Bir neçə il əvvəlin söhbətidir. Əslən Qarabağdan olan bir dostumuzun atası rəhmətə getmişdi. Hüzrə getdik. Dostumuz bizi yas çadırının önündə qarşıladı. Başsağlığımızı qəbul edəndən sonra ilk sözü bu oldu: “Kişini Qarabağ dərdi apardı”. Dostumuzun 50-yə yaxın yaşı vardı. Məlum oldu ki, atası da 79 yaşında dünyasını dəyişib. Başa düşmədim ki, bunun Qarabağ dərdinə nə dəxli vardı, adam daha nə qədər yaşamaq istəyirmiş? Ölkədə orta yaş həddi 72-dir, bu isə 79 yaşında ölüb, başqa nə istəyir?
Məsələn, mənim atam dünyasını dəyişəndə 57 yaşı vardı, belə çıxırdı ki, onu Qarabağ dərdi ilə Təbriz həsrəti, Borçalı nisgili, Dərbənd yanğısı birləşib daha tez aparmışdı? Mən həmin gün dostumuzdan çox iyrəndim. Çünki o, bu sözləri yas məclisinə gələn hər kəsə təkrarlamaqdan yorulmamış, üstəlik, bir neçə gün sonra atasının xatirəsinə yazdığı yazıda da iri şriftlərlə oxucunun gözünə soxmuşdu. Bəli, bu ölkədə adamlar “Qarabağ dərdi” ilə çox asanlıqla alver edə bilirlər. “Qarabağ dərdi”nin arxasında gizlənib korrupsiya ilə məşğul olmaq, rüşvət almaq, özünü dəhşətli dərəcədə vətənpərvər, millət və dövlət fədaisi göstərmək, xal qazanmaq, qız və oxucu tutmaq bir növ ənənəyə çevrilib.
Davam edək. Bu yaxınlarda bir muğam ustasının müsahibəsini oxuyurdum. O, yanıqlı-yanıqlı Qarabağ həsrətindən danışırdı. Təəssüf ki, qəzet səhifəsində segah çəkmək mümkün deyildi, yoxsa arada bir-iki ağız zilə də qalxardı. Muğam ustasının dedikləri arasında adama ən çox od qoyan isə bu sözləri idi: “Mənim saçlarımı Qarabağ dərdi ağartdı”. Ən gülməlisi o idi ki, onun müsahibəyə yerləşdirilən şəklindən saçında bir dənə də ağ tük olmadığı görünürdü.Lap deyək ki, onun saçları həqiqətən də son tükünədək ağarmışdı. Buna mütləq düşük bir don geyindirmək nəyə lazımdır axı? Adama deyərlər, sənin saçın Qarabağ dərdindən ağarıb, bəs Adnan Şənsəsin saçı niyə ağarıb? Bəlkə ingilislərin, fransızların saçı ağarmır?
Daha pisi odur ki, bu muğam ustası illər əvvəl – müxalifətin etiraz aksiyalarının şıdırğı vaxtı AzTV-də mitinqlər əleyhinə xeyli döşəmiş, mitinq keçirməyi “milli maraqların satılması” adlandırmış və demişdi: “Müxalifəti hakimiyyətə gəlməkdən başqa heç nə maraqlandırmır. Maraqlandırsaydı, bir dəfə də Qarabağ üçün mitinq keçirərdilər”. Halbuki bu adamın haqqında danışdığı mitinq elə “Qarabağ, iş, çörək” şüarı ilə keçirilirdi. Bax belə.
***
Bəli, bu gün kimi dindirsən, məlum olacaq ki, beli Qarabağ dərdindən bükülüb. Dişi Qarabağ dərdinə görə tökülüb. Gözü Qarabağ dərdinə görə zəifləyib. Ağlı Qarabağ dərdinə görə azalıb.
Amma siz heç görmüsünüzmü, bu ölkədə kimsə Qarabağ dərdinə görə Ilham Əliyevə yüzlərlə teleqram vursun, axırda da desin ki, mənim şikayətlərimə cavab verən yoxdur. Hamı iş, çörək tələbi ilə, məhkəmələrin haqsızlığı, məmur özbaşınalığından boğaza yığılması barədə şikayət məktubu yazır, amma sonra məlum olur ki, bunun saçları Qarabağ dərdindən ağarıb, ürəyi Qarabağ dərdindən infarkt olub.
