Türkiyə-Israil münasibətləri qırılma nöqtəsində

Təl-Əviv Ankaranı PKK ilə təhdid etdi, Ərdoğan isə Aralıq dənizində hərbi donanmanın gücləndiriləcəyini bildirdi

Türkiyə və Israil arasında diplomatik gərginlik davam edir. Blokadada saxlanılan Qəzza bölgəsinə yardım aparmaq məqsdi ilə yola çıxan “Mavi Mərmərə” gəmisinə qarşı Israil əsgərlərinin əməliyyat keçirməsi və 9 türkün öldürülməsi olayına görə, rəsmi Təl-Əvivin üzr istəməməsindən sonra daha da kəskinləşən ikitərəfli münasibətlər qırılma nöqtəsinə çatıb. Hər iki tərəf bir-birini ittiham edərək tutduqları mövqedən geri çəkilməyəcəklərini bildirirlər.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Türkiyənin Aralıq dənizində hərbi donanmasını genişləndirmək niyyətində olduğunu söyləyib. Baş nazirin sözlərinə görə, bundan sonra da Türkiyə hərbi gəmiləri Qəzzaya humanitar yardım aparan gəmiləri müşayiət edəcək. Hökumət başçısı Israilin Aralıq dənizinin enerji sərvətlərini təkbaşına istismar edəcəyinə imkan verməyəcəklərini də vurğulayıb.
Israilin xarici işlər naziri Aviqdor Liberman isə Türkiyəni PKK il hədələyib. Nazir Türkiyənin addımlarına qarşı PKK terror təşkilatına hərbi yardım təklifi göndərəcəklərini bildirib. Israilin sağçı xarici işlər naziri Aviqdor Liberman Türkiyənin Israilə qarşı verdiyi qərarlara cavab olaraq bəzi “cəzalandırıcı” addımlar atacaqlarını açıqlayıb. Liberman “cəza tədbirləri” arasında Israilin ABŞ-da erməni lobissiylə sıx əməkdaşlığa başlayacağını da istisna etməyib. Liberman açıqlamasında Türkiyəni təhdid edərək “Türkiyə bu hərəkətinin əvəzini ağır ödəyəcək” sözlərini işlədib.
Israildə yayımlanan “Yedioth Ahronoth” qəzetinin yazdığına görə, Təl-Əviv Türkiyənin Israilə tətbiq etdiyi diplomatik sanksiyalara sərt cavab verəcək. Xarici Işlər Nazirliyinə istinadən verilən məlumata görə, Israil erməni lobbisi ilə əməkdaşlıq edərək “erməni soyqırımı” iddialarını başqa ölkələrin də tanıması istiqamətində öz dəstəyini göstərəcək.

Informasiya şöbəsi