Dağıstan və Hakan Turanlı qardaşlarına məxsus «DHT Metal» zorla onların əlindən alınıb
Bakıda Türkiyəli iş adamları Dağıstan və Hakan Turanlı qardaşlarına məxsus “DHT Metal” armatur zavodu onların əlindən alınıb. Bu həmin zavoddur ki, açılışını Türkiyənin prezidenti Abdullah Gül edib. Bir neçə il əvvəl Abdullah Gül Azərbaycana səfər edərkən həmin zavodun açılışını etməklə bunu türklərin ölkəmizin iqtisadiyyatına bir tövhvə kimi qiymətləndirmişdi.
“DHT Metal” Azərbaycanda armatur istehsalı ilə məşğul olan 3 zavoddan biridir. Zavodun adındakı “DHT” abreviaturasının açılışı Dağıstan, Hakan Turanlı deməkdir. Yəni, zavod türk iş adamlarının adı ilə adlandırılıb.
Zavodun türk iş adamlarının əlindən necə alınmasına gəlincə, “Bizim Yol” qəzetinin yaydığı məlumata görə, əvvəlcə Dağıstan və Hakan Turanlı qardaşlarına zavodu satmaq təklif olunub. Lakin qardaşlar təklifi qəbul etməyib. Bundan sonra DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin(BMCQMI) əməkdaşları zavodda görünüb. Və onların “DHT Metal”a gəlişilə Dağıstan Turanlı Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Məlumatlara görə, o, ölkəmizi BMCQMI-nin əməkdaşlarının zavoda təşrif buyurmasından bir neçə saat sonra özəl təyyarə ilə tərk edib.
“DHT Metal” isə Bakıda notarial qaydada “Baku Steel Company”nin idarəçiliyinə verilib.
“Azadlıq”a daxil olan məlumatlara görə, “DHT Metal”ın türk iş adamlarından zorla alınması Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Metallurgiya Nazirliyi yaratmaq barədə planlarının tərkib hissəsidir. Biz hələ bir müddət əvvəl yazmışdıq ki, Ramiz Mehdiyev Azərbaycanda metal biznesini inhisara alıb. Ölkədəki iri metal müəssisələri, o cümlədən “Baku Steel Company” PA rəhbərinin nəzarətindədir.
Yeri gəlmişkən, Ramiz Mehdiyev yaratmaq istədiyi yeni nazirliyə kürəkəni, deputat Ilham Əliyevi rəhbər təyin etməyi planlaşdırır.
Informasiya şöbəsi