Iranı bəyənmirsiniz, bəs Azərbaycanı niyə Iran kimi idarə edirsiniz?

Sizə bir şey deyimmi? “WikiLeaks” artıq düşündürmür, güldürür. Saytın açıqladığı yazışmaları təbəssümsüz, bəzən isə ümumiyyətlə, qəhqəhəsiz, şaqqanaqsız oxumaq mümkün deyil. Son günlər açıqlanan yazışmaların ana xəttini Ilham Əliyevin saxta “Islam fundamentalizmi” qorxusu təşkil edir. Açıq görünür ki, əlahəzrət son bir neçə ildə hansı amerikalını görsə, onu din məsələsi ilə o ki var şantaj edib. Keçənlərdə də yazdıq, möhtərəmin Qərbə vermək istədiyi mesaj aydındır: “Nəbadə məni hakimiyyətdən göndərmək fikrinə düşərsiniz, yoxsa bura ”Ikinci Iran”a çevriləcək”.

Nə qədər komikdir, deyilmi: ölkəni Iran kimi idarə edir, amma, guya, Azərbaycanın “Ikinci Iran” olmasından qorxur.
Ümumiyyətlə, Qərb diplomatlarına tez-tez Irandan şikayətlənən, onun qeybətini qıran bir zehniyyət soruşmağa ayıb olmasın, bu ölkəni niyə hüquqa, azadlıqlara tüpürərək elə Iran kimi idarə edir?
Axı ortada çox adi bir həqiqət var: bir ölkəni dini ekstremizmə təslim etmək istəməyən, bir ölkədə terrorun alovlanmasını, insanların terrorçuya, kamikadzeyə dönüşməsini istəməyən zehniyyətin atması gərəkən addımlar var. Məsələn, hüququ hegemon qılmaq… Vətəndaşların iradəsinə sayğı göstərmək, onun seçmək və seçilmək haqqını tanımaq… Insanların öz haqq və azadlıqlarına qovuşması üçün şiddətə baş vurmasını önləmək və ədalət mühakiməsini təmin etmək… Əks halda ekstremizm də, terrorizm də qaçılmazdır.
Bu gün terrorun, ekstremizmin çiçəkləndiyi ölkələrə baxın: hansında hüquq var? Hansında demokratiya var?
Qanunların kağız parçasına çevrildiyi, məhkəmələrin sifarişli qərarlar çıxardığı, söz, ifadə, sərbəst toplaşmaq azadlığının dibindən qaşındığı, sadəcə, bir ovuc adamın ağa kefi ilə idarə olunan ölkədə insanlar öz etirazını başqa necə bildirə bilərlər axı? Öz səsini necə eşitdirə bilərlər axı? Onların şiddətə, zora əl atmasından başqa hansı yolu qalır axı?
Ilham Əliyev bilmirmi bunları? Və əgər doğrudan da dini ekstremizmdən bu qədər narahatdırsa, o zaman ölkədə belə qüvvələrin yetişməsi üçün necə münbit şərait yaratdığının fərqində deyilmi? Insanlara başqa çıxış yolu qoymadığını anlamırmı? Anlamırmı ki, hər cür ekstremizm, terrorizm ilk növbədə hüquqi nihilizmdən su içir, ondan mayalanır?

Ixrac söhbəti

Yazışmaların birində oxuyuruq ki, Ilham Əliyev Morninqstarla görüşdə Türkiyənin Azərbaycana dini ekstremizm ixrac etməsindən boğaza yığıldığını deyib.
Ortaya haqlı sual çıxır: Bəs bunlar Türkiyə bu ölkəyə Mövlud Çavuşoğluları ixrac edərkən niyə boğaza yığılmırdılar? Yoxsa bunlar elə bilirlər, çavuşoğluları ixrac etmək havayıdır, qarşılığı olmamalıdır?
Havayı pendir tələdə olur, cənablar. Çavuşoğlunu öpüb bağrınıza basanda, onun kimi siyasi ekstremistləri öz rejiminizin möhkəmlənməsi naminə bu ölkənin baş tacı edəndə bilməli idiniz ki, arxası ilə hər türlü ekstremist gələcək. Üstəlik, ölkəyə dini ekstremistlərin ixrac olunmasından boğaza yığılan bir zehniyyət bəs Bəylərin Afrikadan bananı ixrac etməsindən niyə boğaza yığılmır, görəsən?

Rəsmən təsdiqlənmişdir!

