2011-ci ilin əvvəlində cənabi-möhtərəmin korrupsiyaya qarşı Dünya Bankının bir milyard dollarlıq qrantını əritmək üçün başladığı mübarizə çoxdan sona çatıb. Bir-iki aylıq aşağı müstəvidə “davam edən” antikorrupsiya millətin kələyini kəsmişdi az qala və şükürlər olsun Allahın kərəminə ki, həşəmətli möhtərəmimiz dərhal bu “kələkkəsmə” əməliyyatını saxlamaqla milləti zəlil və zəbun olmaqdan qorudu. Rüşvət – bu hakimiyyətin təkcə suyu, çayı, Dubayda unitazı çökən villası, gündən-günə şişən ATA, Paşa, Gilan, ZQAN holdinqi deyil, həm də oksigenidir və bu oksigendən məhrum olmağın aqibətini hamı çox gözəl təsəvvür edir.Amma hər şey qaydasına düşəndən, xalq və onun illərdi başının üstündə ağalıq edən məmurları növbəti dəfə rahat nəfəs alıb 2 aylıq “antikorrupsiyanın” əvəzini millətin canından çıxarmağa girişəndən sonra bəlli oldu ki, sən deməyəsən, antirüşvət dalğası bitməyibmiş. Elə bunun nəticəsidir ki, dünən 2 vergi müfəttişini min manat rüşvət alarkən dəyərli paqon yoldaşları ələ keçiriblər.
Əlbəttə, həmin vergi müfəttişlərini min manata görə nəinki həbs etmək, hətta güllələmək lazımdır – baxmayaraq ki, ölüm hökmü ləğv edilib. Adam da min manat rüşvət alar? Bəs, bəxbəxt uşağı, rüşvət alanda fikirləşmirdiniz ki, əgər “ələ keçsəniz”, bu zibilin nə qədərini verib qurtaracaqsınız? Min manatı kimə təklif edəcəksiniz ki, sizi buraxsınlar? O andıra qalmış min manat hörmətlilərin heç çay pulu da deyil. Di, gedin, evinizi-eşiyinizi satın, xirtdəyəcən borca girin, – elə bilirlər, rüşvət almaq asan şeydi və hər yoldan ötən bunu bacarar!
Vergi müfəttişlərinin güllələnməsini şərtləndirən digər səbəb də savadsız, küt və ağılsız olmalarıdır. Bu gedələr 18 ildir Azərbaycanda təşəkkül tapmış, böyük və füsunkar istedadlar yetişdirərək dünyaya bəxş etmiş, regionda və dünyada analoqu olmayan bir ali məktəbin – Rüşvətxorluq və Korrupsiya Akademiyasının boyunu yerə soxdular, min manat rüşvət almaqla hakimiyyətin layiq olduğu yeri hörmətdən saldılar.
Müqayisə üçün bir faktı deyək: bu yaxınlarda həmkarlarımız Hüseyn Arabulun varisi, “Bakelektrikşəbəkə”nin çox hörmətli və çox dəyərli sədri Baba Rzayevin dövlət büdcəsindən ayrılan 335 milyon manatlıq investisiyanı necə mənimsədiyi barədə faktlar aşkarlayıblar. Hələ onu demirəm ki, hörmətli və sayğıdəyər Baba müəllimin elə təzəcə yekunlaşdırmaq üzrə olduğu sonuncu villasının dəyəri 17 milyon avrodur ki, bu da cənabi-möhtərəmimizin Dubayda aldığı malikanələrin birinin dəyərindən daha çoxdur! Baxın, Baba Rzayevə gözünün üstə qaşın var deyən oldu?
Olmayacaq da! Çünki adam dövlətə və dövlətçiliyə xidmət edir, ölkənin nüfuzunu qaldırır, prezidentin adını yüksəldir! Məsələn, hansısa ölkədə və ya hansısa dönəmdə bir statistikaçı (tarixçi də ola bilər) dura və bəyan edə bilər ki, Ilham Əliyevin hakimiyyətdə olduğu dönəmdə Azərbaycanda milyardlarla vəsait dövlət büdcəsindən korrupsiya yolu ilə mənimsənilib; Elə təkcə “Bakelektrikşəbəkə” 2-3 il müddətində büdcədən 335 milyon manat yeyib!Beləliklə, Ilham Əliyevin adını bir neçə milyardlıq, ən azı isə bir neçə yüz milyonluq korrupsiya və rüşvət faktlarında hallandırmaqla millətimizin gənc və perspektivli lideri haqda daha geniş və layiqli təsəvvürün yaranmasına səbəb olmaq lazımdır. Yoxsa, min manat? Indi Ilham Əliyev min manat rüşvətlərə şərait yaradan adam kimi tarixə düşməlidir? Belə insafsızlıq olar? Adamdan soruşmazlarmı ki, təkcə neftdən ildə 36 milyard pul götürən, bütün ölkəni ailəsinin və yaxınlarının şəxsi obyektinə çevirən, 10 milyonluq xalqı qul kimi işlədən, kimsənin haqqını tanımayan bir şəxs də 1000 manatlıq qəpik-quruşa “HƏ” deyər?Deməz, etməz bizim möhtərəmimiz və onun ətrafında olan böyük və intellektual kəsim! Heç də təsadüf deyil ki, bu gedələrin aşkar olunması əməliyyatında Vergilər Nazirliyi şəxsən iştirak edib, iqtidar mətbuatı isə bu biabırçı faktı “Rüşvətxorlar yaxalandı” adıyla manşetə çıxarıb. Dərhal hiss olunur ki, min manat yuxarıları çox narahat edib…
Qoy, o birilərinə görk olsun! Mən ölü, siz diri – daha heç bir müfəttiş mağazadan min manat rüşvət istəməyəcək.“Haqq” – ada, sana və şöhrətə layiq səviyyəyə qalxmalıdır…

Min manat rüşvət alan yaramazlar
•