gülünc vəziyyətə düşdü. O özü etiraf etdi ki, həmin vaxt ayağında uzunboğaz çəkmə və dizindən yuxarıya qədər xüsusi qoruyucusu olub, Əhədi isə arxadan qucaqlayaraq tutub.
“Belə olanda, axı o, sənin ayağını necə əzə bilərdi” – Tural Abbaslının bu sualına şahid polis nəm-nüm etdi.
Vicdanın dilə gəlməsi
Məhkəmədə sensasiya yaradan isə “Misret komp” kompüter mərkəzinin Əmiraslan Əliyev adlı müdiri oldu. O, aksiya günü mağazasına asfalt qırığı tulladıldığını və həmin daşın mağazasının şüşəsini, eləcədə 3 kompüterin monitorunu zədələdiyini dedi.
Min manatadək ziyana düşdüyünü deyən Əmiraslan vicdan məhbuslarına qarşı heç bir iddiası olmadığını açıqladı. O dedi ki, mülki iddiadan imtina edir, çünki burda oturanların heç birinin daş atıb şüşə qırmasına inanmır. Əmiraslanova imtina barədə ərizə yazmaq təklif olundu, o, məmnuniyyətlə razılaşdı. Onun obyektiv mövqeyi və jestini vicdan məbusları və zaldakılar rəğbətlə qarşıladı.
Tural Abbaslının müşayiətçiləri
Sonda şahid kimi Yasamal rayon Post-Patrol Xidməti bölüyünün polis nəfərləri Maarif Kazımov və Elxan Mahmudov dindirildilər. Onlar Tural Abbaslını aksiyada saxlanıldıqdan sonra idarəyə aparmaqla məşğul olublar. Şahidlər Turalın aksiyada hər hansı hərəkətini görmədiklərini, onun təşkilatçılıq və rəhbərlik əməllərindən məlumatsız olduqlarını bildirdilər. Onlar bölməyə aparılarkən Turalın heç bir müqaviməti və zorakılığı ilə üzləşmədiklərini də dedilər.
Məhkəmə sentyabrın 19-u saat 10:30-dək təxirə salındı.
Natiq Güləhmədoğlu