Neft pulları korrupsiyanın qurbanına çevrilib

45 milyard dolların 22 milyardı hara xərclənib?

Azərbaycan hökumətinin reallaşdırdığı bütün investisiya layihələri korrupsiyanın qurbanına çevrilir. Rəsmi statistikanın təqdim etdiyi rəqəmlərə baxıb bunu demək olar. Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin ilk yeddi ayında investisiya xərcləri üçün Dövlət Neft Fondundan 5,5 mlrd. manat vəsait ayrılıb. 2006-2010-cu illər ərzində isə bu göstərici 15 mlrd manat olub. 2010-cu ilin yanvarın 1-nə olan məlumata əsasən, ötən müddət ərzində Dövlət Neft Fonduna 45 mlrd. 200 mln. dollar daxil olub. Onun 22 mlrd. 435 mln. dolları artıq xərclənib. Bu vəsaitlərin böyük hissəsi yolların, körpülərin, su kəmərinin tikintisinə, eyni zamanda təmir-bərpa işlərinə sərf edilib. Dövlət Neft Fondunun nizamnaməsində qeyd olunub ki, fondda cəmləşən pulların böyük hissəsi gələcək nəsillər üçün nəzərdə tutulub. Lakin hökumətin yürütdüyü siyasət bir daha sübut edir ki, gələcək nəsillərin taleyi onu maraqlandırmır. Neftdən gələn pulları isə istənilən yolla mənimsəməyə çalışırlar. Bəs ötən müddətdə ölkədə görülən işlər xərclənən pullara adekvatdırmı? Bununla bağlı siyasilərin mövqeyi birmənalı oldu. 

ADP sədri Sərdar Cəlaloğlu investisiya layihələrinə ayrılan vəsaitlərin böyük hissəsinin korrupsiya yolu ilə mənimsənildiyini deyir. Qalan hissəsi isə səmərəli istifadə edilmir və ölkənin inkişafına sərf olunmur: “Investisiyanın böyük hissəsi abadlaşma işlərinə xərclənir. Bu da onu göstərir ki, Azərbaycanda korrupsiyadan qalan vəsaitin özü də səmərəli istifadə olunmur. Ona görə də ölkənin gəlirlərinin artmasına baxmayaraq, siyasi və iqtisadi inkişafı müşahidə etmirik”.

ALP sədri Əvəz Temirxanın sözlərinə görə, Azərbaycan kimi ölkələrə hətta 1 mlrd. dollar pul gələndə, bu artıq özünü göstərir. Pul axını həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda isə bunu görmək mümkün deyil: “Əgər yaxşılaşmanı görən varsa, desin, biz də bilək. Azərbaycanda pul xərclənmir, ən yaxşı halda göyə sovrulur. Daha doğrusu, məmurlar tərəfindən mənimsənilir. Neft pullarını mənimsəməyə tələsirlər ki, Azərbaycan xalqına qalmasın”.Ə.Temirxan pulların uğursuz xərcləndiyini də qeyd etdi: 

“Əgər ölkəyə pul gəlirsə, onu istehsalata qoymaq lazımdır. Zavodlar, fabriklər açmaq lazımdır. Ən azı Azərbaycan sahibkarına kredit kimi vermək lazımdır. Yoxsa gəlin divar qaşıyaq, yol çəkək. Yol da lazımdır. Amma yollar, körpülər keyfiyyətsizdir. Artıq Bakı-Quba yolu dağılır. Investisiya layihələri yüksək çinli məmurlar tərəfindən yaxşı mənimsəmə mənbəyinə çevrilib. Amma bunun da bir sonu olacaq”. 

Azərbaycanda neftin bir ailəyə məxsus olduğunu deyən Müsavat başqanının müavini Tofiq Yaqublu Neft Fondundan ayrılan vəsaitlərin şəffaf xərclənmədiyini vurğuladı. Ictimai nəzarətin olmaması hakimiyyətə neft pullarını istədiyi kimi xərcləməyə imkan verir.  

T.Yaqublunun sözlərinə görə, investisiya layihələri əslində korrupsiya layihələridir və bu da pulların oğurlanması üçün daha böyük imkanlar yaradır: “Neft Fondu neftdən gələn pulların gələcək nəsillərə saxlanılması üçün nəzərdə tutulub. Ona görə pulların belə sürətlə xərclənməsi absurddur. Bunun üçün büdcə var. Investisiya xərcləri büdcədə nəzərdə tutulmalıdır. Hökumət bütün işlərini bu büdcəyə uyğun aparmalıdır. Investisiya layihəsinin hamısı kölgəlidir. Konkret hesabat tələb olunsa ki, bu investisiya layihələrinin ölkə iqtisadiyyatına, cəmiyyətinə hansı səmərəsi olub, onu izah edə bilməzlər”.

T.Yaqublu dünyadakı proseslərin Azərbaycana da təsir edəcəyini və hakimiyyətin bu qanunsuz əməllərinə yaxın dövrlərdə son qoyulacağını bildirdi. 

AXCP sədrinin müavini Nurəddin Məmmədli Azərbaycanda baş verənləri dünyada analoqu olmayan soyğunçuluq kimi qiymətləndirdi: “Dünya praktikasında belə ənənə var. Əgər dövlət büdcəsinin 15 faizdən artığı infrastrukturların bərpasına, yenidən qurulmasına sərf olunursa, bu, korrupsioner büdcə hesab olunur. Azərbaycan büdcəsinin 60 faizdən çoxu o cür korrupsioner layihələr üçün nəzərdə tutulub və bu yolla büdcə vəsaitləri mənimsənilir. Bu da dünya praktikasında analoqu olmayan bir soyğunçuluqdur. Buna başqa ad vermək mümkün deyil. Əgər ölkədə bir kilometr yolun qırlanması üçün, ona asfaltlanma da demək olmaz, 17 mln. manat pul mənimsənilirsə, onda neft pullarının belə xərclənməsi təəccüblü deyil. Indi dayanacaqlarda qoyulan kabelləri dəyişdirirlər. Bu, hakimiyyətin korrupsioner mahiyyətindən irəli gəlir”.

N.Məmmədli ölkədə soyğunçuluq siyasətinin yeridildiyini də vurğuladı: “Azərbaycanın xarici maliyyə qurumlarına yüksək faizlə 5 mlrd. dollardan artıq borcu var. Ancaq ölkənin dünya maliyyə qurumlarındakı pullarının faizi 5-6 dəfə azdır. Hakimiyyət Dünya Bankı ilə də korrupsioner münasibətdədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti gələcək nəsillər üçün heç nə qoymaq fikrində deyil. Hər şeyi özləri hakimiyyətdə olduğu müddətdə mənimsəyib sıradan çıxarmaq iddiasındadırlar”.

Fizzə