“Fövqəlnazir”in adamı Qarabağ əlilini kor etdi

Süleyman Mikayılov Maşallah Cəbiyevin daş karxanasını əlindən almaq üçün qan tökdü

Ilham Əliyevin və digər səlahiyyətli şəxslərin sükutu qazinin Ermənistandan sığınacaq istəməsinə səbəb oldu

“Mən artıq Azərbaycanda yaşamaq istəmirəm, çünki bu ölkədə yaşamaq mümkün deyil. Bu ölkədə məmurlar Qarabağ qazisini kor edirlər, ayağını sındırırlar…” Bu sözləri “Azadlıq”a keçmiş polis işçisi, 2-ci qrup Qarabağ əlili, Naxçıvan sakini Maşallah Cəbiyev deyib. O, avqustun 22-də Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun göstərişi ilə qəddarcasına döyülüb. Nəticədə Qarabağ qazisi bir gözünü itirib və ayağından ağır xəsarət alıb. Maşallah Cəbiyev hazırda Daxili Işlər Nazirliyinin Hospitalında müalicə alır.

Icra başçısı Heydərovun adından istifadə edib

Qarabağ qazisi bizimlə söhbətində baş verənlər barədə bunları deyib: “Mənim Qaradağ rayonunun Gülbax qəsəbəsində daş karxanam var. 2008-ci ilin noyabr ayında ”Bərəkət-98″ firması ilə müqavilə bağlamışıq. Və həmin ildən orada fəaliyyət göstəririk. Sənədlərimizdə hər hansı problem yoxdur. Təxminən bir ay əvvəl bizə dedilər ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov həmin ərazidə tikinti işləri aparacaq, biz isə onları daşla təmin etməliyik.
Bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyində bir generalla görüşdüm. Daha sonra Kəmaləddin Heydərovun mühafizəsinin Ramil adlı rəisi mənə dedi ki, nazirin bu işdən xəbəri yoxdur. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Qaradağın icra başçısı Süleyman Mikayılovla danışıb və o məni qəbul edəcək”.

Polislər məni “beşbarmaq”la vurdu

Maşallah Cəbiyevin sözlərinə görə, avqustun 9-da Süleyman Mikayılovun qəbulunda olub. Icra başçısı Qarabağ qazisinə deyib ki, karxana fəaliyyətini bir ay dayandırmalıdır. Icra başçısı bu barədə ona göstəriş verildiyini iddia edib.
Əslində isə Süleyman Mikayılovun məqsədi karxananı ələ keçirmək olub. Maşallah Cəbiyev bildirib ki, icra başçısı hələ bir müddət əvvəl karxananı ələ keçirmək üçün ona təzyiqlər göstərib. Süleyman Mikayılovun göstərişi ilə bir neçə dəfə karxanaya elektrik enerjisinin verilməsi dayandırılıb. Maşallah Cəbiyevin mövqeyindən geri çəkilmədiyini görən icra başçısı karxanaya polis göndərməyə başlayıb. Polislər Qarabağ qazisinə deyib ki, Süleyman Mikayılovun tapşırıb ki, karxananın fəaliyyətini dayandırılsın və obyekt dövlətin balansın verilsin: “Onlara izah etdim ki, ”Bərəkət-98″ firmasının 99 illik müqaviləsi var, biz də həmin ərazini bu firmadan 35 illiyə icarəyə götürmüşük. Bu halda obyekt necə dövlətin balansına verilə bilər?!. Lakin mənim izahatımın heç bir nəticəsi olmadı.
Nəhayət, avqustun 22-də özünü icra başçısının müavini kimi təqdim edən Füzuli adlı şəxs mənə zəng edərək dedi ki, icra hakimiyyətinin binasında Süleyman Mikayılov mənimlə görüşüb söhbət etmək istəyir. Ona dedim ki, icra başçısının sözü varsa, gəlsin karxanada söhbət edək. Bundan sonra Süleyman Mikayılov mənə zəng edərək hədə-qorxu gəldi. Həmin gün saat 5-6 radələrində 30-35  polis silahlı vəziyyətdə karxanaya basqın etdi. Karxanamda 15 nəfərə qədər əlil işləyirdi. Polislər onları vəhşicəsinə döydülər. Hətta üzlərinə gözyaşardıcı qaz da vururdular. Bundan sonra polislər əlil işçilərin qollarını qandallayaraq polis maşınına mindirdilər. Mən polislərə yaxınlaşaraq vəhşiliklərə son qoyulmasını tələb edəndə zorakılığa məruz qaldım. Onlardan biri sol gözümdən zərblə vurdu. Həmin polis əlinə beşbarmaq taxmışdı. Bundan sonra məni döyməyə başladılar”.
Maşallah Cəbiyevin sözlərinə görə, polislər onları qəddarlıqla döyəndən sonra polis idarəsinə aparıblar. Lakin idarədə görüblər ki, Qarabağ qazisinin vəziyyəti ağırdır. Dərhal onu Zərifə Əliyeva adına göz xəstəxanasına yerləşdiriblər: “Orda həkimlər məni müayinə edəndən sonra dedilər ki, gözüm artıq yoxdur, sıfır vəziyyətindədir. Avqustun 23-də gözümü əməliyyat edəndən sonra aldığım digər xəsarətlər səbəbindən məni Daxili Işlər Nazirliyinin Hospitalına göndərdilər”.

Süleyman Mikayılov məndən 300 min manat tələb etdi

Qarabağ qazisi bildirib ki, avqustun 22-də polislər onun ortağı Zahid Şahbazini də amansızlıqla döyərək həbs ediblər. Hazırda onun Kürdəxanıdakı Istintaq Təcridxanasında saxlanıldığı deyilir.
Maşallah Cəbiyevin daş karxanasına gəlincə, müsahibiz deyib ki, icra başçısı obyekti Səxavət adlı yaxın adamına verib: “Hazırda həmin şəxs mənim texnikamla karxanamı işlədir. Bu adamlar faktiki olaraq qeyri-qanuni şəkildə şəxsi mülkümü ələ keçiriblər. Onu da qeyd edim ki, hadisədən əvvəl icra başçısının Bağır adlı qardaşı mənimlə görüşərək dedi ki, Süleyman Mikayılovla danışaraq razılığa gəlib. Onun sözlərinə görə, əgər onlara 300 min manat versəm, məndən əl çəkəcəklər”.
Qarabağ qazisi üzləşdiyi haqsızlıqla bağlı dövlət başçısına və müvafiq qurumlara müracitə etsə də nəticəsi olmayıb: “16 gündür hospitalda ağır vəziyyətdə yatıram. Heç kim bu məsələ ilə maraqlanmır. Hər gün hədələnirəm, Süleyman Mikayılovun adamları zəng edib mənə təzyiq edirlər. Deyirlər səni öldürəcəyik. Inanın, palatada qapını bağlayıram. Çünki ehtiyat edirəm. Müraciətlərimə cavab verilməməsi göstərir ki, bu ölkədə qanun işləmir. Bu ölkədə dərəbəylik hökm sürür. Ona görə də səfirliklərdən kömək istəyirəm. Hətta Ermənistanda da yaşamağa hazıram”.
Mövzunu diqqətdə saxlayacağıq.

Azad