Problemli kreditlərin artması təsadüfi deyil

Yarım ildə problemli kreditlər 1 milyard manata yaxınlaşıb

Məhəmməd Talıblı: «Banklardakı «şapka» ağır olan kredit faizlərinin yükünü daha da artırır»

Azərbaycanda problemli kreditlərin həcmi 37% artıb. Ölkədə fəaliyyət göstərən bank-kredit təşkilatlarından müştərilərə ayrılmış kreditlərin məcmu həcmi 2011-ci il iyul ayının 1-i vəziyyətinə 9 mlrd. manatdır. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ödəmə vaxtı keçmiş kreditlər isə 557,9 mln. manata qədər artaraq, ümumi problemli kreditlərin 6,2%-ni təşkil edib. Bir çox ekspertlərin fikrincə, alınan kreditlərin vaxtında qaytarılmamasında bir neçə səbəb var. Ilk növbədə Azərbaycandakı bankların kreditləri yüksək faizlə vermələridir. Digər tərəfdən, artıq ölkədə kredit almanın əsas şərtinə çevrilən “şapka”nın geniş yayılması problemli kreditlərin sayını artıran faktordur.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı bildirdi ki, ildən-ilə problemli kreditlərin səviyyəsi artır. M.Talıblının sözlərinə görə, bu ilin yarısı üçün problemli kreditlərin səviyyəsinin manat nisbətilə 1 milyard manata yaxınlaşması ciddi rəqəmdir: “Adətən, problemli kreditlər uzunmüddətli kreditləri əhatə etmir. Amma nəzərə alanda ki, problemli kreditlərə artıq qısamüddətli kreditlərdən də düşən var, o zaman məlum olacaq ki, problemin miqyası yetərincə genişdir. Ötən illə müqayisədə problemli kreditlərin səviyyəsinin artması göstərir ki, bu sahədə monetar gərginlik var və proses yüksəlməkdə davam edir. Onun üçün Milli Bank bu sahədəki vəziyyəti araşdırıb, onun səbəblərini və doğurduğu nəticəni təhlil etsin”.
M.Talıblının fikrincə, əslində problemli kreditlərin ildən-ilə artmasını müvafiq banklar yeritdikləri siyasətdə nəzərə almalı idi. Kredit faizlərinin yüksək qalması kredit götürənlərin qaytarmasını çətinləşdirir və nəticədə bu sahədə kreditorların müştəri qıtlığı yaradır: “Özü də nəzərə alanda ki, kreditlərin struktrunda biznes layihələrindən daha çox, istehlak kreditlərinin həcmi artır. Çünki,  investisiya mühiti çətinləşir və biznes sferasında aktivlik azalır. Daxildəki investorlar öz vəsaitlərini daha çox xarici ölkələrə, o cümlədən Orta Asiya Respublikalarına, Gürcüstana yatırırlar. Azərbaycanda biznes qurumları ilə banklar arasında sıx əməkdaşlığı çətinləşdirən amil bank faizləridir. Bankların ”şapka”sı burada kredit faizləri qədər rol oynamır. Olan banklarda isə “şapka” əməliyyatları sahibkarların kredit faizlərinin yükünü daha da artırır, bu isə həmin əsas vəsaiti və faiz qalığını qaytarmaqda çətinlik yaradır”.

Xəyal