Xırdalanda qan düşə bilər, polis isə tədbir görmək istəmir
Binəqədi rayon Xırdalan dairəsi, 4-cü Mədən küçəsində yerləşən USM-in binasında məskunlaşmın Füzuli, Ağdam və Xocalıdan olan məcbur köçkünlər daxili işlər naziri Ramil Usubova müraciət edib. Məcburi köçkünlərin şikayəti onlarla eyni binada yaşayan Rüstəmovlar ailəsindəndir. Məcburi köçkünlər deyir ki, həmin ailənin üzvləri Cəmilə Rüstəmova, övladları Zaur, Sadiq, Ülviyyə və Ceyran vaxtaşırı sakinlərlə dava salır: “Cəmilə Rüstəmova və onun övladları yeri gəldi-gəlmədi qonşularla dalaşır, onları intizama dəvət etdikdə küçə söyüşləri ilə hamımızı təhqir edir. Artıq hamı bu ailənin əlindən zinhara gəlib. Cəmilə Rüstəmovanın oğlanları Zaur və Sadiq hər gün sərxoş vəziyyətdə gələrək mənzillərimizin qapı-pəncərələrini sındırırlar. Dəfələrlə ərazi üzrə polis bölməsinə müraciət etmişik. Lakin hansısa səbəbdən polis bu ailənin hərəkətləri ilə bağlı heç bir tədbir görmür”.
Məcburi köçkünlərin sözlərinə görə, Rüstəmovlar ailəsi sonuncu dəfə sentybarın 11-də qonşularla dalaşıb. Onlar binada qarşısına çıxan hər kəsi təhqir edib, hədələyib. Bundan əvvəl isə Rüstəmovlar binada yaşayan 1-ci qrup əlil Aydın Məmmədovu amansızlıqla döyüblər: “Bu hadisə sentyabrın 2-də baş verib. Aydın Məmmədovun döyülməsi bizim gözümüzün qarşısında baş verib. Cəmilə Rüstəmova və onun övladları heç bir səbəb olmadan 1-ci qrup əlil olan Aydın Məmmədova sözün əsl mənasında divan tutdular. Biz müdaxilə etdikdə isə təhqirlərə məruz qaldıq”.
Məcburi köçkünlər bildirir ki, bu hadisə ilə bağlı polis bölməsinə müraciət edilib. Lakin polis bu dəfə də heç bir tədbir görməyib. Əməllərinə görə cəzasız qalan Rüstəmovla ailəsi isə daha ağzınlaşıb: “Artıq biz bilmirik nə edək? Cənab nazir, sizdən artıq dərəcədə xahiş edirik ki, bu məsələni diqqətdə saxlayasınız. Polislər heç bir tədbir görməsə, vəziyyət daha da pisləşəcək. Nəticədə qanlı olay baş verə bilər. Bunun məsuliyyəti isə polisin üzərinə düşəcək. Çünki biz dəfələrlə polisə müraciət etmişik. Yeri gəlmişkən, onu da bildirək ki, Cəmilə Rüstəmovanın oğlu Zaurun üzərində məhkumluq var. O və qardaşı narkotik maddələrin aludəçisidir. Bizə deyirlər ki, Rüstəmovlar ailəsini Ədliyyə Nazirliyinin Fuad adlı əməkdaşı himayə edir. Bu baxımdan da polis bu ailəyə bata bilmir”.
Azad