Imkanım olsaydı böyük dövlətlərə kiçik bir sorğu göndərərdim. Sizə diktator lazımdırmı? Güman etmirəm ki, cavab diktatorların ürəyincə olardı. Bəli, ola bilsin, Rusiya belə istəkdə bulunardı, amma digərləri isə çətin ki, bu işə baş qoşardı. Düzdür, əvvəllər vəziyyət tamam başqa cür idi, “bizim” və “sizin” diktatorlar vardı. Onların hər birinin də öz missiyası olurdu. Biri kommunist ideyaların öz ölkəsinə keçməsinin qarşısını alırdı və beləcə ABŞ-ın sevimli diktatoru olurdu. Digəri isə haradasa kommunist rejim bərqərar edirdi və bu yolla SSRI-nin sevimlisinə çevrilirdi. Birinin tipik nümunəsi A.Pinoçet və o birisinin nümunəsi isə F.Kastro idi.
Bəli, sistem çökdü vəziyyət dəyişdi və o illərin siyasi sxemi gərəksiz oldu. Mən bunları niyə deyirəm? Indi diktatorla üz-üzə qalan ölkələrə baxıram, onların başçılarını yada salıram. Məsələn, o ölkələrdən ikisi kimi Suriyanı və Liviyanı götürmək olar. Əsəd də, Qəzzafi də artıq yetim diktatorlardır. Onlar indi heç kimə lazım deyillər, hətta ölkələri də bu insanlardan imtina edir və Yer də yumru olduğundan onların qaçmağa da bir ünvanları yoxdur. Hər ikisini çox güman ki, S.Hüseynin taleyi gözləyir və buna çox da qalmayıb. Deyəsən, Suriya məsələsində bizim Türkiyəni önə vermək istəyirlər. Prinsipcə, Suriyaya əsgəri müdaxilə etmək Türkiyə üçün əlverişli olardı, çünki PKK-nın böyük bazaları məhz elə Suriya ərazisindəcə yerləşir, hər halda belə deyirlər. Amma Türkiyə siyasətçiləri əsgəri müdaxilə haqqında çox könülsüz danışırlar, onu inkar edirlər və eyni zamanda da son xəbərdarlıqdan danışırlar. Hər halda, maraqlıdır, görən, hadisələr nə zaman və necə bitəcək? Türkiyə müdaxilə edəcək, ya yox? Digər tərəfdən də Iran Türkiyəni bu fikirdən çəkindirmək istəyir. Indilər Iranın əlində Türkiyəni cəlb edəcək bir hədiyyə var – Iran PKK-nın ikinci adamını həbs edib. Lakin mən başqa cür düşünürəm. Əslində bu adamlar daim nəzarətdə olurlar, onları da missiyaları bitən vaxt, necə deyərlər, məqamında götürürlər. Hər halda, Iran indi əlində çox qiymətli diplomatik hədiyyə tutub. Iranın Əsəd rejiminə belə maraq göstərməsi və dayaq olması aydındır.
Lakin mənə elə gəlir, Suriyada işlər sahmana düşəndən sonra Iranın özü hədəfə gələcək. Indi bu dövlət bir coğrafi reallıq və problemdir. Bir çox dövlətlər onunla coğrafiyanın amansız diqtəsinə görə yaxınlıq və qonşuluq edirlər, çünki fərdlərdən, insanlardan fərqli olaraq dövlətlər qonşularını seçmirlər. Amansız reallıq bizə də diqtə edir. Bəzən deyirlər ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi var, lakin xəritəyə ötəri baxmaq kifayətdir ki, bunun tamam əksinə əmin olasan. Bəli, Şimalda Rusiya, cənubda Iran, qərbdə Ermənistan! Əsl geosiyasi dalandır! Buna görə də biz də Iranla qonşuluq etməyə məhkumuq, çünki bunu bayaq dediyim kimi, coğrafi reallıq diqtə edir. Bəli, diktatorlardan geosiyasətə və siyasi coğrafiyaya keçdim. Amma bu da zəruridir. Ətrafımızdakı geosiyasi dalanı dəlməyin bir yolu var – Mərkəzi Asiya istiqamətində genişlənmək. Elə buna görə ipək yolu və “Nabukko” bizim üçün bir fürsətdir. Düzdür, məsələ hələ rüşeym halındadır, çünki bizi Mərkəzi Asiya ilə bağlayan iqtisadi, eləcə də siyasi tellər zəifdir, amma onları gücləndirmək də olar. Burada ciddi bir geosiyasi uduş var. Gürcüstan indi Azərbaycan üçün hansı önəm kəsb edir və hansı rol oynayırsa, Azərbaycan da Mərkəzi Asiya üçün məhz həmin rolu oynaya bilər.
Azərbaycanda “sosial lift” hansı istiqamətdə işləyir?
Bu günlərdə liftə minəndə ağlıma qəribə bənzətmə gəldi. Cəmiyyətin də öz sosial lifti olur, o, mobilliyi təmin edir. Bəli, sosial lift bizi mövcud iyerarxiya hüdudlarında hərəkət etdirir. Həm də bu, təkcə bizim cəmiyyətə aid deyil, o biri cəmiyyətlərdə də sosial lift işləyir. Amma bizim cəmiyyətin bircə özəlliyi var: o, yalnız kiçik bir qrupu yuxarı qaldırır, böyük əksəriyyəti isə endirir. Bu onun fərqli və xarakterik xüsusiyyətidir. Başqa cəmiyyətlərdə qalxanlarla və enənlər arasında bir təqribi bərabərlik olur. Bizdə isə əksinə, yalnız enirik…