Ölkənin neft pulları qəddarcasına talan edilir

Son 7 ayda tikinti-abadlıq işlərinə 5,5, 2006-2010-cu ildə investisiya xərclərinə isə 15 milyard manat silinib

Mirvari Qəhrəmanlı: «Xərclənən vəsaitlər üzərində heç bir ictimai nəzarətin olmaması, onları korrupsiya mənbəyi edir»

Bu ilin əvvəlindən Azərbaycanın inşaat kompleksində aparılmış işlərin yerinə yetirilməsi üçün 5,5 milyard manat məbləğində vəsaitdən istifadə edilib. Bu vəsaitin 59,7%-i və ya 3,3 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Kifayət qədər böyük məbləğ olan 5,5 milyardın ilin yarısında xərclənməsi bir sıra suallar yaratmamış deyil. Bir maraqlı statistikanı da diqqətinizə çatdıraq. Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2006-2010-cu illər üzrə dövlət büdcəsindən 14 milyard 820 milyon manat yalnız investisiya xərclərinə yönəlib. Bu da həmin illər üzrə xərclənən büdcə vəsaitlərinin 34,5 faizini təşkil edir. Əlbəttə, bütün xərclənən vəsaitlərin neft pulları olduğu nəzərə alınarsa, gələcək nəsillərə neft gəlirlərindən heç nə qalmayacağını söyləmək olar.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, hər il büdcədən paytaxtdakı tikinti işlərinə milyardlarla vəsait ayrılsa da, onların heç də tam hamısı istiqaməti üzrə xərclənir. Azərbaycanda ən korrupsiyaya uğramış sahənin məhz tikinti olduğunu deyən M.Qəhrəmanlı əlavə etdi ki, burada xərclənən vəsaitlərin nə şəffaflığına fikir verilir, nə də onlarla bağlı zəruri hesabatlar açıqlanır: “Hazırda Bakıda böyük söküntülər aparılır. Amma bu söküntülərin hansını dövlət, hansını isə özəl qurumların etdiyi məlum deyil. Bu söküntülərə, daha sonra isə həmin ərazilərdəki tikintilərə külli miqdarda vəsait silinir. Bütün bu xərclənən vəsaitlər üzərində heç bir ictimai nəzarətin olmaması, onlara görə hesabatın açıqlanmaması onları korrupsiya mənbəyi edir. Bir qayda olaraq normal ölkələrdə bu cür iri xərcləmələr olanda əhaliyə bu barədə əvvəlcədən məlumat verilir”.
Hazırda Azərbaycanın dövlət büdcəsinin neft fondundan tam asılı vəziyyətdə olduğunu deyən M.Qəhrəmanlı qeyd etdi ki, bu, olduqca təhlükəli tendensiyadır.

Xəyal