Son iki gündə facebook-da mitinqlər haqqında bir neçə polemikanın şahidi oldum. Orada bu polemikaların heç birinə qoşulmaq istəmədim, amma buradan həmin disputlarda səslənən ana fikirlər üzərindən bir neçə kəlmə yazmaq istəyirəm. Polemikaların birində bəzi şərhçilərin dilindən müxalifətin aksiyalarına kifayət qədər adam çıxmaması siyasi tələblərlə izah olunurdu. Guya, sosial tələblərlə aksiyalara daha çox vətəndaş cəlb etmək mümkün imiş. Burada iki yanlış nöqtə var.
BIR: əvvəla, müxalifətin etiraz aksiyalarına az vətəndaşın qoşulduğunu iddia etmək çox komikdir. Bu gün mitinq yoxdursa, ora nə qədər adam çıxdığını necə müəyyənləşdirmək olar? Əgər söhbət hakimiyyətin leksikonunca desək, icazəsiz aksiyalardan gedirsə – ora 1000-2000 adamın çıxması əsla az göstərici deyil. Bunca basqıya, repressiyaya, qəddarlığa rəğmən hələ də döyülməni, işgəncəni, həbsi göz önünə alaraq aksiyalara çıxan o qədər insan varsa, bu üzücü yox, ümidverici bir şeydi.
IKI: biz sosial tələblərlə keçirilən aksiyaları da gördük. Müsavatın 2007-ci ildə bahalaşmaya qarşı mitinqini xatırlayın. Kommunal xidmətlər təzəcə qaldırılıb, cəmiyyətdə bundan ciddi narazılıq olduğu açıqdır, amma mitinqə yenə də siyasi tələblərlə mitinqə çıxanlar gəldilər. O adamlar gəldilər ki, onlar həmişə gəlirlər.
***
Bir başqa polemikada mitinqlərin səmərəsizliyindən danışılırdı. Şərhçilərin birinin isə olduqca gülməli “arqument”i vardı: “Hakimiyyət mitinqlərin effektli olduğunu bilsə, ən birinci mitinqi elə özü keçirərdi”.
Bu, o qədər yanlış tezisdir ki, ətrafında müzakirə açmağa belə, dəyməz. Amma bir halda ki, cəmiyyətdə bu cür düşünənlər də var, deməli, üstündən vız keçmək doğru olmazdı. Bəs nədir bu tezisin komikliyi?
BIR: Effektliyə qalsa, hakimiyyət puldan başqa heç nəyin effektliyinə inanmır. Bunların düşüncəsinə görə, çoxlu pulları varsa, qalan hər şey mənasızdır, pulla hər şeyi həll etmək mümkündür. Nəinki seçki, mitinq kimi siyasi mübarizə vasitələrinə, heç siyasətin özünə ehtiyac yoxdur, pul kifayətdir. Ilham Əliyev ona görə tez-tez xalqın siyasiləşməsindən narahatçılığını dilə gətirir. Hesab edir ki, siyasətə nə ehtiyac var, pensiyadı veririk, aradabir beş-üç qəpik artırırıq, başqa nə lazımdı?
IKI: Mitinq keçirməmək bir hakimiyyətin üstünlüyü yox, ayıbıdır. Dünya tarixini qaldırın baxın, görün YAP-dan başqa mitinq keçirməyən, mitinq keçirməyi az qala cinayətlə, xəyanətlə eyniləşdirən partiya tapacaqsınızmı? YAP-ın mitinq keçirməməsi ona görə deyil ki, mitinqlərin siyasi effekti yoxdur. YAP ona görə mitinq keçirmir ki, meydan aksiyalarının tamamilə unudulmasını istəyir. Mitinq, piket, yürüş kimi anlayışların siyasi leksikondan bir dəfəlik çıxmasını istəyir. Özlərinə ən birinci təhlükəni küçələrdən, meydanlardan görür. Istənilən mitinq – siyasi həyəcan, hərarət deməkdir. Amma Əliyevçi rejim üçün bu, qorxuludur. Onlara lazım olan siyasi süstlük, ölüvaylıq, durğunluqdur. Onların zehniyyəti hərəkətin istənilən formasını inkar edir. Əlacları olsa, çayların belə, axmasına icazə verməzlər.
