“Iki təhlükəli adam haqqında”

Vəkil Elçin Namazov 1978-ci ildə anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Xeyli öncə onu mətbuatdan tanıyırdım, bu il etiraz aksiyalarında həbs edilən gənc fəalların və müxalifətçilərin məhkəmələrdə müdafiəsinin təşkili zamanı onu şəxsən tanıdım. Bir insan kimi məndə çox xoş təəssürat yaratsa da, onun necə vəkil olduğunu bilmirdim. Onsuz da müxalif mövqeli adamların müdafiə edəcək vəkillər çatmadığından, bu heç önəmli də deyildi.

Getdikcə onun çox cəsur bir adam olduğunu görməyə başladım. Hər vəkilin çıxmayacağı işləri üzərinə götürürdü və cəmiyyətinin diqqət mərkəzində idi. Amma yenə də onun necə bir peşəkar olduğunu bilmirdim. Mən bu son 20 ildə çox əcaib və səs-küylü məhkəmələr görmüşəm, ölkənin ən yaxşı vəkillərini şəxsən tanıyıram – Intiqam Əliyev, Isaxan Aşurov, Ənnağı Hacıbəyli, Adil Ismayılov, Aslan Ismayılov, Elton Quliyev, Namizəd Səfərov, Osman Kazımov, Fəxrəddin Mehdiyev, Əsabəli Mustafayev, Müzəffər Baxışov, Fuad Ağayev, Akif Əlizadə, Əlaif Həsənov, Rəşid Hacılı və adını sadalamadığım bir çoxları…     
Amma Gəncədə Bəxtiyar Hacıyevin məhkəməsində Elçin Namazovun işini ilk dəfə gördüm. Heç bir şişirtmə eləmədən deyirəm – heyran qalmışdıq. Yanımda oturan fəlsəfə doktoru Etibar Əliyev başını bulayıb mənə dedi ki, belə bir vəkili niyə indiyəcən onunla tanış eləməmisiniz. Qarşımızda mükəmməl bir vəkil çıxış edirdi. Illərin təcrübəli vəkili kimi. Savadlı, çevik, təmkinli, qorxmaz. Digər həmkarları ilə birlikdə saxta ittihamı darmadağın edirdilər…
Bu günlərdə ÿ2 aprel mitinqçilərinin məhkəmə prosesindən Elçin Namazovun zorla uzaqlaşdırılması, üstəlik, haqqında cinayət işi qaldırılması da səbəbsiz olmadı. O və onun kimi bir neçə vəkil hakimiyyətin zora arxalanan məhkəmə sistemini və dövlət ittihamı orqanlarının saxta işlərini darmadağın edir. Indiyəcən vəkillərə qulaq asıb onlara əhəmiyyət verməyən bu sistem artıq onlara “əhəmiyyət” verməyə bilmir…
Həmin vəkillərdən biri də Xalid Bağırovdur. 1976-cı il doğumludur. BDU-nu bitirib. Onu biz əvvəldən də çox istedadlı və mövqeli bir insan kimi tanıyırdıq. Hərtərəfli marağı və savadı ilə seçilən Xalid bəy çox sistemli və prinsipal bir vəkildir. Müdafiə zamanı onun gözündən heç nə yayınmır və ən xırda boşluqlarla qondarma ittihamları ifşa etməyi bacarır.
Vidadi Isgəndərovun məhkəməsi prosesi həm də onun və Vidadi bəyin yazdığı misilsiz absurd dram əsəri sayıla bilər. Bu işlərdə ittihamçının və hakimin nələr çəkdiyini təsəvvür edə bilməzsiniz. Xalid bəy savadlı və cəsur bir vəkildir, hələ ötən ildən polis işgəncəsindən olan gəncin müdafiəsini öz üzərinə götürməklə qəzəbə gəlmişdi. Nəhayət, vəkillik hüququ əlindən alındı…
Hakimiyyətin təhlükəli saydığı bu iki adam, əslində, iki möhtəşəm adamdır. Iki möhtəşəm vətəndaşdır!
Bu yazının sonunda vəkil Xalid Bağırovun ötən illərdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasına ünvanladığı apelyasiya şikayətinin mətnini yadınıza salmaq istəyirəm. Yasamal rayon məhkəməsinin qətnaməni saxtalaşdırdığını sübut edən vəkilin ərizəsi hüquqi əsaslandırmalardan sonra qeyri-adi mətnlə bitirdi:
– Yasamal Rayon Məhkəməsinin qətnaməsi maddi hüquq normaları ilə deyil, maddi hüquq torbaları ilə əsaslandırılıb. Damba-durum, dimba-daram, rapata-tupa, lapatu-tarap, arabaram-biribabip, diridit-rititi, rakada-duba, cikada-faka, qalmaz belə, qalmaz dünya.  Oleeee, ole-ole-ole. Ya-ya, şa-şa, damba-durumb, çox yaşa, qalmaz belə, qalmaz dünya.
Dumba-dubad, Məşədi Ibad, Məşədi Qubad, tembolee Sindibad, mejdu proçim akrobat.
…Və bu yerdə ağ atlı şahzadə tapılır, halbuki onu çoxdan unutmuşdular, i xəbər tutur ki, “kolbasa konçilas, a prodovets v qrobu lejit”.
Şaxta baba bu söhbətə gecikir. Amma çox atılıb-düşür. Sonra bir də atılır, amma bu səfər düşə bilmir. Belə də ki, o da bilir qalmaz belə, qalmaz dünya. Memati ümumiyyətlə söhbətdən ofsayta düşmüşdü. Üstəlik uşaqlar onu Papanində nəsə axtararkən görüblər. Xaraba qalasan Türkiyə, bir dənə Mematiyə o nəşəni düz-qoş eləyə bilmir. Mematinin uşaqlardan bir xahişi olub: “Amma Polad bilməsin”.
Bu soxa-soxda reklamlar başladı. Damba-durumb, dimba-daran. Rapatatutap-tupatatarap. Rakada-cika, cikada-raka. Qalmaz belə, qalmaz dünya…