Özünüzə sual verə bilərsiniz, keçmiş deputat Gültəkin Hacıbəylinin Azərbaycanın Türkiyə ilə konfederasiya yaratması ilə bağlı müsahibəsindən sonra bu haqda müzakirələr nədən xeyli dərəcədə artmış oldu? Əvvəllər də səsləndirilmiş, lakin unudulmuş bu mövzuya indi sosial şəbəkələrdə və şəxsi müzakirələrdə xüsusi diqqətin yaranmasının səbəbi nədir?
Yalnız bir səbəb var. Azərbaycan cəmiyyəti narahatdır və axtarışdadır. Adamlar anlayır ki, vəziyyət bu cür qala bilməz. Nə isə edilməlidir. Əliyevlər hakimiyyətinin ölkəni çox təhlükəli bir dövrə gətirdiyini indi daha çox adam dərk edir. Bəlli olur ki, Azərbaycan kövrək bir mövqedədir və onun hakimiyyəti isə şüşə evdə oturub zamanın gedişinə daş atır. Adamlar dərk edir ki, Azərbaycan yanlış siyasətlə yanlış yerlərə gəlib. Xalqdan dayağı olmayan hakimiyyəti ilə dağınıq, qarışıq bir topluma çevrilmişik. Bu toplumu silkələmək çox asandır, bu toplumun dövlətinə isə güclü demək mümkün deyil. Belə ölkələrdə pulla çox qapıları açmaq olur, həmçinin insanları satın almaq olur, hətta dövlətin özünə qarşı…
Ədalətsizlik, talan, yalanla idarəçilik, təhsilsizlik, sosial güvənsizlik istənilən toplumu deqradasiyaya aparır. Insanların ölkəyə mənəvi bağlılığı itir, onlar vətəndaşdan dövlətdən qorxan varlıqlara çevrilir və özgələşir. Pula sitayiş, pulun rolu hər şeyi üstələyəndə toplumlar mənən kasıb olur və belə toplumlara sahib olan dövlətlərin gələcəyi dumana bürünür. Lakin bütün sistemlərin belə böhranlı hallardan ayılmaq mexanizmi var və o, nə zamansa avtonom olaraq işə düşür. Ərəb Baharı, bölgə ölkələri ilə münasibətlərin gərginlikləri indi bu mexanizmi oyatmaq istəyir. Odur ki, cəmiyyətimiz gələcəyimizlə bağlı istənilən fikrə həssasdır.
Türkiyə ilə bağlı konfederasiya ideyası da gələcəyə yönələn təklifdir. Ona həssaslıq yalnız və yalnız bu baxımdan yaranır. Axı həmin təklifin mahiyyətində də o durur ki, bizi gözləyən təhlükələrdən qorunmaqda məhz kimə arxalana bilərik. Bu, bir arzudur…
Amma real deyil. Çünki Azərbaycan hakimiyyəti demokratik bir ölkə ilə sıx yaxınlaşmaya gedənə oxşamır. Dünən geopolitika üzrə ekspert Elxan Şahinoğlunun eyni mövzuda maraqlı bir yazısını oxudum. Elxan bəy haqlı olaraq soruşur: “Əgər milli varlığımızın, təhlükəsizliyimizin və sivil cəmiyyət qurmamızın təminatı Türkiyə ilə konfederativ münasibətlərdən keçirsə, onda biz də strateji müttəfiqin fərqli maraqları haqqında düşünməli olacağıq. Çünki müttəfiqlik və konfederativ münasibətlər qarşılıqlı güzəştləri diktə edir. Biz buna hazırıqmı?”
Bəli, ən yumşaq ittifaq müəyyən öhdəliklərlə, ən azı ortaq dəyərlər və hədəflərlə mümkündür. Bu hakimiyyət isə bizim ölkəyə öz şəxsi bostanı kimi baxırsa, belə bir ittifaqa gedərmi?!
Gəlin, bu məsələyə başqa bir tərəfdən baxaq. Mən Azərbaycanın geopolitik vəziyyətini çox da dramatikləşdirmək istəmirəm. Azərbaycan hakimiyyətinin nümayəndələri demokratik islahatları əngəlləmək üçün tez-tez deyir: dörd tərəfimiz düşməndir. Amma beşinci düşməni demir. Ölkəni içdən dağıdan, talayan, mənəviyyatsızlaşdıran, inkişafdan salan, yadellilərin təsir poliqonuna çevirən, əsl dostlarımızdan və strateji müttəfiqlərimiz olacaq güclərdən bizi uzaq salan hakimiyyəti – özünü demir. Sual edə bilərik: Azərbaycan demokratik bir ölkə olsa, xalqla hakimiyyətin həqiqi birliyi olsa, onun arxasında demokratik dünya dayansa, hansı təhlükə ola bilər? Olsa belə, bu halla ölkəmiz həmin təhlükəyə qarşı ən düzgün, ən güclü mövqedə dayanmış olmazmı?
Mən gözəl anlayıram ki, konfederasiya iki tam müstəqil dövlətin xəfif birliyindən başqa bir şey deyil. Onu müvəqqəti olaraq yaratmaq Azərbaycanın xeyrinə ola bilər. Biz onsuz da Türkiyə ilə mənəvi birlikdəyik. Düzdür, Türkiyə hökumətləri uzun illər Azərbaycan siyasətində böyük səhvə yol verib, Azərbaycan xalqının zülmünə göz yumub, xalqla yox, onu əzən hakimiyyətlə bir olub, bununla belə, Türkiyə dövlət olaraq hər zaman Azərbaycanın böyük dayağıdır. Bizim müstəqilliyin, dünyəviliyimizin, demokratik bir ölkə olacağımızın qarantlarından biridir. Türkiyənin bizim üçün önəmi təkcə etnik yaxınlığımız deyil, o, bütün dünyada müsəlman ölkələri üçün model sayılan, önəmli bir dövlətdir. Onunla heç bir birlik bizə ziyan gətirməz.
Lakin bundan daha vacibi bizim iç problemimizi həll etməkdir. Avtoritar zehniyyətli bir hakimiyyətlə bizim vəziyyətimizi dəyişməyəcək. Üstəlik, bu hakimiyyət Türkiyə ilə heç bir zəruri yaxınlığa da getməyəcək. Onda bu müdriklik olsaydı, indiyəcən ölkənin bataqlığa çevrilən təhsil sistemini Türkiyə Təhsil Nazirliyinin idarəçiliyinə verər və ölkəni çox-çox qabağa aparardı. Bu ki çox sadə və lazımlı idi. Amma heç bunu da etmirlərsə, ondan daha ciddi addımları gözləmək müşküldür…
…Sonda onu da yada salım ki, Azərbaycan Liviyanın yeni hökumətini yalnız Rusiyadan sonra tanıdı, Türkiyədən çox-çox sonra.