2 aprel məhbuslarına ağlasığmaz cəza istənildi

Məhkəmədə dövlət ittihamçısının özü ittiham olundu: «Siz şərəfsiz rejimin şərəfsiz qullarısınız!»

Ictimai Palatanın 2 aprel mitinqində həbs olunanlardan 6-nın (Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Elşən Həsənov və Elnur Israfilovun) işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb. Səbayel Rayon Məhkəməsində bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Vüqar Hacıyev dünən çıxış edərək, vicdan məhbuslarına cəza istədi.

Çəkilişə bu dəfə də “yox” deyildi

Dövlət ittihamçısı çıxışa başlamazdan əvvəl jurnalistlər və vəkillərin məhkəmə iclasının cəmi 2 dəqiqəsinin videoçəkilişinin aparılması barədə xahişinə hakim yenə “yox” dedi.
Xatırladaq ki, bu günə qədər keçirilən çoxsaylı məhkəmə iclaslarının heç birində hakim Elnur Həsənov media üçün çəkilişə imkan yaratmayıb.

Sən saydığını say…

Məhkəmə iclası başlamamışdan əvvəl Arif Alışlı zaldakılara bir kağız göstərib dedi ki, gecə bekarçılıqdan oturub kimə nə qədər “iş” veriləcəyini yazıb. Onun təxminlərinə görə, ən ağır cəza Sahib Kərimova (2 il yarım), ən yüngülü isə Babək Həsənova (məhkəmə zalından azadlığa buraxılma) veriləcək. Amma məhkəmə iclası başlayandan və prokurorun çıxışı dinləniləndən sonra məlum oldu ki, Arif Alışlı hesabda ən azı 2 dəfə geri qalıb…

Dövlət böhtançısı

Nəhayət, dövlət ittihamçısı çıxışa başladı. O, məhkəmədə ifadə vermiş şahidlərin söylədiklərini tamamilə təhrif edərək təqsirləndirilənlərin cinayətlərinin tam sübuta yetirildiyini bildirdi. Prokuror çıxışının sonunda Sahib Kərimov və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlı və Elnur Israfilovun 4 il, Elşən Həsənov və Babək Həsənovun isə 3 il azadlıqdan məhrum edilməsini istədi. O, iş üzrə qaldırılan mülki iddiaların da təmin edilməsini, 6 min manata qədər pulun müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulub “zərərçəkən” kimi tanınanlara verilməsini istədi.
Prokurorun bu çıxışını zaldakılar və mitinq dustaqları sürəkli alqışlarla qarşıladılar. Bundan sonra zaldan dövlət ittihamçısının ünvanına sərt replikalar gəldi. Onu “dövlət böhtançısı” adlandırdılar.
Müsavatçı Dünyaxanım Cərullayevanı, “siz şərəfsiz rejimin şərəfsiz qullarısınız” sözlərinə görə hakim zaldan kənarlaşdırdı.

Geri çəkilmək yoxdur!

Sahib Kərimov isə zaldakıları bu cür sakitləşdirdi:
– Bunların özləri girovdur. Bunlardan nə umursunuz?
Zülfüqar Eyvazov isə prokurorun çıxışından sonra zaldakı dostlarına müraciət etdi:
– Lap on il istəsinlər, geri çəkilmək yoxdur. Bizə görə də kimsə nə məyus olsun, nə də qorxsun.
Zülfüqar Eyvazovun ailəsinə də mesajı oldu:
– Elə bilin ki, 4 il xaricə işləməyə getmişəm…

Əy, o boş başını aşağı?

Prokurorun çıxışından sonra zərərçəkmiş qismində tanınan şəxslər çıxış edərək iddialarını müdafiə etdilər. Onlardan birinin – Tamerlan Seyidovun məğrur duruşu Babək Həsənovu təbdən çıxardı: “Başını nəyə görə dik tutmusan? Sal aşağı o boş təpəni. Qüruru, sifəti olmayan başını niyə dik saxlamısan?”.
Babəkin bu sözləri qarşısında Tamerlan doğrudan da başını aşağı dikdi…

Bu, ittiham deyil, qara ləkədir

Müdafiə tərəfi kimi ilk çıxışı Babək Həsənovun vəkili Fəxrəddin Mehdiyev etdi. O, dövlət ittihamçısının çıxışından xeyli təəccübləndiyini qeyd edərək dedi ki, prokuror sanki məhkəmə istintaqını izləməyib. Vəkil bildirdi ki, ilk gündən müxalifət fəallarına qarşı açılan bu işin qara ləkə olduğu geniş ictimaiyyətə bəlli olub. Prokuror çıxışı ilə həmin qənaəti gücləndirdi.
Ittihamı qanunsuz və əsassız adlandıran vəkilin sözlərinə görə, əslində, prokuror ittihamı geri götürməliydi. Prokuror bunu etməyibsə, hakim bu səhvi düzəltməli və bəraət hökmü çıxarmalıdır.