Hansı şairin kitabını açsan Qarabağ dərdinin fontan vurduğunu görəcəksən. Hansı ziyalıya mikrafon uzatsan, Qarabağ deyib mələyəcək. Amma siz onları bir dəfə də Qarabağ dərdi haqqında hökumətə güldən ağır söz dediyini görməzsiniz.
Illər əvvələ qayıdaq. Bir dəstə şair-yazıçının guya, Qarabağ dərdindən bağrının başı şan-şan olmuşdu, götürüb Heydər Əliyevə bir məktub yazmışdılar. Sonra Heydər Əliyev onları qəbul elədi. Qabağına qoyub o ki var danladı, birinin də “mıkk” səsi çıxmadı. Həmin görüş necə bitdi, bilirsinizmi? Necə bitəcək? Heydər Əliyevdən xahiş etdilər ki, “Balasadıq adlı bir qocaman şair var, ona da prezident təqaüdü versəniz, bütün ömrümüz boyu sizə minnətdar olarıq”. Buyurun, bu da bunların “Qarabağ dərdi”nin axırı, əsl mahiyyəti!
***
Əliyevçi rejimin ən böyük istəyi ölkədə, guya, “Qarabağ dərdi”ndən başqa heç bir problemin olmadığı görüntüsü yaratmaqdır. Özlərinə qarşı bütün ictimai təpkiləri, daxili və xarici etirazları “Bizim Qarabağ kimi dərdimiz var” sözləri ilə sığortalamağa çalışırlar. Biz deyirik, niyə ölkədə korrupsiya var, rejimin mirzələri, gürzələri dərhal başlayırlar: “Qarabağ kimi dərdimiz var”.Biz deyirik, niyə ölkədə yalan var, yaltaqlıq var, saxtakarlıq var, məmur harınlığı, özbaşınalığı var… Rejimin qabından yallananlar üstümüzə cumurlar: “Qarabağ kimi dərdimiz var”.
Biz deyirik, niyə ölkədə monopoliyalar var, polis zorakılığı, ədalətsiz məhkəmələr var, rejimin qulbeçələri dörd tərəfdən başlayır tutuquşu kimi ötməyə: “Qarabağ kimi dərdimiz var”.
Ona qalsa, Gürcüstanın bir yox, iki “Qarabağ dərdi” var… Bəs orada hüquq necə hegemon oldu? Korrupsiya necə aradan qalxdı, rüşvət necə keçmişə gömüldü, məhkəmələr necə müstəqilləşdi, azad seçki, azad söz necə qalib gəldi? Bax buna cavab verə bilmirlər. Eləcə gözlərini döyürlər.
***
Bu gün rejimin şərləyib içəri atdığı aprel məhbusları arasında Qarabağ uğrunda döyüşlərdə iştirak edən, bədənində Qarabağ savaşının qəlpələrini gəzdirənlər az deyil. “Qarabağ dərdi” çəkənlər hakimiyyətlərini qorumağın dərdindən onları ən absurd ittihamlarla içəri atıblar. Belə çıxır ki, bunların “Qarabağ dərdi” var, amma Qarabağ qazisinə mərhəməti yoxdur. “Qarabağ dərdi” çəkə bilirlər, amma Qarabağ qazisinin etiraz haqqını sinəyə çəkə bilmirlər.
Adamı yandıran isə odur ki, rejimin artıq alver, özünəbəraət alətinə çevirdiyi “Qarabağ dərdi” nağılına cəmiyyətdə hələ də inananlar tapılır. Yadımdadır, hətta bir ara – neft pullarının ölkəyə sel kimi axmağa başladığı illərdə rejim ideoloqları “Qarabağı pulla geri qaytarmaq” mifini ortaya atmışdılar.
Insanlar isə bu mifə o qədər aludə olmuşdular ki, neft pullarından onlara heç nə çatmamasından qətiyyən narahat deyildilər. Deyirdilər: “Bir halda ki, axırda Qarabağı pulla alacaqlar, bizə qara qəpik də lazım deyil, hamısını özləri götürsünlər”.
Bu mif bir neçə il davam etdi. Bu, rejimə milyardlarla manatı rahat-rahat, heç bir ictimai etiraz olmadan qatlayıb cibişdana qoymağa imkan verdi.Nə deyim, vallah. Bu da saxta “Qarabağ dərdi”nin sizə xeyri!