aliyev-ehmedinejad-bakida

Əliyevlərin dini – «milli təhlükəsizlik oyunu»

Rəsmi Bakının öz ssenarisi niyə yoxdur və bizi nə gözləyir?

Iran generalı Ilham Əliyevi hədəf alan, bütövlükdə Azərbaycanın maraq və təhlükəsizliyini təhdid edən bəyanat verdi. Qarşılığını hər kəsdən aldı. Ölkədəki iqtidarlı-müxalifətli bütün siyasi dairələr və media bu açıqlamaya sərt cavab verdi. Iran hökuməti bu vəziyyətin onların xeyirinə olmadığını görüb bir çox səviyyələrdə bəyanatı ya təkzib etdilər, ya da belə bir fikrin səsləndirilmədiyini dedilər. Amma Azərbaycan hökuməti bu bəyanatdan daha çox təşviş keçirdiyini (ola bilsin, başqa plan mövcuddur, aşağıda toxunacağıq) gizlədə bilmədi. Iranlı generalın təhdidinə Azərbaycan vətəndaşlarını həbs etməklə reaksiya verdi. Bu reaksiya ilk növbədə nəyə görə lazım deyildi? Birincisi, belə bir addım Azərbaycanın rəsmən təsdiqləməsdir ki, Iran Azərbaycanda rahatlıqla özünə tərəfdarlar toplaya bilib. Hətta o həddə ki, Azərbaycan hökuməti bu tərəfdarları özünə qarşı təhlükə sayır. Belə olan halda, başqa bir sual yaranır ki, Iranın Azərbaycanın daxilində bu qədər genişlənməsinə niyə şərait yaratmısız? Azərbaycanın ilgili qurumları hara baxırdılar? Onlar niyə Iran Mədəniyyət Mərkəzini indi təhlükə kimi elan edirlər? Gözləyirdilər ki, burada o qədər böyüsünlər ki, milli təhlükəsizliyə təhdidə çevrilsinlər, hətta Iran hökuməti bundan yararlansın, sonra ifşa etsinlər? Bunun izahını hər halda mən verməməliyəm və verə də bilmərəm. Amma belə bir versiya ağıla gəlir ki, Azərbaycanın bu məsələdə Irana müqavimət imkanı olmayıb. Bunu həm də ondan sezmək olar ki, Azərbaycan hökuməti öncə məhz ictimaiyyətin və siyasi müxalifətin mövqe bildirməsindən sonra cəsur mövqelər ifadə etdi. Bu baxımdan biz daha çox, müdafiə nazirinin, Müdafiə Nazirliyi baş qərargah rəisinin və ya prezidentin hərbi məsələlər üzrə müşavirinin cavabını daha səlahiyyətli hesab edirik və onların susmasını anlamaqda çətinlik çəkirik. Necə ki, Sərhəd qoşunlarının komandanı Elçin Quliyevin müdaxiləsini ailə yaxınının müdafiəçisi olaraq, yoxsa Azərbaycanın bu boyda hədəni sərhəd məsələsi kontekstinə endirməsi kimi qiymətləndirməkdə qərar verə bilmirik. Bütün hallarda Iranın burada ideoloji cəbhədə üstünlük qazanması bir hadisəyə çevrilibsə, bu prosesin qarşısı başlayanda alınmayıbsa, yaxud da alına bilinməyibsə, onda nəticə ilə hansı effektli mübarizədən söhbət gedə bilər?

Rədd olsun demokratiya,  ortaq dəyər – Kalaşnikov

Azərbaycan hökumətinin bu prosesdə nədənsə yararlanmaq cəhdi ola bilərmi? Əslində, bu sualı yersiz saymaq da olar. Bu mənada ki, hökumət xeyli təlaşlı görünür. Amma bütün hallarda Ilham Əliyev üçün daha sərfəli məqamlar olanda niyə də istifadə etməsin. Məsələn, o istəyər ki, ondan demokratiya deyil, şəriət tələb etsinlər. Çünki ikinciyə yox demək daha asandır. Hökumət bilərəkdən dindarlara qarşı aqressiyanı artırır ki, onların da reaksiyası adekvat olsun. Bir müddət öncə yarımçıq qalmış ssenarinin davamı da mümkün ola bilər. Ramazan ayında dindarları narkotik və silah saxlama maddəsi ilə həbs etmək onları birbaşa radikallığa təhrik deyilmi? Deməli, hökumət yenidən zor müstəvisini bərpa etməyə çalışa bilər. Bunda isə ona ya emosiyalarını cilovlaya bilməyən səmimi dindarlar, daha çox isə hakimiyyətin nəzarətində olan qrup üzvləri kömək edə bilərlər. Əsas məsələ qarşı cəbhələri təşkil etməkdir. Sonra döyüş öz-özünə alınır. Azərbaycan hökumətinin hər hansı radikal dini qüvvə ilə üz-üzə olması, demək, demokratiyanın bütün nəfəsliklərinin bağlanması deməkdir. Hərçənd bütün hallarda çıxış yolu vətəndaş iradəsinin ifadəsidir, amma hökumət açıq-aşkar mövcudluğunu qorumaq və bir az da vaxt qazanmaq üçün buna gedə bilər. Eyni zamanda ehtimallardan biri də odur ki, ölkədə Irana yaxın olduğu bildirilən qüvvələrin silahlı aktivliyi şəraitində demokratiya tələb edənlərin fiziki məhvi üçün də mühüm imkan yarana bilər.
Belə bir sual da yaranır – qarantiya varmı ki, Azərbaycan hökuməti belə bir yarımkriminal vəziyyətə nəzarət edə biləcək? Əslində, hakimiyyət texnoloqları da bilməlidirlər ki, bu status-kvodan yeganə itkisiz imtina demokratik sistemə keçiddir. Amma bu vəziyyəti daha da radikallaşdırmaq və zor müstəvisi yaratmaq hakimiyyətin hazır olmadığı və nəzarət edə bilməyəcəyi vəziyyətdir. Bunu dərk etmək üçün mühüm təhlillərə ehtiyac yoxdur. Son illərdə ölkədə gərginləşməkdə olan kriminogen vəziyyətin nəzarətdən necə çıxdığına diqqət yetirmək kifayətdir.

