Birinci köç (1970-1990)
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən dərhal sonra Azərbaycan başqa 14 müttəfiq respublikalardan radikal şəkildə fərqlənməyə başladı. Sovet “romantikası” deyilən, dövr öz yerini tədricən daha repressiv idarə üsuluna verdi. Buna qədər iməkləyən rüşvət, yerlibazlıq tədricən adi hala çevrilməyə başladı. Ittifaq qarşısında götürdüyümüz öhdəliklər, demək olar, 2 dəfə artdığından Kreml idarəetməyə nəzarəti yumşaltdı və Azərbaycan əhalisi ikiqat istismarla qarşı-qarşıya qaldı. El arasında rayonların birinci katiblərni “kiçik padşah”, kolxozlarda sədrləri isə “kəndxuda” adlandırırdılar. Mağaza müdirləri, mühasib və aqronomlar, idarə müdirləri və hüquq-mühafizə orqanlarının təmsilçiləri ən varlı adamlar sayılırdılar. Bir sözlə, hazırkı iqtidarın sovet variantı…
Ali məktəblərə və işə qəbulda, məhkəmə sistemində rüşvət hallarının kütləviliyi o qədər artmışdı ki, əhali artıq bunu qanuni hal kimi qəbul edirdi. Hətta zəhmətkeşlərin birinci katib Heydər Əliyevlə görüşü zamanı “bu il uşağı 15 minə ali məktəbə qoydum” ifadəsi tez-tez səslənirdi(!). Təhsil sistemində rüşvət mexanizmi elə “mükəmməl” qurulmuşdu ki, adi kolxozçu belə uşağını ali və orta ixtisas məktəblərinə qoya bilirdi. Ali məktəbi bitirdikdən sonra işə düzəlmək üçün də rüşvət vermək lazım gəlirdi.
…Mən hələ də bu dövrdə kərə yağının və digər ərzaq məhsullarının niyə mağazalarda olmadığını anlaya bilmirəm. Bu məhsulları əldə etmək üçün əhali mütəmadi olaraq yaxın qonşu respublikalara səfər edirdilər. Şəxsən mən ailəmizin bu məhsullara olan tələbatını ödəmək üçün 16 yaşımdan Qafan şəhərinə, demək olar, hər ay gedirdim. Səhədlər açıq olduğundan gömrük-filan (!) yox idi, yalnız qatar bələdçisinə qəpik-quruş verirdik, o da yük çox olanda.
Qonşu kənddə yaşayan bir hörmətli həkim özündə cəsarət tapıb, düz Kremlə, baş katib Brejnevə teleqram vurmuşdu ki, “sizin ad gününüzü qeyd etmək istəyirdik, yağ tapa bilmədik”. Bu məşhur teleqram həkimə çox baha başa gəldi. DTK onu Bakıya götürdü – geriyə ruhi xəstə kimi qayıdan həkim heç nəyi xatırlamırdı və ömrünün sonuna qədər yaxınlarının himayəsində yaşadı.
…Qonşu respublikalarda, xüsusilə Rusiyada yaşam şərtləri daha əlverişli idi. Yüksək maaş, rüşvətin, yerlibazlığın, demək olar, olmadığı digər müttəfiq respublikalar azərbaycanlıları özünə cəlb etməyə başladı. Əsasən respublikadan kənarda hərbi xidmətdə olmuş, oradakı qat-qat əlverişli şəraiti görən gənclər geriyə qayıtmağa başladılar. Beləliklə, 70-ci illərin əvvəllərindən Azərbaycandan birinci kütləvi KÖÇƏ start verildi…
Statistikaya görə, keçmiş sovet respublikalarına 1970-90-cı illər ərzində 1,2 milyona yaxın azərbaycanlı köçmüşdü ki, bu da hazırda orada yaşayanların təxminən 40%-ni təşkil edir.
Bu insanlar bəlkə də Azərbaycanın ən fədakar və zəhmətkeş, eyni zamanda vətənpərvər insanlarıdır. Təkcə bir faktı nəzərinizə çatdırmaq kifayətdir ki, 1992-ci ildə Ermənistanın ölkəmizə təcavüzü zamanı on minlərlə soydaşımız vaxtilə didərgin düşdükləri Vətənin dar günündə geri dönərək silaha sarıldılar. Onların arasında sadə ticarətçidən tumuş alimə qədər var idi və bu kateqoriyadan olan minlərlə şəhidlərimiz məzarlıqlarda uyuyur.
…Mən durğunluq dövrü köç edən soydaşlarımızı məmnuniyyətlə repressiya olunmuşların siyahısına əlavə edər və hətta xüsusi imtiyazlar verilməsini istərdim. Xatırlatmaq yerinə düşərdi ki, qonşu Gürcüstan artıq belə bir addım atıb və xaricdə yaşayan gürcü biznesmenləri sərbəst şəkildə ölkədə fəaliyyət göstərirlər.
90-cı illərin əvvəllərindən başlayaraq keçmiş sovet respublikalarında yaşayan soydaşlarımız təşkilatlanmağa başladılar…
ardı gələn sayımızda