Hər şey bu qədər sadə, bu qədər bəsitdir.
***
Polemikalarda ən çox razılaşmadığım məqam isə – mitinqlərlə, onun məzmunu, effekti, forması barədə fərqli düşünən hər kəsin bir nöqtədə birləşməsidir, mitinqi məqsədə çatmaq üçün vasitə kimi görməsidir.
Bilirsiz, dostlar, mitinqlər çox-çox illər bundan əvvəl vasitə idi. Amma bu gün mitinq – artıq məqsədin özüdür! Axı bizə indi heç mitinqin özünü keçirməyə icazə vermirlər. Axı biz indi mitinqlərin özü uğrunda mübarizə aparırıq. Sərbəst toplaşmaq azadlığını bərpa etmək istəyirik. Əvvəllər Qarabağ, iş, çörək naminə mitinq keçirirdik. Amma indi mitinq uğrunda mitinq keçiririk. Hakimiyyətin əlimizdən aldığı bu haqqı qaytarmaq üçün mübarizə aparırıq.
Bu mövzuda bu qədər. Keçək “WikiLeaks”ə.
Baş tutmayan tabu planı
ABŞ-ın keçmiş səfiri Enn Dersinin Ilham Əliyevlə görüşü ilə bağlı ölkəsinə göndərdiyi növbəti teleqramda bizim əlahəzrətin özü haqqında “diktator” ifadəsi işlədilməsindən çox qəzəbləndiyini oxuyub-öyrəndik.
Əslində “öyrəndik” bir az sadəlövh səslənir, hər halda heç kim özü barədə bu qədər ağır qənaəti eşitmək istəməz. Aydın məsələdir ki, Ilham Əliyev də barəsində “diktator” deyilməsindən, yazılmasından xoşlana bilməzdi. Amma bunu onun özünün dilə gətirməsi xeyli incə mətləblərdən xəbər verir.
Məsələn, bizə, utanmadan hələ bir adını “müstəqil” və ya “müxalifyönlü” qoymuş qəzetlərdə belə, Ilham Əliyevin öz adıyla tənqid olunmasına qoyulan yasağın pərdəarxasını anlamağa kömək edir. Bir daha məlum olur ki, son illər “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Turan” agentliyi birbaşa Əliyevin özü ilə bağlı tənqidi materiallar yayımlamaqla, əslində, nə qədər təhlükəli, eyni zamanda çox vacib missiyanı yerinə yetiriblər.
Açıq görünüb ki, hakimiyyətin son zamanlar mətbuatdan əsas tələbi bu olub: ya Ilham Əliyevi tərifləyəcəksən, ya da Ilham Əliyev haqqında, ümumiyyətlə, susacaqsan! Tənqid etmək istəyirsən buyur: Kəmaləddin var, Ziya var, Misir var, Artur var, 125 deputat var, o var, bu var, nə qədər istəyirsən döşə qabırğalarına!
Amma nə yaxşı ki, rejimin planı baş tutmadı. Ilham Əliyev bu ölkədə tamamilə tabuya, “toxunulmaz”a çevrilmədi. “Prezident yaxşıdır, ətrafı pis”, “Prezidentin bu işlərdən xəbəri yoxdur” kimi qondarma miflər fiaskoya uğradı. Əks halda vəziyyətin indikindən nə qədər dözülməz olacağını təsəvvür etmək çətin deyil.
Hələ haqqında diktator deyildiyini, yazıldığını bilə-bilə ölkədə bunlar baş verir, görün o, tamamilə “müqəddəs”, “toxunulmaz” olsaydı, nələr baş verərdi.
Günün notu
Indi hakimiyyətin yanında olan çooox keçmiş bir dostun saytların birindəki köşələrini oxuyuram. Cümlələrə baxırsan: bər-bəzəkli, sanki bir sözü götürsən, yazı domino daşları kimi dağılacaq.
Amma oxuyub qurtarandan sonra başa düşürsən ki, adam həqiqətin yanında olmayanda bəzəkli cümlələri də eybəcər görünür.