ABŞ-la oynamaq cəhdi…

Iranla münasibətlərin sərtləşməsindən Azərbaycan hökuməti ABŞ-la əlaqələri istiləşdirmək üçün istifadə etməyə cəhd edə bilər. Ola bilsin ki, daxili həbslərin başlıca motivlərindən biri Irandan gələn növbəti bəyanatı təmin etmək istəyidir. Belə bir bəyanat Ilham Əliyevi Vaşinqtonun gündəminə fərqli statusda daşıya bilərmi? Bu zaman sekulyarlığın təhdid altında olduğu aktuallaşar və Azərbaycan hökumətinə, hətta dəstək vermək barədə düşünülə bilər. Azərbaycan hökuməti eyni zamanda burada Qərbin enerji və digər iqtisadi layihələrinin təhdid altında olduğunu qabartmaqla siyasi məsələni ikinci plana keçirməyə cəhd edə bilər. Amma bütün bunlar o halda baş verə bilər ki, ABŞ hökuməti deyilənləri ciddiyə alsın. Ciddiyə almamaq üçün əsaslar varmı?
Birincisi, bir neçə ay öncə ABŞ səfirliyi açıq bəyan etmişdi ki, Azərbaycanda terror riskləri var. Bu risklərin davam etməsi barədə daha sonra da açıqlamalar olmuşdu. Amma Azərbaycanın müvafiq qurumları bunu təkzib etmişdilər. Bundan sonra Iranın və Rusiyanın Xəzərdə güclərini artırması zamanı ABŞ yenidən öz köməyini təklif etdi və yenə rədd cavabı aldı. Buna görə də Vaşinqton Azərbaycanın Iranın bölgədə müəyyən təsiri olmasından özünə ehtiyacı artırmaq üçün istifadə etmək niyyətini bilir. Belə olan şəraitdə Ağ evin bu oyuna düşməsi heç də inandırıcı deyil.

Iran nə istəyir, nə planlaşdırır?

Iranın Azərbaycan siyasəti nədən ibarətdir? Başlıcası odur ki, Tehran öz ətrafında daralan çəmbəri yarmaq istəyir. Bunun üçün birinci məsələ özünə oxşar rejimlərin sayını artırmaq, tək və sonuncu problem (hədəf) olmaqdan qurtulmaqdır. Buna görə də ilk növbədə Azərbaycanda şəriət inqilabının olması Irana hava və su kimi vacibdir. Bu zərurəti gücləndirən başqa bir detal isə Suriya rejiminin xeyli zəifləməsi və çöküşünün qaçılmazlığıdır. Bu isə Azərbaycanın “b” planı kimi yeni poliqon olaraq Irana lazım olduğunu deməyə əsas verir. Yəni, Iran növbəti dini siyasi qarşıdurma nöqtəsi kimi Azərbaycanı seçə bilər. Azərbaycanda belə bir münaqişə ocağının tam potensialı olmasa da, vəziyyətin deyilən istiqamətdə az da olsa dəyişməsi bütün hallarda Azərbaycanı zəiflədər və dövlətçiliyin əsas prinsipləri zədələnər. Bu halda Tehran bir qədər də özünü güclü sayar, yeni vəziyyətə nəzarət və Azərbaycan hökumətinə təsir imkanları böyüyər. Iranın bu ssenarisi Azərbaycan hökumətinin addımlarından çox asılıdır.
Yuxarıda qeyd etmişdik ki, hakimiyyət yeni müstəvi yaratmaq cəhdində vəziyyəti nəzarətdən çıxara bilər. Bu bölümdə gəldiyimiz nəticə məhz yeni idarəolunmaz situasiyadan sonra reallaşa bilər. Bu baxımdan da, hakimiyyət öz məsuliyyətini tam dərk etməli və addımlarını götür-qoy etməlidir.

