ARDNŞ-in balansında olan qeyri-neft sahəsinə aid təsərrüfatların başqa qurumlara verilməsi ailənin göstərişi imiş
Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan qeyri-neft sahəsinə aid təsərrüfatların qurumdan alınacağı barədə məlumat vermişdik. Bildirmişdik ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev ciddi-cəhdlə bu qərarın icrasının qarşısını almağa çalışır. O, bu məqsədlə neftçiləri və həmin təsərrüfatlarda çalışanları ayağa qaldırmaq istəyir.
Dünən əldə etdiyimiz məlumatlara görə, Rövnəq Abdullayevin çabalarına baxmayaraq, qərarın tezliklə icra olunması barədə ARDNŞ rəhbərliyinə göstəriş verilib. Ilk olaraq ARDNŞ-in balansında olan Diaqnostika mərkəzləri, səhiyyə ocaqları və mədəniyyət evlərinin müvafiq nazirliklərə verilməsinə başlanılacaq. Məlumatlara görə, səhiyyə naziri Oqtay Şirəliyevlə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev uzun müddət imiş ki, bu təsərrüfatları öz nəzarətlərinə keçirməyə çalışıblar. Lakin Rövnəq Abdullayev buna imkan verməyib. Nəhayət, məsələyə Paşayevlər müdaxilə edib. Və Rövnəq Abdullayevə tapşırıq gəlib ki, ARDNŞ-in balansında olan qeyri-neft sahəsinə aid təsərrüfatlardan imtina etməlidir. Bu dəfə ARDNŞ prezidenti etiraz edə bilməyib. Amma başqa formada kifayət qədər gəlir gətirən bu təsərrüfatları əlində saxlamaq üçün fəaliyyətə başlayıb.
Oxucuların diqqətinə çatdıraq ki, həm səhiyyə naziri Oqtay Şirəliyev, həm də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Paşayevlərə yaxın şəxslərdir.
Informasiya şöbəsi