YAP icra katibinin müavinindən tərbiyəsizlik

Nurəddin Məmmədli: «Mübariz Qurbanlının od püskürməsi onun təşviş içində olmasından xəbər verir»

«Bizim tərbiyəmiz və əxlaqımız onların səviyyəsinə enməyə imkan vermir»

“Ictimai Palata adlanan qurumun toplantısı və onun sənədi ölkənin ictimai rəyi üçün heç bir əhəmiyyət kəsb etmir. Ictimai Palata guya ”demokratiyaya keçid haqqında” hansısa sənəd hazırlayıb. Əvvəla Azərbaycan demokratik ölkədir. Bu gün ölkədə hansısa prosesdə keçidə ehtiyac varsa, bu da həmin o radikal, pas atmış müxalifətin yeniləşməsinə, yeni dövrə uyğunlaşmasına keçid ola bilər”.
Bu fikirləri Ictimai Palatanın ölkədə demokratik dəyişikliklər üçün hakimiyyətə təqdim etdiyi “Yol xəritəsi”nə münasibətində YAP icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. M.Qurbanlı deyib ki, Ictimai Palatanın hazırladığı sənədi oxumağa belə, ehtiyac yoxdur: “Bunlar pas atıblar. Ictimai Palatadan naftalin iyi gəlir. Naftalin iyi gələnlərin sözlərinə qulaq asmaq adamda ürəkbulanması yaradır. Buna görə, nə onların yazdığı sənədi oxumağa, nə də onlara qulaq asmağa ehtiyac var. Mənasız çıxışlar, mənasız söhbətlərdir. ”Ictimai Palata” mənasız adamların mənasız yığnağından ibarətdir.
Palata nə deməkdir? Palata sözünü başqa sözlə ifadə etsək, siyasi baxımdan xəstələrin palatasıdır. Yığışırlar, mənasız danışıb, dağılışırlar”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli Mübariz Qurbanlının  heç vaxt böyük intellekt və səviyyəyə sahib olmadığını bildirir: “Biz həmişə çalışmışıq ki, nə qədər layiq olsalar belə, YAP ideoloqlarını təhqir etməyək. Çünki bizim nə tərbiyəmiz, nə əxlaqımız onların səviyyəsinə enməyə imkan verir. Biz normal tərbiyə, normal təhsil almışıq və başqalarının qoltuğunda səadət axtarmırıq. Haqqın tərəfində olduğumuz üçün daim təqib edilirik. Mübariz Qurbanlı ömür boyu böyük intellektin, səviyyənin sahibi olmayıb. Bu gün isə özünə xas, hətta öz səviyyəsindən aşağı olan ifadələrlə, müxalifəti təhqir etməklə guya nəyəsə nail olmaq istəyir. Onun nəzərinə çatdırıram ki, Azərbaycanın demokratik ölkə olmadığını bütün beynəlxalq təşkilatlar, Qərbin aparıcı ölkələri, yaxın və uzaq qonşularımızın hamısı birmənalı şəkildə etiraf edir. Azərbaycan bu gün mövcud diktaturalar zəncirində ən zəif, ən despostik ölkəyə çevrilir”.
N.Məmmədli deyir ki, bu ölkənin gücsüzlüyünü göstərən bütün kriteriyalar ortadadır: “Hakimiyyətin gücü xalqla birliyində olur. Bu hakimiyyət xalqa nifrət edir, xalq da onlara. Ikincisi, hakimiyyətin gücü onun komandasındadır. Bu komandanın fəal üzvlərindən biri Mübariz Qurbanlıdırsa, o komandanın hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Hakimiyyətin gücü onun parlamentindədir. Çünki insanlar öz seçdiklərinə hörmət edirlər, onların dediklərinə rəğbətlə yanaşırlar. Azərbaycan parlamenti bir dəstə saxtakardan ibarətdir. Bu adamlar deputat fəaliyyətindən daha çox biznes və yaltaqla məşğuldular. Hakimiyyətin gücü onun beynəlxalq dəstəyindədir. Son illər hansısa beynəlxalq təşkilat və ya əcnəbi mətbuat Azərbaycan hakimiyyəti haqqında xoş söz deməyib. Bu hakimiyyət hər yerdə tənqid, ifşa olunur”.
N.Məmmədlinin fikrincə, M.Qurbanlının od püskürməsi onun təşviş içində olmasından xəbər verir: “Çünki yaxınlaşan inqilabın onun üçün hansı faciələri gətirəcəyini çox yaxşı dərk edir”.