Tehran NATO-nun hava hücumundan müdafiə sistemlərini Türkiyədə yerləşdirmək qərarından narahat olub
NATO-nun hava hücumundan müdafiə və qabaqcadan xəbərdarlıq sistemlərini Türkiyədə qurmaq yönündə verdiyi qərar region ölkələrini narahat etməyə başlayıb. Rusiyadan sonra Iran hökuməti də sözügedən məsələyə sərt münasibət açıqlayıb.
Iran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının başçısı Ələddin Borujerdi “Bölgədəki müsəlman ölkələrinin NATO-nun mənafeyinə xidmət edəcək qərarlar qəbul etməmələrinin zəruriliyini” bildirib. “Tehran Times” qəzetinə danışan Ələddin Borujerdi Türkiyənin qəbul etdiyi qərarla bağlı bildirib ki, “müsəlman ölkələri bölgədəki təhlükəsizliyi, qabiliyyətlər və işbirliyinə söykənərək təmin etməli və regiondakı güvənsizliyin artdığı indiki şəraitdə müsəlman ölkələrinin NATO-nun bu torpaqlardakı mənafeyinə xidmət etdiyi bir şəraitin yaranmasına izn verməməlidirlər”.
Iranın öz təhlükəsizliyini təmin etmək üçün lazımi imkanları olduğunu söyləyən Ələddin Borujerdi, NATO-nun, regional təhlükəsizliyə töhfə olmadığı, əksinə, bölgədə böyük bir etibarsızlıq qaynağı olduğunu söyləyib. NATO-nun Əfqanıstan və Iraqa müdaxilələrinin “bölgədə sadəcə öz maraqlarının arxasınca düşdüklərini göstərdiyini” önə çəkən Iran rəsmisi deyib ki, NATO-nun Liviyaya hərbi müdaxiləsi onun müsəlmanlara hörmət etmədiyini isbatlayıb.