Əliyevin keçmiş vəkili icra başçısını ifşa etdi

Süleyman Mikayılov Heydər Əliyev parkındakı muzeyi çayxanaya çevirib, eyni iş üçün 3 mənbədən vəsait toplayıb

Rayonun kanalizasiya sisteminin yenidən qurulması üçün 36 milyon manat pul göyə sovrulub

Lökbatan qəsəbə sakini, vaxtilə indiki dövlət başçısı İlham Əliyevin vəkili olmuş A.Ağayev “Azadlıq”a şikayət məktubu göndərib. Məktubda deyilir:”Qaradağ rayon icra başçısı Süleyman Mikayılov təyin olunduğu ilk gündən Lökbatan qəsəbəsindəki erməni qəbristanlığını asfaltlaşdırdı.
O vaxta qədər qəsəbəyə asfalt döşənməmişdi. Sonra isə Səngəçal qəsəbəsində xristian qəbristanlığını dağıtdı.
İcra başçısı qəsəbədə yeni parkın təmirini iş adamlarının maliyyə vəsaiti hesabına apardı, ətrafdakı binaları təmir etdirdi. Həmin binalar Neft Şirkətinin balansında
olduğu üçün şirkətdən bu məqsədlə maliyyə vəsaiti alındı. Dövlət büdcəsindən də park və 28 May küçəsinin abadlaşdırılmasına xeyli vəsait xərcləndi. Beləliklə, üç maliyyə mənbəyindən eyni məqsəd üçün pul xərcləndi.
Abadlıq adı altında bütün qəsəbələrdə sahibkarlara məxsus obyektlər sökülərək yenidən pul alınmaqla başqa formada tikildi. Aparılan işlərsə başdansovdu və bərbad haldadır. Küçələrə salınan asfalt örtüyü keyfiyyətsiz olduğu üçün davam gətirməyərək dağılır. 2010-cu ildə icra başçısının dediyinə görə 2 təmizləyici qurğu tikmək məqsədilə və kanalizasiya sisteminin yenidən qurulması üçün 36 milyon manat pul ayrılıb. Lakin kanalizasiya və təmizləyici qurğu tikilməyib. Rayona sahibsizlik nəticəsində qanunsuz ərazidə 3 qəsəbə salınıb”.
Şikayətçi qeyd edib ki, Sahil qəsəbəsindən əlavə, heç bir qəsəbədə çirkab sularının təmizlənməsi üçün qurğu yoxdur.
Su anbarı yoxdur, Lökbatandakı yerləşən yeganə su anbarı qəzalı vəziyyətdədir. O partlasa, xeyli insan tələfatıyla nəticələnə bilər. Sular təmizlənmədən kanallar vasitəsilə dənizə axıdılır. Şikayətçi yazır ki, icra başçısı Heydər Əliyev parkındakı muzeyi çayxanaya çevirib. 19 saylı poliklinikanın qarşısında Milli Qəhrəmanın adına ucaldılmış postamentə bu günə kimi heykəl qoyulmayıb. Lökbatandakı
15 saylı kolxoz bazarını öz yaxın adamlarının adına özəlləşdirərək, oradakı ticarət obyektlərini ələ keçirib. Prezident İlham Əliyev Qaradağın deputatı olarkən tikdirdiyi bir neçə məişət obyektini şəxsmi ticarət obyektlərinə çevirib. Rayonda vəziyyətin dözülməz hala çatdığını bildirən A.Ağayev bildirib ki, məmurlar çaşıblar, xalqa zülm
edirlər, onlar ölkə başçısını da aldadırlar.
“Cəzasızlıqdan məst olan məmurlar reallıq hissini itirib.
Bir sözlə, rayonda hərc-mərclikdir”.

Sosial şöbə