Əhməd Davudoğlu: «Əgər əməliyyatlar dayandırılmasa, bundan sonra danışılacaq heç nə qalmayacaq»
Suriyada Əsəd rejiminin dinc vətəndaşlara qarşı əməliyyatları davam etdirməsi diktatorun son şansını da itirdiyini söyləməyə əsas verir. Suriyadakı gərginliyin aradan qaldırılmasına yönəlik danışıqlarda vasitəçi olan Türkiyənin tələblərinə baxmayaraq, Əsəd rejiminin Həma şəhərindən sonra Lazkiyə və Humus şəhərində də kütləvi qətliam törətməsi rəsmi Ankaranın hiddətinə səbəb olub.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən axşam saatlarında gözlənilmədən keçirdiyi mətbuat konfransında Bəşər Əsədlə aparılan danışıqlar zamanı Ankaranın 2 tələbini çatdırdığını deyib. Nazir avqustun 11-dən bəri Suriya ordusunun əməliyyatlara fasilə vermədiyini və dinc sakinlərin öldürüldüyünü bildirib.
Davudoğlu Bəşər Əsədə sonuncu dəfə xəbərdarlıq ünvanlandığını, əməliyyatlar dayandırılmayacağı təqdirdə danışıqlara son qoyulacağını və Suriya hökumətinə qarşı ciddi addımlar atılacağını söyləyib: “Əgər əməliyyatlar dayandırılmasa, bundan sonra atılacaq addımlarla bağlı danışılası heç nə qalmayacaq. Bu əməliyyatların dərhal dayandırılmasını istəyirik”.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Türkiyənin Suriya ilə bağlı son açıqlamalarını Vaşinqtonun da dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə ilə ABŞ Suriyada zorakılıqların dayandırılması, hərbi qüvvələrin bölgələrdən çəkilməsi və demokratiyaya dinc keçidin tərəfdarıdır.
Iranın Xarici Işlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst, Suriyadakı qeyri-sabitliyin bölgəni təhlükəyə aparacağını və bundan yalnız Israilin faydalanacağını söyləyib. Mehmanpərəst Suriyadakı hadisələri “ölkənin daxili işi” adlandırıb. Mehmanpərəst ABŞ və Qərb ölkələrinin digər ölkələrin daxili işlərinə qarışmağa alışdıqlarını, hər növ mövzudan faydalanaraq ölkələri işğal etməyə cəhd göstərdiklərini bildirib.
Bu arada Ingiltərənin “The Times” qəzeti Bəşər Əsədin Ispaniyanın siyasi sığınacaq təklifini rədd etdiyini yazıb.