Hakimiyyət müstəqil vəkilləri sıradan çıxarmaq istəyir

Vətəndaş cəmiyyəti qurumları etiraz aksiyalarına qərar verdi

Elçin Namazov: «Mənə açıq bildiriblər ki, hakimiyyətin əleyhdarlarının proseslərinə çıxmayım»

Hakimiyyətin təzyiqlərinə məruz qalan vəkillər Elçin Namazov və Xalid Bağırovla bağlı dünən geniş tədbir keçirildi. Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Norveç səfirliklərinin, həmçinin, ATƏT və başqa beynəlxalq qurumların, yerli hüquq müdafiə təşkilatları nümayəndələri, eləcə də hüquqşünaslar iştirak edirdi.

“Vəkilləri hakimiyyətin özbaşınalığını ifşa etdiyi üçün təqib edirlər”

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli bildirdi ki, hakimiyyətin siyasi partiyalara, azad mediaya, vətəndaş cəmiyyəti qurumlarına qarşı apardığı səlib yürüşü bu gün vəkillər institutunun da taleyini sual altına alıb: “Tanınmış vəkil Osman Kazımov, Anar Qasımov, Xalid Bağırov və nəhayət Elçin Namazova qarşı başlanan bu təzyiq və təqib kampaniyası hakimiyyətin şüurlu siyasətinin nəticəsidir. Adını çəkdiyim insanlar o şəxslərdir ki, siyasi həbslərin qurama olduğunu öz cəsarətləri ilə ifşa ediblər. Insanlar siyasi əqidələrinə, öz hüquqlarından istifadə etmək istəklərinə görə saxta, qurama ittihamlarla həbsə atılırlar. Bu həbsləri həyata keçirən istintaq və məhkəmə orqanlarının saxtakarlığını isə vəkilllər ortaya çıxarır. Dünyaya bəlli olur ki, Azərbaycanda insanlar günahsız yerə həbsxanalara atılırlar. Bir neçə müstəqil vəkilimiz qalır ki, onları da sıradan çıxarmaqla hakimiyyət repressiya siyasətini daha da gücləndirmək istəyir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, vəkillərə qarşı təzyiqlər həm də onu göstərir ki, hakimiyyət qarşıdakı seçkilərdə həbsləri kütləviləşdirəcək və vəkillərsiz bu həbslərə hüquqi don geyindirmək istəyi asan olacaq: “Ona görə bəri başdan bu siyasətə qarşı mübarizə aparmalıyıq. Azərbaycanın hüquq toplumunun vahid mövqeyini elə bu tədbirdə elan etməliyik. Burada müxtəlif Qərb ölkələri səfirliklərinin və beynəlxalq qurumların nümayəndələrini görürəm. Təşəkkür edirəm ki, yaranmış vəziyyət onların da diqqət mərkəzindədir. Ümid edirəm ki, hakimiyyətlə dialoqlarında həmin qurumlar bu probemin ciddiliyini qaldıracaqlar”. 

“Müxalifətçiləri müdafiə etməməyim üçün dəfələrlə xəbərdarlıq ediblər”

Barəsində cinayət işi başlanan vəkil Elçin Namazov isə indiyədək ona qarşı edilən təzyiqlərdən danışdı. Vəkilin sözlərinə görə, ona ilk təzyiq Bəxtiyar Hacıyevi müdafiə edərkən olunub: “Buna görə dəfələrlə təhdid və təzyiqlərə məruz qalmışam. Daha sonra həbs edilən dindarların və müxalifətçilərin hüquqlarını qorumuşam. Bu proseslərə çıxdığıma görə, dəfələrlə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmışam. Mənə açıq bildiriblər ki, hakimiyyətin əleyhdarlarının proseslərinə çıxmayım. Əlbəttə ki, özünə hörmət edən vəkil bundan çəkinməməlidir. Məni dəfələrlə heç bir səbəb göstərmədən kollegiyaya çağırıblar. Ancaq bu çağırışların əsassız olduğunu nəzərə alaraq getməmişəm. Çünki, hər dəfə eyni sözləri eşitməkdən bezmişdim”.
Tədbirdə çıxış edən hüquq müdafiəçisi Novella Cəfərovoğlu konkret təkliflərlə çıxış edib. O bildirib ki, E.Namazov və digər vəkillərə qarşı təzyiqlərin dayandırılması üçün vətəndaş cəmiyyəti qurumları səfərbər olunmalıdır: “Ayrı-ayrı təşkilatların bu işə qoşulması xeyirdi. Amma ən xeyirlisi hamının birlikdə bu prosesdə olmasıdır. Təklif edirəm ki, yaranmış vəziyyətlə bağlı ölkə başçısına, Ədliyyə Nazirliyinə, həmçinin, beynəlxalq qurumlara müraciət göndərilsin”.
Azərbaycanda cəsarətli vəkillərin sayının az olduğunu deyən hüquq müdafiəçisinin sözlərinə görə, yerdə qalanların da sıradan çıxarılması təhlükəli tendensiya yaradır: “Vəkillik fəaliyyətinə qadağa qoyulan vəkillərdən biri də Vidadi Isgəndərlinin vəkili Xalid Bağırovdur. Mən onun necə cəsarətli vəkil olduğuna Vidadi Isgəndərlinin məhkəməsində şahid olmuşam”.

“Vəkillər Kollegiyasının qarşısında piket keçirilsin”

RATI sədri Emin Hüseynov deyilənləri dəstəkləməklə yanaşı vəkillərin müdafiəsi üçün piketlərin başlanmasını təklif etdi. Onun sözlərinə görə, Vəkillər Kollegiyasının qarşısında vətəndaş cəmiyyəti qurumları və vəkillər etiraz aksiyası keçirməlidir.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri Intiqam Əliyev də hesab edir ki, vəkillərə qarşı təzyiqlər təsadüfü deyil: “Müəyyən mərhələ olur ki, hakimiyyət siyasi partiyalara, azad mətbuata qarşı səlib yürüşü həyata keçirir. Indi isə növbə vəkillərindir. Ölkədə bir demokratın olması demokratiya mübarizəsi üçün əsas şərt sayıla bilər. Hakimiyyət üçün 10-15 vəkilin qalması da eyni şeydir. Ölkədə 10-15 müstəqil vəkilin olmasından narahat olurlar. Ona görə çalışırlar ki, həmin şəxsləri də sıradan çıxarsınlar”.
Vəkil Iradə Cavadova da yaranmış situasiyadan narahatçılığını ifadə etdi. Elçin Namazovu professional vəkil kimi xarakterizə edən I.Cavadova onun məhkəmədə hansısa qanunsuzluq etdiyinə dedi. 
Vəkil Osman Kazımov da hesab edir ki, E.Namazovla bağlı qərarın heç bir hüquqi əsası yoxdur. O bildirdi ki, E.Namazovun prosesdən kənarlaşdırılması Rüfət Hacıbəylinin vəkilsiz qalması ilə nəticələnib.
Tədbirin sonunda qərara alındı ki, ölkə başçısı və beynəlxalq qurumlara müraciət qəbul olunsun və etiraz aksiyalarına start verilsin. Ilk belə aksiya ilə bağlı gələn həftə Bakı meriyasına müraciət ediləcək.