Qəzzafi Liviyanı tərk etməyə hazırlaşır

Polkovnikin ailəsi və yaxın ətrafı ilə birlikdə Venesuelaya sığınacağı gözlənilir

Ölkədə vəziyyətin əleyhinə dəyişdiyini və üsyançıların paytaxt Tripoliyə yaxınlaşdığını görən Müəmmər Qəzzafi Liviyanı tərk etmək qərarına gəlib. Rusiya mətbuatının Liviya hərbi dairələrindəki mənbəyə istinadən yaydığı xəbərə görə, diktator xəstədir və hakimiyyəti Baş Xalq Ədliyyə komitəsinin katibi Məhəmməd Əmxama əl-Kamudiyə təhvil verərək ölkəni tərk etməyə hazırlaşır.

Mənbənin sözlərinə görə, Qəzzafi ölkəni tərk etməsi qarşılığında bir neçə şərt irəli sürüb. Diktator ilkin şərt olaraq Liviyada hərbi əməliyyatlar dayandırılmasın və NATO-nun bombardmanlarına son qoyulmasını tələb edib. İddia olunur ki, Qəzzafi yalnız bu tələblər yerinə yetirildikdən sonra ailəsi ilə birlikdə ölkəni tərk edəcək.

Məlumatda o da vurğulanır ki, hətta Qəzzafinin ölkədən getməsi üçün təyyarələr də hazırdır. Məlumata görə, Cənubi Afrikadan Tripoliyə 2 “Airbus” təyyarəsi gəlib. Onlardan biri boşdur. Ehtimallara görə, həmin təyyarədə Qəzzafi öz ailəsi və yaxın ətrafı ilə birlikdə Venesuelaya uçacaq.

Bəzi mənbələr isə bildirir ki, Liviya diktatoru yaxın köməkçilərindən olan Bəşir Salehi Britaniya və Fransa rəsmi nümayəndələri ilə müzakirələr aparmaq məqsədilə Maliyə göndərib. Məqsəd Qəzaafinin ölkədən getdikdən sonra onun təhlükəsizliyinə təminat almaqdır.

İnformasiya şöbəsi