Qarabağa, şəhidlərə münasibət…

Fəxrəddin Mehdiyev bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin günahsızlığı aksiomadır, onun heç sübuta da ehtiyacı yoxdur. 2 aprel məhbuslarını “cəmiyyətin avanqardı” adlandıran vəkil əlavə etdi ki, onlara qarşı ədalətli mövqe tutmaq məhkəmənin borcudur: “Bu insanlar ürəklərində ədalət hissi olan, cəmiyyəti irəli aparan şəxslərdir. Bizim hamımız onların qayğısına qalmalıyıq”.
Babək haqqında danışan Fəxrəddin Mehdiyev onun 7 il səngərdə Qarabağ torpaqlarının keşiyində durduğunu, bu gün isə 3 azyaşlı uşağıyla ailəsinin kirayələrdə yaşadığını ədalətsizlik adlandırdı. Hakimə də ədalətsizliyin üzərinə daha birini əlavə etməməyi məsləhət gördü: “Babəkin burada saxta ittihamlarla saxlanılması bizim Qarabağa, şəhidlərimizə münasibətimizdir”.

Hakimin avazı yaxşı gəlir

Daha sonra vəkil Orta Asiyanın məşhur astronomu və hökmdarlarından olan Uluqbəyin zamanındakı bir hakimin işə baxması haqda bir rəvayəti danışdı. Və Elnur Həsənovu əsrlər öncə ədalətli mövqeyilə adını tarixə yazmış o hakimdən ibrət götürməyə səslədi.
Zaldakılar vəkilin çıxışını alqışladılar. Hakim özü də çıxışa görə vəkilə minnətdarlıq etdi.

Hacıbala Abutalıbovu tutun!

Elnur Israfilovun vəkili Yalçın Imanov da prokurorun çıxışını tənqid etdi. O bildirdi ki, prokuror məhkəmə istintaqı zamanı verilən ifadələri qətiyyən nəzərə almadan, yalnız ibtidai istintaqın materiallarına istinad etməklə qanun pozuntusuna yol verib.
Yalçın Imanov dedi ki, təqsirləndirilənlərin heç birinin günahı yoxdur. Onlar sadəcə, 2005-ci ildən Azərbaycanda qadağan olunan siyasi hüquqlarından istifadə ediblər. Vəkil qeyd etdi ki, əsl günahkar aksiyaya icazə verməyən Bakı Şəhər Icra Hakimiyyətidir. Buna görə də o, Hacıbala Abutalıbov və bu iş üzrə istintaq qrupunun rəhbəri olmuş Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi.

Bir təpik

Yalçın Imanov onu da əlavə etdi ki, hüquqlarını müdafiə etdiyi Elnur Israfilovun bir təpiyilə avtobusun yararsız hala düşməsi barədə deyilənlər absurddan başqa bir şey deyil: “Bir təpiklə, özü də bu təpik astadan avtobusun qapısına dəyirsə və bu təpiyi atan şəxs 3-cü qrup gözdən əlil, fiziki baxımdan çox zəif, ürək, böyrək və daxili orqanlarındakı xəstəliklərdən daim əziyyət çəkən adamdırsa, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədən söhbət gedə bilməz. Başqa sözlə, onun əməlində 186.1-ci maddənin tərkibi yoxdur”.

“Polis şahid deyil” prinsipi

Zülfüqar Eyvazovun vəkili Natiq Mustafayev cinayət işinin materiallarının ibtidai istintaq zamanı saxtalaşdırıldığını vurğuladı. O, prokurorun analoqu olmayan bir çıxış etdiyini bildirdi.
Vəkil dedi ki, üstündən narkotik çıxanlara verilən cəza ictimai-siyasi fəllara istənilən cəzadan xeyli yüngül olur. Bu isə dolayısıyla onu göstərir ki, dövlət narkomanların şəxsiyyətini fəal vətəndaşların şəxsiyyətindən üstün tutur.
Natiq Mustafayev onu da bildirdi ki, iş üzrə şahid kimi dindirilən polislərin ifadələri mötəbər sayılmamalı və sübutlar siyahısından çıxarılmalıdır: “Polis işçilərinin ifadələri nəinki mötəbər sayıla bilməz, həmin sübutlar hüquqi qüvvəsi olmayan hesab edilməli, ittihamın sübutunda istifadə olunmamalıdır. Çünki beynəlxalq qanunvericiliyin ümumi prinsiplərindən biri də “polis şahid deyil” prinsipidir”.
Hüquqlarını müdafiə etdiyi Zülfüqar Eyvazovun heç bir cinayət törətmədiyini vurğulayan vəkil müvəkkilinin barəsində bəraət hökmü çıxarılmasını istədi. Bununla yanaşı, o da Fazil Həsənəliyev və Hacıbala Abutalıbovun barəsində xüsusi qərardad çıxarılmasına dair həmkarının təklifini dəstəklədi.
Məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək.

Natiq