Coğrafi xəritədən bixəbər olanlar Azərbaycanı çox böyük görür. Bəziləri Azərbaycan haqqında elə yalanlar danışır ki, xəcalət təri tökməyə məcbur olursan. Əslində Azərbaycan bir çox parametrdən kiçikdir və coğrafi aspektdən də kiçik dövlətlərin siyahısındadır.
Azərbaycana yalnız TÜRK prizmasından yanaşdıqda böyük görünür.
Buna da hələ ki, dövlət səviyyəsində önəm verən yoxdur. Nə isə, bu da böyük dərdlərimizdən biridir. Qayıdaq Azərbaycanın coğrafi kiçikliyinə.
Azərbaycanın “əl boyda” olmasının bir müsbət cəhəti var və bu da ondan ibarətdir ki, bu məmləkətdə kimsənin gördüyü iş uzun müddət gizlin qalmır.
Naxçıvan xaric (orada çayxanalar yığışdırılıb) istənilən rayon mərkəzində bir çaynik çayı içib qurtaranadək, rayonun ərazisində yerləşən bahalı obyektlərin hansı dövlət məmuruna mənsub olduğu barədə müfəssəl məlumat əldə etmək mümkündür.
Qəzetlər də yazır bunu, camaat da xeyirdə-şərdə danışır ki, filan rayonu filan nazir özəlləşdirib.
Bir az konkretləşdirək.
Azərbaycan zahirən dəyişir, gözəlləşir, YAP iqtidarının dili ilə desək, analoqsuz inkişaf edir və biz də bunu neçə dəfə yazmışıq. Bəs bu inkişaf necə gerçəkləşir?
Son aylar Vikiliksin açıqlamalarından və qəzetlərin yazdığından aşağıdakılar hasil olur:
– Ağdaş, Ucar, Göyçay, Şamaxı rayonlarını nəqliyyat naziri Ziya Məmmədov inkişaf etdirir;
– Qəbələ, Balakən, Qax fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sayəsində simasını dəyişir;
– Naxçıvan qeyd-şərtsiz Vasif Talıbovundur. O vilayətin inkişafına bir dövlət məmuru və ya iş adamı əl qoya bilməz. Qoyanın əlini qırarlar;- Gəncəbasar Bəylər Eyyubovun nəzarətindədir. O zonaya da barmaq uzadanın barmağını kəsərlər;
– Ismayıllını Ələkbərov qardaşları inkişaf etdirir. Qardaşlardan biri – Füzuli Ələkbərov Əmək və əhalinin sosial müdafiəsi naziri, digəri – Nizami Ələkbərov Ismayıllı rayonu icra hakimiyyətinin başçısı vəzifəsində çalışır;
– Quba, Qusar zonasının inkişafı ilə Səfər Əbiyev məşğuldur. Ərazisinin 20 faizi 20 ildir erməni əsarətində qalan Azərbaycanın Müdafiə naziri general-polkovnik (maraqlıdır, nədən bizdə ali hərbi rütbəni general-polkovnikdə saxlayıblar, nədən Azərbaycanın MARŞALı olmasın?) Səfər Əbiyev nəzərdə tutulur;
– Abşeron yarımadasının inkişafını padşahın qudası Araz Ağalarov, qayınatası Arif Paşayev, “AZAL”ın sahibi Cahangir Əsgərov çiyninə çəkib; – Ölkənin bank, sığorta və telekommunikasiya sisteminin inkişafının yükü padşahın qayınatası Arif Paşayevin çiyninə düşüb; – Tikinti və dərman təchizatı sektorunu da Paşayevlər ailəsi inkişaf etdirir…
Bilirəm, “nə qədər nazirin, icra başçısının, digər vəzifə sahiblərinin adı bu siyahıda yoxdur” deyib hövsələdən çıxanlar olacaq. Davam etdirsək, qəzetin bir yox, bir neçə nömrəsinin bütün səhifələri bəs etməz.
Bir də ki, əl boyda Azərbaycandır, hamının hər şeydən xəbəri var və elə o səbəbdən də uzatmağa lüzum görmürəm.
Sonda “Azərbaycan analoqsuz inkişaf edir” şüarını dövriyyəyə buraxmış YAP ideoloqlarına və başbilənlərinə bir sözüm var.Cənablar, düz buyurursunuz, belə inkişaf gerçəkdən analoqsuz inkişafdır ki, var.
Nədən ki, bir sivil dövlətdə belə, sizlərin bu gün öyündüyü inkişaf təzahür edə bilməz.
Azərbaycanın ərazisi çox kiçikdir.
O qədər kiçikdir ki, ranqından asılı olmayaraq, hər bir məmurun hər hansı yolla inkişafından cəmiyyət dərhal xəbər tutur.
Analoqsuz inkişafınızda olun, dövran sizindir.
Və bu xalqın səbri çox-çox böyükdür.