“Barselona” Superkuboku da qazandı(VİDEO)

İspaniya Superkubokunun yeni qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Barselona” əzəli rəqibi “Real” üzərində qazandığı növbəti qələbə ilə daha bir titula sahib çıxıb. 

“Nou Kamp” stadionundakı cavab görüşü də məhsuldar alınıb. Hesabı 14-cü dəqiqədə “Barsa”nın yarımmüdafiəçisi Andreas İnyesta açıb. Ancaq “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo bundan cəmi 5 dəqiqə sonra tarazlığı bərpa edib. Lionel Messi 44-cü dəqiqədə vurduğu qolla meydan sahiblərini yenidən hesabda irəli çıxarıb – 2:1. 
Fasiləyə hesabda irəlidə yollanan “Barsa”ya bu nəticə Superkuboku qazanmağa imkan verirdi. Çünki “Santyaqo Bernabeu”dakı ilk oyun 2:2 hesabı ilə nəticələnmişdi. Ancaq “Real”ın fransalı hücumçusu Kərim Benzema 82-ci dəqiqədə hesabı bərabərləşdirməklə, oyunun əlavə vaxta gedəcəyini göz önünə gətirdi. Ancaq sən saydığını say, gör Messi nə sayır. “Real”ın qolundan 1 dəqiqə sonra meydana daxil olan yeni transfer Sesk Fabreqasın başladığı hücum qolla nəticələndi. Messi 88-ci dəqiqədə etdiyi dublla əvəzolunmaz futbolçu olduğunu bir daha göstərərək, “Barsa”ya Superkubok qazandırıb – 3:2. 
Qeyd edək ki, “Real” portuqaliyalı baş məşqçisi Joze Mourinyonun gəlişindən sonra “Barsa”ya yalnız 1 dəfə, ötən mövsüm ölkə kubokunun finalında qalib gələ bilib (1:0). Kataloniyalılar isə əzəli rəqibini indiyədək Superkubokda yenə bilməmişdi. Nəhayət, tilsim 5-ci oyunda qırıldı.