Ilham Əliyevin “Azadlıq” radiosunun Bakı bürosu haqqında dedikləri isə bu rejimin antidemokratik mahiyyəti ilə bağlı bütün şübhələrin, mübahisələrin sonudur. Artıq özünə hörmət edən, azacıq vicdan və ləyaqət hissi olan heç kim bu hakimiyyətlə demokratiya, özgürlük, tolerantlıq sözlərini yan-yana işlətmək lüksünə sahib deyil.
Möhtərəm nə deyir? Sitat: “”Azadlıq”ın Bakı bürosunda işləmək üçün müxalifətdən adamlar yığılıb”. Məntiqi görürsünüzmü? Bunlar istəyir müxalifətçi ruhlu insanlar heç jurnalist də işləməsinlər. Özləri müxalifətçilərə iş vermirlər, istəyirlər Qərbə bağlı qurum və quruluşlar da müxalifətçilərin üzünə bağlı olsun. Özlərinin radioları, telekanalları, agentlikləri azlıq eləyir, istəyirlər hansısa Qərb radiosunda da Sahib Alıyev, Mirşahin, Etibar Hüseynov-zad işləsin.
Növbəti sitat: “Radionun verilişləri obyektiv deyil və hakimiyyəti tənqid edir”. Əslində, bu sözlərdən sonra şərhə heç bir ehtiyac qalmır. Amma kiçik bir not yazmaq çox vacibdir: Ilham Əliyev açıq mesaj verir ki, o, hakimiyyəti tənqid edənləri sinirə bilmir, o, jurnalistlərdən yalnız özünün oxumaq istədiklərini yazmasını, özünün eşitmək istədiklərini söyləməsini umur.
Və əlahəzrət bununla indiyədək bir şübhə, ehtimal kimi səslənən bir fikri rəsmən təsdiqləmiş olur: Azərbaycanda bir qəzet, bir radio, bir telekanal o vaxt bağlanır, bir jurnalist o vaxt qandallanır, ölkədən qovulur ki, HAKIMIYYƏTI TƏNQID EDIR.

Bəs deyirdiniz hakimiyyətin Qarabağ kimi dərdi var?

Müxalifət azacıq fəallaşan, piket, mitinq fikrinə düşən kimi rejim başbilənləri və onların ağlı topuğunda mirzələri bir-birinin ağzına tüpürübmüş kimi başlayırlar eyni havanı ötməyə. Nə deyirlər? “Bizim Qarabağ kimi dərdimiz var” deyirlər.
Bu çürük arqumentə indiyədək kifayət qədər cavab vermişik. Demişik ki, biz də deyirik Qarabağ kimi dərdimiz var, amma biz həm də onu deyirik ki, bəs sizin niyə Dubayda, Mayamidə villalarınız, Panamada şirkətləriniz var? Hardandı sizdə o qədər pul? Demişik ki, adamın Qarabağ kimi dərdi olanda o gedib korrupsionermi olmalıdır? Seçki saxtakarımı olmalıdır? Adamın Qarabağ kimi dərdi olanda xalqı qaragünəmi qoymalıdır? Biz bunları demişik, heç vaxt da ağıllı, məntiqli cavab eşitməmişik. 
Dünənsə rejimin öz çirkin mahiyyətini Qarabağ dərdi ilə sığortalamağa çalışdığının iki parlaq təsdiqi vardı “Azadlıq” qəzetində. Oxuyanlar oxuyublar, oxumayanlara da dünənki (7 sentyabr tarixli say) sayımızı tapıb oxumalarını məsləhət görürəm. Oradakı yazılardan birində “fövqəlnazir”in adamı olan Qaradağ icra başçısının Qarabağ əlilini kor etməsindən, digərində isə Rövnəq Abdullayevin Qarabağ qazisini döydürməsindən danışılırdı.
Indi soruşuram: nə oldu, bəs sizin Qarabağ kimi dərdiniz vardı? Öz şəxsi maraqlarınız naminə Qarabağ əlilinə, qazisinə ermənidən beşli-betər divan tutursunuz da, biz milli maraqlarla bağlı etiraza qalxanda, küçələrə çıxandamı yadınıza düşür “Qarabağ dərdi”?
Nə isə, görünən o ki heç dəyişməmisiniz, yenə də 18 il əvvəlki adamlarsınız… Necə ki, o zaman Qarabağla alver edib hakimiyyəti qamarladınız, indi də Qarabağ dərdi ilə alver edib hakimiyyəti qorumaqla məşğulsunuz.
Ilan ilandı, ildə bir dəfə qabıq yox, dərisini dəyişir. Amma siz…
Heç dəyişməmisiniz, heç…