Qədim «rəssamların» əl işləri
Dünyanın ən qədim unikal qayaüstü rəsmlərinə Azərbaycanın bir sıra bölgələrində rast gəlmək olar. Onların sırasında xüsusi əhəmiyyəti olan tarixi irs kimi tanınan Gəmiqaya rəsmləri xüsusi yer tutur. Gəmiqaya rəsmləri Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmışlar. Tədqiqatçılar bidirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilmişdir.
Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5-6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri və qayaüstü təsvirlər aşkara çıxarılmışdır. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri – keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Onların çoxu keçi rəsmləridir.
Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır.
Insan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov və rəqs səhnələri diqqəti cəlb edir.
Gəmiqayada çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr – dairələr, dördbucaqlı, üçbucaqlı, çərxifələk nişanı və s. həkk olunmuşdur. Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.ə. 2-ci minilliyə aid orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır. Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan verir və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərir.
Rəsmlərin mövzu rəngarəngliyi
Gəmiqaya rəsmləri başlıca olaraq üç qrupa bölünərək araşdırılmışdır: astral rəsmlər, zoomorf rəsmlər və insan rəsmləri.
Gəmiqaya rəsmlərinin müəyyən bir qrupu astral rəsmlərdən ibarətdir. Araşdırmalar göstərir ki, Azərbaycanda məskənləşən tayfalar müxtəlif Göy cisimlərinə sitayiş etmişlər. Ilk Tunc dövrünə aid gil qablar üzərində Günəş, Ay, spiral rəsmlərinə təsadüf olunmuşdur. Astral rəsmlər arasında Günəşi simvolizə edən işarələr xüsusilə geniş yayılmışdır. Günəş rəsmləri dairə, dairədən ayrılan şüa, içərisində nöqtə olan dairələrlə təmsil edilmişdir. Belə rəsmlərə Qobustan, Kareliya, Sibir və dünyanın digər yerlərindəki təsvirlərdə rastlanmışdır. Tunc və erkən dəmir dövrünə aid gil qabların bəzisinin oturacağı batıq dairələrlə əhatə edilmişdir. Günəşin boyalı və boz rəngli qablar üzərində geniş yayılmış təsvirlərindən biri də şüalanan dairələrdir. Şüaşəkilli naxışlarla bəzəmə erkən dəmir dövrü boyalı qablarının ayrılmaz xüsusiyyətidir. Bu dövrdə geniş yayılan kannelyur ornamentin də Günəş kultu ilə bağlı olduğu söylənmişdir. Bu tip Günəş təsvirləri Azərbaycan xalqının məişətində uzun müddət yaşamış, binaların fasadları, evlərin içərisi, qapılar, habelə qəbirüstü daşlar Günəş rəsmləri ilə bəzədilmişdir. Günəşin geniş yayılmış təsvirlərindən biri də iki çıxıntısı olan dairələrdir. Gəmiqayada rastlanan təsvirlərdən biri də xaç, yaxud svastika ilə dörd yerə bölünən dairələrdir.
Arxeoloq N.Müseyibovun fikrinə görə, xaçla dörd yerə bölünmüş dairə Günəşin öz şüalarını dünyanın dörd tərəfinə yayması anlamındadır. Tədqiqatçıların fikrincə, xaçla dörd yerə bölünən dairə dünyanın dörd tərəfini simvolizə edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu, horizontal məkanın dörd hissəli strukturu ilə bağlı təsəvvürləri əks etdirmişdir. Bu baxımdan Qeqam dağlarında aşkar olunan bir qaya təsviri diqqəti cəlb edir. Burada dörd yerə bölünmüş dairə və onun ətrafındakı bölümlərə uyğun olaraq dörd insan təsvir edilmişdir. Bu insan rəsmləri dünyanın dörd tərəfinin qoruyucu Tanrılarını simvolizə edir. Gəmiqayadakı çarpaz xətlərlə bir neçə yerə bölünən dairə rəsmini tədqiqatçılar araba təkəri ilə müqayisə etmişdir. Tədqiqatçı arxeoloji və mifoloji mənbələri təkərli nəqliyyatın inkişafı ilə Günəşin səmada araba ilə dolaşması haqqında mif ortaya çıxmışdır. Bu ideyaların Gəmiqaya təsvirləri ilə nə dərəcədə bağlı olduğunu söyləmək çətindir.
Hər elementin öz anlamı var
Gəmiqaya təsvirlərində və arxeoloji əsərlərdə Günəş təsvirlərinin geniş yayılması Azərbaycanda Günəşlə bağlı inancların geniş yer tutduğunu göstərir. Günəşə, şüaya inam türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin mifologiyasında əks olunmuşdur. Azərbaycan folklorunda Günəş və Ayla bağlı xeyli əfsanələr var. Bu nümunələr Günəşə tapınmanın qədim tarixi kökləri olduğunu göstərir.
Mirəli Seyidov apardığı araşdırmalara dayanaraq qeyd edir ki, bir çox xalqlarda olduğu kimi azərbaycanlılarda da Günəş Tanrısı – şüa, zoomorfik onğan və insan kimi təsəvvür edilmişdir. Günəşin mifləşdirilməsi, Günəş tanrısına inam şübhəsiz ki, onun təbiətin məhsuldar qüvvəsinin başlanğıcı olması ilə bağlıdır. Bu, günəşli günlərin insanların həyatında mühüm yer tutduğunu göstərir.
Gəmiqayadakı bəzi işarələrin məzmununun açılması xüsusi araşdırma tələb edir. Məsələn, Gəmiqayada rastlanan “T” şəkilli işarələrin hansı məna ifadə etdiyini demək üçün Anau mədəniyyətinə aid gil qablar üzərindəki rəsmlərə nəzər salmaq kifayətdir. Qablardan birinin üzərində bucaq təsviri, bucaqların arasında isə “T” şəkilli işarələr verilmişdir. Bu naxış qabın bütün gövdəsini əhatə etmişdir. Bunun adi bir naxış olmadığını Altıntəpədən tapılmış bir əyircəyin üzərindəki təsvirlər sübut edir. Əyircəyin bir tərəfində iki insan fiquru və həndəsi ornament, onun əks üzündə isə mərkəzdə günəş simvolu, onun dörd tərəfində isə “T” şəkilli işarələr rəsm edilmişdir. Bu simvolikanın kosmik dünya modelinin horizontal məkana reduksiyası ilə bağlı olduğu aydındır. Burada “T” şəkilli işarələr dünyanın dörd tərəfini göstərir. Gəmiqayada rastlanan bu tip işarələrin astral simvolika ilə bağlı olduğu aydındır. Əlbəttə, bu qədər uzaq əlaqələr bəzən inanılmaz kimi görünsə də, mədəniyyətin sərhəd tanımadığını bir daha sübut edir. Gəmiqayada olan “V” şəkilli işarələrə Naxçıvan boyalı qabları üzərində geniş şəkildə rastlanmışdır. Boyalı qablar üzərindəki təsvirlərin analizi onların şüa anlamını ifadə etdiyini və astral simvolika ilə bağlı olduğunu göstərir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir