Vidadi İsgəndərli hakimiyyəti topa tutdu

Hüquq müdafiəçisinin məhkəməsində ibtidai istintaq darmadağın olundu

Hakim prokurorun telefonunu müsadirə etdi

Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi, Ictimai Palatanın (IP) Təhqiqat Qrupunun sədri Vidadi Isgəndərlinin işi üzrə məhkəmə prosesi davam edir. Ötən gün hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən növbəti prosesdə də hər zamankı kimi, zala keçmək istəyən vətəndaşlar, media və ATƏT nümayəndələri, siyasətçilər məhkəmə binasının girişindəki polis postunda diqqətlə dəmiraxtaranla yoxlamadan keçirildi, adları, soyadları naməlum qeydiyyat dəftərinə yazıldı, telefonlar, foto-videoaparatlar, diktafonlar heç bir səbəb göstərilmədən alındı.

“Həbs edilməmişəm, dövlət məni girov götürüb”

Prosesdə V.Isgəndərli vəsatətlə çıxış etdi. Hüquq müdafiəçisi məhkəmədə verəcəyi ifadənin audiolentə alınmasını xahiş etdi. Hüquq müdafiəçisi məhkəmədə faktlar açıqlayacağını əsas gətirərək, təhlükəsizliyinin təmin edilməsi üçün ifadəsinin audio lentə alınmasının vacib olduğunu qeyd etdi. Məhkəmə həmin vəsatəti təmin etmədi. Bundan əlavə V.Isgəndərli 2010-cu il noybarın 5-də parlament seçkisi ilə bağlı ITV-də yayımlanan çıxışının məhkəmədə göstərilməsini xahiş etdi. O bildirdi ki, həmin çıxışından sonra barəsində cinayət işi başlanıb. V.Isgəndərli ifadəsinə həmin çıxışının göstərilməsindən sonra başlayacağını qeyd etdi. Bundan sonra hüquq müdafiəçisinin ITV-də yayımlanan çıxışı məhkəmədə nümayiş etdirildi və daha sonra V.Isgəndərli növbəti vəsatətlə çıxış etdi:
– Hörmətli məhkəmə, mən qanunsuz olaraq həbs edilmişəm. Bu da məhkəmə araşdırması zamanı sübuta yetirilib. Siyasi sifarişlə həbs edilməyim heç kimə sirr deyil. Ancaq tövsiyə edirəm ki, siyasi sifarişi nə prokuror, nə də məhkəmə icra etsin. Qanunsuz qərar və ya hökm çıxarıldığı halda prokurordan və hakimdən 500 min manat təzminat tələb edəcəm..
Hüquq müdafiəçisinin vəsatəti müzakirə edilmədi və hakim ona söz verdi. Isgəndərli məhkəmədə ifadə verməyə başladı: “Mənim məqsədim, mübarizəm ölkədə hüququn bərpa edilməsi olub. Lakin buna baxmayaraq, məni həbs ediblər. Ilk gündən bildirmişəm ki, barəmdə qanunsuz cinayət işi başlayıblar. Faktiki olaraq həbs edilməmişəm, hakimiyyət məni girov götürüb. Hacı Məmmədovun törətdiyi cinayətlərlə hakimiyyətin mənə qarşı törətdiyi cinayət oxşardır. Sadəcə olaraq, Hacı Məmmədov varlılara qarşı cinayət törədib, lakin dövlət kasıb Vidadi Isgəndərliyə qarşı cinayət törətmiş olub. Dövlət öz zorakı aparatından istifadə etməklə türmələri girovxanaya çevirib. Uzun illər prokurorluq orqanlarında işləmişəm və bu qurumun korrupsiya yuvası olmasının şahidi olmuşam. 2000-ci ildən Zakir Qaralovla konfliktim yaranıb. Bu münasibətdən sonra Zakir Qaralov məni qanunsuz olaraq işdən çıxardı. Təxminən 4 ay sərəncamda olandan sonra Ismayıllı Rayon Prokurorluğuna məni müstəntiq təyin etdilər. Həmin vaxt icra başçısının və rayon prokurorunun təhdidlərindən bezən bir vətəndaş intihar etdi. Həmin cinayət işini araşdıraraq, rüşvət olayını ortaya çıxarmışdım. Intihar edən rayon sakini, YAP-ın üzvü olmuş Bəşir Islamov idi. Həmin şəxs 100 baş qoyununu satmaqla icra başçısı və prokurora rüşvət vermək məcburiyyətində qalmışdı. O, rüşvətdən boyun qaçırmaq üçün intihara əl atmışdı. Mən də bu faktı araşdırıb baş prokurorun müavini Rüstəm Usubova məruzə etdim. Dedim ki, intihar edən şəxs balalarını saxlamaq üçün bu addımı atıb. Onun intihar etməmişdən əvvəl apardığı qeydləri də ortaya çıxdı. O, çıxış yolunu intihar etməkdə gördüyünü qeyd etmişdi. Bu cinayət işini araşdırarkən rayonun icra başçısına və rayon prokuroruna qarşı ifadələr almışdım. Çünki hadisənin çoxsaylı şahidləri mərhumun nə üçün intihar etməsinin səbəblərini açıqlamışdılar”.
“Ziya Məmmədov icra başçısının mənimsədiyi 1 milyon manatı qaytardı”
Hüquq müdafiəçisi daha sonra Göyçayın icra başçısı Mənsur Məmmədovun korrupsiya cinayətlərindən danışmağa başladı. O söylədi ki, bir qrup rayon sakini icra başçısının 30-40 min manat rüşvət alması ilə bağlı ona müraciət edib. Onun sözlərinə görə, həmin müraciət əsasında araşdırma aparıb və bununla da icra başçısı Məmmədovun 600 min manatdan çox rüşvət almasının qarşısını alıb.
“GEN” MMC tikinti şirkətində baş verən dələduzluq olayı ilə bağlı zərərçəkmişlərin hüquqlarını müdafiə etdiyini deyən hüquq müdafiəçisinin sözlərinə görə, şirkətin rəhbəri Elbrus Əliyev ümumilikdə 16 milyon manat mənimsəmədə ittiham edilirdi: “Mən bu cinayət işini oxuyanda dəhşətə gəldim. Orada baş verənlər, Elbrus Əliyevin 6 icra başçına 200 min, yarım milyon verdiyi rüşvətləri prokurorluq araşdırmaqda maraqlı olmayıb. Prokurorluq cinayəti ört-basdır etmək məqsədilə işin araşdırmasını polisə tapşırmışdı. Mən cinayət işi ilə tanış olandan sonra bu barədə mətbuatda çıxışlar etdim. Bununla bağlı ”Azadlıq” radiosunda prokurorluğu rüşvətdə ittiham etdim. Bundan sonra məni Zakir Qaralov qəbul etdi. Həmin qəbulda Zakir Qaralov məni ehtiyatlı olmağa çağırdı. Həmin görüşdə prokurorluqda 400 milyonluq korrupsiyanın olmasından danışdım. Ertəsi gün “Bizim yol” qəzetində “Prokurorluqda 400 milyonluq rüşvət” sərlövhəli yazı dərc edildi”.
Hüquq müdafiəçisi ifadəsində Göyçayın keçmiş polis rəisi Vüqar Məmmədyarovun şərləyərək həbs etdiyi iş adamı Çingiz Mayılovu müdafiə etməsindən danışdı. V.Isgəndərli bildirdi ki, icra başçısı Mənsur Məmmədov dövlət əmlakını mənimsəməklə məşğuldur: “Rayonda muzeyin tikintisindən Mənsur Məmmədov 2 milyon manat mənimsəmişdi. Məsələ böyüyəndən sonra Ziya Məmmədov mənimsənilmiş vəsaitin 1 milyon manatını hansısa yolla qaytardı”.
V.Isgəndərli daha sonra Nəqliyyat Nazirliyinin əməkdaşlarının döydüyü Mehman Əmirquliyevin cinayət işindən danışdı: “Mehman Əmirquliyevi Ziya Məmmədovun 6 işçisi vəhşicəsinə döymüşdü. Hətta onun pulunu, mobil telefonunu və sənədlərini də əlindən zorla almışdılar. Ziya Məmmədovun qoçularının soyğunçuluğuna məruz qalmış Mehman Əmirquliyevin barəsində prokurorluq cinayət işi başladı. Lakin mən müdafiə prosesinə qoşulandan sonra Mehman Əmirquliyev azadlığa buraxıldı və Ziya Məmmədovun işçiləri həbs edildi. 7 ilə qədər həbs cəzası gözləyən Ziya Məmmədovun işçiləri hansı yollasa azadlığa buraxıldılar və cinayət törətmiş həmin şəxslər bu gün də vəzifə başındadırlar”.

“Zakir Qaralov Ramiz Mehdiyevə günahkar olduğunu dedi”

V.Isgəndərli onu da bildirdi ki, işdən azad edilməsi ilə bağlı Zakir Qaralov Ramiz Mehdiyevə günahkar olduğunu deyib. Onun sözlərinə görə, 2000-ci ildə prokurorluq orqanlarından xaric edilməsində Ramiz Mehdiyevin göstərişi olub. Hüquq müdafiəçisi daha sonra ifadəsində qeyd etdi ki, ona qarşı dəfələrlə sui-qəsd həyata keçirilib: “Çox müəmmalıdır ki, Azərbaycanda törədilən və açılmayan cinayətlərin arxasından gürcüstanlılar çıxır. Elmarın da, digər şəxslərin də  öldürülməsində gürcüstanlı əli çıxması bir çox mətləblərdən xəbər verir. Hələ mənim həyatıma sui-qəsd hazırlamağa cəhd edənlər də gürcüstanlı oldu. Ata evimdə olduğum zaman orada 3 nəfər şübhəli göründü. Onlara yaxınlaşanda gürcüstanlı olduqlarını və yolu azaraq bura gəldiklərini bildirdilər. Bununla bağlı baş prokuror Zakir Qaralova müraciət etsəm də, nəticəsi olmadı”.
Bu zaman dövlət ittihamçısı Nəriman Ələkbərov V.Isgəndərlinin ifadəsinə etirazını bildirdi:
– Hörmətli hakim, təqsirləndirilən şəxs ittihamdan kənara çıxır…
– Mən burada hadisələrdən danışıram, həyatıma sui-qəsddən danışıram, prokurorluq orqanlarında olan cinayətlərdən danışıram.
– Bilmək olmaz kim nə edib.
– Siz də yaxşı bilirsiz ki, həbs edilməyim əsassızdır. Həyatıma sui-qəsd olub. Bununla bağlı MTN-də olmuşam, sənədləri təqdim etmişəm. Həyatıma sui-qəsdin olmasını Zakir Qaralov araşdırmaqda maraqlı olmayıb. Şikayətim 3 ay Zakir Qaralovun stolunun üstündə qalıb. Onu da qeyd edim ki, 2000-ci ildən sonra prokurorluq orqanlarında meyit alveri ilə məşğul olmağa başlayıblar.
Dövlət ittihamçısı yenə də etiraz edir:
– Hörmətli hakim, təqsirləndirilən şəxsə ittiham üzrə ifadə verməyi məsləhət bilin. Burada başqa-başqa hadisələri danışmağın nə əhəmiyyəti var…
– Bunu mən özümdən demirəm, Göyçay Rayon Prokurorluğunun baş müstəntiqi Aftandil Babayevin meyit alveri ilə məşğul olması barədə mətbuatda geniş məlumatlar gedib. Buna etiraz etməklə nəyisə gizlətməyə əsas yoxdur. Meyit alveri edən müstəntiqin barəsində ciddi tədbirlər görülməsi üçün qızının meyitini satın alan Göyçay rayonu Qaraməryəm kənd sakini Nəriman Ağayev mənə müraciət etdi.
Dövlət ittihamçısı:
– Bunları məhkəmədə danışmağın nə əhəmiyyəti var?!
V. Isgəndərli:
– Mərhum qızın atası müstəntiqə rüşvət verməsi üçün meyitin qəbirdən çıxarılmasına razılıq verdi. 7 aydan sonra qəbir açıldı. Meyit yarılmamışdı. Araşdırmalardan sonra Aftandil Babayevin barəsində Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə cinayət işi başladı. Sonradan cinayət işi dayandırıldı və Aftandil Babayev Tərtərə prokuror köməkçisi göndərildi.

“Mənə mesaj yolladılar ki…”

Daha sonra 2010-cu ilin seçki saxtakarlığından danışan hüquq müdafiəçisi bildirdi ki, müşahidəçi Ceyhun Əsgərov həmin gün vəhşicəsinə döyülüb. V.Isgəndərli seçki saxtakarlığı ilə bağlı MSK-ya müraciət etsə də, onun müraciətinə qeyri-dəqiq cavab verilib.
Fasilə elan olundu. Fasilədən sonra hüquq müdafiəçisi ifadəsinin davamına başladı. O bildirdi ki, Zakir Qaralov “GEN” MMC ilə bağlı ona qondarma cinayət işi açıb: “Guya aldadılmış vətəndaşlar etiraz aksiyası keçirən zaman Bakı meri Hacıbala Abutalıbovu döyüblər. Bu iğtişaşı da mən təşkil etmişəm. Gülünc bir ittiham olduğunu sonradan duyub işi yarımçıq saxladılar. Mən hüquq müdafiəçisiyəm. Vəzifəm kimliyindən asılı olmayaraq haqqı tapdanmış insanlara hüquqi yardım göstərməkdir. Mənə müraciət edənlərin yarıdan çoxu hakim partiyanın üzvləridir. Prezident Administrasiyasından gələn şəxslər mənə dedilər ki, bu cür işlərə baş qoşmayım. Sonra da söylədilər ki, ”bizdən nə istəyirsən”. Qanqster Hacı Məmmədovun qətlə yetirdiyi Rəna Nəsibovayla bağlı mətbuata açıqlamalar vermişəm. Az sonra xəbər yolladılar ki, mənim həyatım bundan sonra Rəna Nəsibovanın həyatından yaxşı olmayacaq”.
V.Isgəndərli polislərin döyərək öldürdüyü Elvin Əsgərovun ailəsinin müraciəti əsasında onun hüquqlarını qoruduğunu söylədi: “Elvin Əsgərovla bağlı işə başlayanda çoxlu yerdən mənə hədə zəngləri gəldi. Yüksək rütbəli şəxslər mənə bildirdilər ki, bu cinayət işi heç vaxt açılmayacaq. Çünki bu işin arxasında bir neçə məmur balası dayanıb. Budur mənim fəaliyyətim. Haqsızlıqla üzləşən insanların haqqını qoruyuram. Buna görə məni həbs ediblər”.
Prokurorun telefonu müsadirə olundu
Hüquq müdafiəçisi seçkiylə də bağlı danışdı. O bildirdi ki, 17 saylı məntəqədə qanunsuz kəsilmiş bülletenləri götürüb: “Ancaq mən nə məntəqə sədri, nə də katibi ilə əlbəyaxa olmuşam. Kəsilmiş bülletenləri götürüb gedəndə Araz qarşıma çıxdı. And verdi ki, getməyim. Telefonla da kiminləsə danışırdı. Ona heç nə etmədim. Heç barmağımın ucuyla belə, toxunmadım. ”Saxtakarlar”, “cinayətkarlar” deyib çıxıb getdim. Nəyə görə istintaq bülletenləri götürəndə 2, 16 və 17 saylı məntəqələri qeyd edib. 3, 4, 5 və başqa məntəqələrdə olan saxtakarlığı qeyd etmir? Nədən başqa məntəqələrdə götürdüyüm qanunsuz bülletenləri saya salmır? Açıq-aydın görünür ki, mən siyasi sifariş əsasında həbs olunmuşam. Buna heç kəsin şübhəsi yoxdur. Zakir Qaralovun əmriylə cinayət işinin açılması hər şeyə sübutdur. Adam düşmənini tutanda da kişi kimi tutar”.
Dövlət ittihamçısı:
– Sizin Araz Ələkbərovla hansısa bir qarşıdurmanız olub?
– Xeyr. Mən bülletenləri götürüb, çıxıb getdim. “Saxtakarsınız”, “cinayətkarsınız” deyib məntəqəni tərk etmişəm.
Dövlət ittihamçısının başqa sualı olmadığından hakim cinayət işində olan sənədləri elan etdi. Vidadi Isgəndərlinin mətbuata çıxan müsahibələri, Ilham Əliyevdən tutmuş Məzahir Pənahova qədər olan müraciətlərin bir qismi oxundu. Məlum oldu ki, seçki saxtakarlığıyla bağlı MSK sədri Məzahir Pənahova noyabrın 15-də məktub ünvanlayıb. Ancaq məktuba cavabı 12 noyabrda veriblər: “Daha bu qədər özbaşınalıq olmaz. Mən 15-də şikayət etmişəm, cavab verirlər ki, sizin şikayətinizə 12-də baxılıb. Bu şikayətdən apelyasiya, Ali Məhkəməyə müraciət edirəm, qərarı qüvvədə saxlayırlar. Mən hara müraciət edim? Ölkədə normal bir instansiya yoxdur ki, dərdini ora deyəsən”.
Bu vaxt prokurorun telefonuna zəng gəldi. Bu isə məhkəmə salonunda vəkildən tutmuş jurnalistlərə qədər hər kəsin – bir-bir yoxlanılıb telefonları əllərindən alınan şəxslərin – narazılığına səbəb oldu. Dövlət ittihamçısı bunu fasilə zamanı bayıra çıxıb telefonla danışması, sonra da təhvil verməyi yaddan çıxarmasıyla izah etdi. Hakimin qərarı ilə dövlət ittihamçısının telefonunu məhkəmə nəzarətçiləri müsadirə etdi.
Vidadi Isgəndərli buna özünəməxsus tərzdə reaksiya verdi: “Qaralov Zakir Bəkir oğlu tapşırıq verib ki, telefonu açıq saxlasın. Bunun vasitəsiylə məhkəməni dinləyir”.
Bu replikadan sonra məhkəmə 19 avqust, saat 10-a qədər təxirə salındı.

Ramin DEKO,
Göyçay