Evyıxanlar

El arasında qarğış xarakterli bir deyim var.
“Allah evini yıxsın”.
Azərbaycanda allahlıq iddiasında olanlar evləri dağıdır.
Bu xalq elə bil YAP iqtidarının qəzəbinə tuş olub.
Günün günorta çağında traktorla, ekskvatorla vətəndaşın evini dağıdırlar.
Və əsas vəzifəsi asayişi qormaqdan ibarət olan polisləri də evdağıtma əməliyyatlarına cəlb edirlər ki, evi yıxılan səsini çıxaranda ya dubinkanın altına salsın, ya da qolunu qandallayıb həbs etsin.
Avropanın sivil dövlətlərini demirəm, YAP iqtidarının bəyənmədiyi Iranda dövlət ev bir yana qalsın, vətəndaşa məxsus bir metr torpağı belə onun əlindən ala bilməz.
Illah ki, o vətəndaşın əlində evin və ya torpağın ona məxsusluğu barədə dövlətdən aldığı sənəd ola. Işdir, əlahiddə bir vəziyyət yaranırsa, dövlət özü vətəndaşın ayağına gedib onu razı salır.
Əslində burada qeyri-adi bir şey də yoxdur, dövlət yalnız vətəndaşını razı saldıqdan sonar onun evini sökə bilər.
Ta Azərbaycandakı kimi yox.
Tayfaya yaxın adam bir obyekt inşa etdirəndə neçə adamın evi “plana” düşür. Və elə kompensasiya təklif edirlər ki, ev sahibinin gözü kəlləsinə çıxır.
Narazıların ərizəsini oxuyan kimdir, bu məmləkətdə.
Lap belə yüz dəfə Hacıbala Abutalıbovun idarəsinə, yaxud da padşahın iqamətgahına şikayətə getsinlər, ağızlarına vurub geri qaytarırlar.
Və şanlı polisimizin dəstəyi ilə evləri dağıdırlar.
Pulun ən pis xassələrindən biri də odur ki, sahibinin gözünü kor edir.
Harın məmurlar üçün əsla maraqlı deyil ki, ev dağıtmaq vətəndaşa nə qədər maddi-mənəvi zərbə vurur.
Harın məmur üçün evi dağıdılan vətəndaşın ahu-naləsi də eşidilməzdir.
Onlar dağıtdıqları evdə yaşayanın Azərbaycan vətəndaşı olduğunun da fərqində deyillər.
Çünki yaxşı bilirlər ki, bu gün dövlətə yiyəlik edənlər vətəndaşın – qara camaatın yox, onların arxasında dayanıb.
Odur ki, şəhərin mərkəzində və digər gözəgəlimli məkanlarda asanlıqla istədikləri obyektləri-hotelləri, restoranları, çoxmərtəbəli evləri inşa etdirib milyonlar qazanırlar.
YAP iqtidarının dönəmində onlarla deyil, yüzlərlə, minlərlə vətəndaşın evi dağıdılıb.
YAP iqtidarı yalnız ev dağıtma əməliyyatları ilə minlərlə vətəndaşın mənəviyyatını zədələyib, qüruruna toxunub.
Bunun üstünə ehtiyac ucbatından ailəsi dağılanları gəlin.
Sonra işsizlik üzündən evinin qapısını qıfıllayıb Türkiyəyə, Rusiyaya, Avropa ölkələrində məskunlaşan vətəndaşlarımızın sayını hesablayın.
Nəticə yüzdə-yüz sizi təəccübləndirəcək.
O qənaətə gələcəksiniz ki, bu iqtidar gerçəkdən ev dağıtmaqla məşğuldur.
18 ildir onlar hakimiyyətdədirlər.
18 ildir vətəndaşların evləri dağıdılır.
Və özlərinə məxsus telekanallarda səhərdən-axşama quruculuqdan, qalxınmadan, liderlikdən danışırlar. Etiraf etməyə dəyər, dövran onlarındır. Bildiklərini edirlər. Və haqq edirlər. Səsinə sahiblik etməyə qadir olmayan xalqın aqibəti bundan artıq ola bilməz.
Kimsə məni qınamasın, SƏSini qorumağı bacarmayana MILLƏT demək də günahdır.
Onlar evləri dağıdırlar.
Və belə davam etsə, hələ çox evlər dağılacaq da.