Gözünüz aydın! Daha bir qaz yatağı tapıldı. Amma sizi bilmirəm, mən buna heç sevinmirəm. Səbəbi? Bu yaxınlarda Rusiyanın “Nezavisimaya qazeta” adlı məşhur dərgisinin internet saytında bir yazı oxudum. Yazıda qondarma DQR-in “müstəqil”liyinin 20 illiyinin qeyd edilməsindən bəhs edilirdi. Hə, özlərinin dırnaqarası müstəqilliyinin ikinci on illiyini qeyd edən ermənilər bu dəfə də bizi sancmağı unutmayıblar. Onlar deyib ki, qoy, Azərbaycan nefti və qazı ilə çiçəklənsin, amma bizsiz!.. Etiraf edirəm ki, bu sözlər mənə sillə kimi təsir etdi. Bircə anlığa özümü dünyanın ən bədbəxt adamı saydım.
Doğrudan da, nə olsun ki, neftimiz, qazımız var? Bunların əvəzinə Qarabağ olsaydı daha yaxşı olardı! Bizə elə gəlir ki, digər xalqlar bizə qibtə edir. Zira bunu ancaq özümüz güman edirik. Neftin və qazın başqa fəsadları bir yana qalsın, onlar bizim psixologiyamızı da korlayıblar. Həm də bizim hakimiyyət neft və qaz gəlirlərini elə xərcləyir, elə paylaşdırır ki, düşünəndə lap adamın öz-özünə yazığı gəlir. Bəli, heç kim bizə qibtə etmir. Siz dünyanın neft və qaz ölkələrinə baxın. Onlara qibtə etməyə dəyərmi? Bu sərvət deyil, sözün əsl mənasında başımızın altına qoyulmuş yastıqdır. Həyatımız neft və qaz olmadan daha intellektual və səmərəli ola bilərdi, ayağımızın altındakılar ilə deyil, başımızdakılarla öyünərdik. Nə isə. Bu vaxta qədər neft və qazla bağlı çox mərsiyələr yazılıb. Bəli, lap əvvəllər mədhiyyələr yazılırdı, sonradan bu keçdi mərsiyələrə. Elmi tutumlu iqtisadiyyat lazımdır bizə, əgər bunu başa düşsək, irəli gedəcəyik, düşməsək yolumuz bir istiqamətədir, geriyə doğru.
Eks-prezidentlər payızda sayılacaq
Bəli, deyəsən, belə dedilər. Payızda Milli Məclis eks-prezidentlərin statusu haqda müzakirələr aparacaq. Bəlkə biz də mütərəqqi ölkələrin sırasına kiçik bir addım atdıq. Bunu on səkkiz il gözləmək lazım gəldi. Bir vaxt deyirdilər ki, nə qədər eks-prezidentlər sağdır, ölkədə sabitlik olmayacaq. Onlardan bir vəfat edib, o birisi isə qoca insandır, yəni daha bu hakimiyyət üçün elə də təhlükəli deyillər. Burada bir psixoloji moment də var. Çox güman ki, bu hakimiyyət öz liderinin üçüncü olması ilə barışa bilmir. Amma barışmaq və bunu da qəbul etmək lazım gələcək. Bəlkə də nə vaxtsa tarix birincilə ikinci prezidentin üzərində dayanacaq, heç üçüncü və sonrakılar, hətta yada belə, düşməyəcək, çünki bütün mühüm hadisələr birinci və ikinci prezidentlərin vaxtında baş verib. Çox güman ki, nə vaxtsa məşhur tarix kitabının tək elə birinci cildi deyil, həm də sonrakı cildləri də təzədan yazılmalı olacaq. Mən bunu acıq xatirinə demirəm, məntiqə görə deyirəm. Məntiqi sxemlər tamam obyektivliyə iddia edə bilməsə də, hər halda sosial fəlsəfənin də bir məntiqi var.
Kim Çen Ir oğlunu irəli verir
Bəli, dünyanın ən eybəcər guşələrindən birində – Şimali Koreyada daha bir varis əməliyyatı hazırlanır. Kim Çen Ir oğlunu yerinə hazırlayır. Hə, maşallah ki, oğlu da dünyanın bəlkə də ən cavan generalıdır. Bilmirəm, uzaq Şərqdə bu eybəcər rejim nə qədər çəkəcək, hər halda, oralara da bir əlac etməyin vaxtıdır. Bu yaxınlarda Kim Çen Irin D.Medvedev ilə görüşünü göstərirdilər.
Görüşdən qabaq Kim Çen Ir Leninin heykəlini ziyarət etdi. Hətta o, Leninə də etiqad etsəydi, mən onu dəyərləndirərdim. Amma mənə elə gəlir ki, bu insan ancaq bir şeyə sitayiş edir – onun adı da hakimiyyətdir! Bəli, Şimali Koreya əhlinə də elə gəlir ki, bütün dünya bunlara qibtə edir. Amma, əfsus, dünyanı belə də aciz təsəvvür etmək olmaz, hamının onlara yazığı gəlir, amma onlar hələ bunu dərk etmirlər.
Siyasəti dəyişmiş gün
Bu yazı işıq üzü görəndə sentyabrın 11-i olacaq. Mən həmin günlə bağlı iki hiss keçirirəm. Bir tərəfdən faciə qurbanlarına acıyıram, digər tərəfdən isə bir fikir məni rahat buraxmır – 11 sentyabr dünya siyasətçilərinin əlinə silah verdi. Soyuq müharibədən sonra yeni bir düşmən obrazı tapdılar – terrorçu!Amma şükür ki, bir gün Bin Ladenin cəsədi sulara qərq edildi və hamı anladı ki, daha ona ehtiyac yoxdur! Indi dünya özünə qayıdır!