“Sizinlə savaşanlarla savaşın”

Başqa bir mühüm sual da var – nə əsas verir ki, Azərbaycanda islamçıların fəaliyyətində siyasi motivlərin olduğu səsləndirilsin? Çox təəssüflər olsun ki, Azərbaycandakı dindar kəsim bu günə qədər hər hansı sosial ədalətsizliyə və ya vətəndaş hüquqlarının pozulmasına qarşı etiraz etməyib. Onlar sekulyar sistemin daxilindəki ədalətsizliklərə qarşı çıxmamaqla həm ədalətsizliyə qarşı müqaviməti zəiflədiblər, Həm də özlərini cəmiyyətin digər kəsimlərindən izolyasiya ediblər. Bununla belə islam simvolları uğrunda radikal etirazlara cəhd etməklə özlərinin tamamilə cəmiyyətdən ayrılmış bir qütb kimi xarakterizə olunmalarına imkan verdilər. Hakimiyyət isə bu məqamdan məharətlə istifadə etdi. Baş verənlərin mahiyyəti isə iki ayrı istiqamət üzrə araşdırılmalıdır.
Birincisi, Azərbaycanda bütün insanlar kimi haqqı tapdadan dindarların mövcudluğu. Ikincisi, dini bağlılığı Irandakı hansısa dairələr olan qüvvələrin siyasətin və bu siyasətin nəticələrini zərərsizləşdirməsi yolları. Birinci istiqamət üzrə problemlər həllini tapmayınca, vəziyyətin aydınlaşacağı barədə danışmaq yersizdir. Çünki biz öncə günahsızların əziyyət çəkməməsi üçün şərait yaratmaq barədə düşünməliyik. Günahkarlar isə təbii ki, qanunun və siyasi konyunkturanın imkan verdiyi səviyyədə cəzalandırılmalıdırlar. Irandan qaynaqlanan dini ardıcıllığın yaratdığı başlıca fəsad odur ki, bir dindar ömründə üzünü görmədiyi şəriət aliminə iqtida edirsə (onun hökmlərini şərtsiz qəbul edirsə), deməli, onun bütün dediklərinə əməl etməlidir. Bu isə istənilən Iran din xadiminə imkan yaradır ki, Azərbaycandakı ardıcılına təsir etsin. Azərbaycandakı ardıcıl onun çağırışına əməl etsə, qəhrəman sayılacaq, etməsə, ifşa olunmaq qorxusu var. Bu dilemma özü vəziyyəti xeyli gərginləşdirir. Azərbaycan hökuməti ilk növbədə belə bir dilemmanın olub-olmadığını və hansı istiqamətə dərinləşdiyini, bunun nəticəsinin nə ola biləcəyini araşdırmalıdır.

Dövlət-vətəndaş qarşıdurması

Dövlət vətəndaşla nə zaman qarşı-qarşıya gəlir? Ya vətəndaş dövlətin qaydalarına tabe olmayanda, ya da dövlət vətəndaşın haqlarını tapdayanda. Birinci hala aid olan hadisələr daha çox fərdi cinayətlərdir. Yəni, vətəndaş dövlət qarşısında öhdəliklərini yerinə yetirmir və dövlətin zərbəsi ilə rastlaşır. Ikinci halda isə sosial xarakter ortaya çıxır. Çünki, dövlət vətəndaşın hüquqlarını tanımayanda kütləvi etiraz yaranır. Bu zaman vətəndaşlar instinktiv olaraq ya toplaşıb öz güclərinə dövlətə təsir edirlər. Ya da bu gücü özlərində görməyəndə xarici qüvvələrin təsirinə düşürlər. Beləliklə, hakimiyyətin özünə qarşı kütləvi qiyamın təşkilatçısı elə hakimiyyətin öz addımları olur. Bu baxımdan vətəndaşların azad mənəvi fəaliyyəti və yüksək sosial rifahı şərti təmin olunmadıqca milli təhlükəsizlik məsələsi təhdid altında qalır.

Bakının öz oyunu niyə yoxdu?

Belə bir sual yaranır ki, bütün bu ssenarilərdə niyə rəsmi Bakı təşkilatçı deyil, yararlanan qismində çıxış edir? Yəni, niyə Azərbaycanın öz ssenarisi yoxdur? Aydın məsələdir ki, Iran və Rusiyanın qonşuluğunda müstəqil ssenari yazmaq Azərbaycan dövlətçiliyini təhlükə altına alır. Bunun üçün gərək ən azı Türkiyə ilə münasibətlər ən yüksək səviyyədə olsun. Türkiyə və dolayısıyla NATO ilə yaxın olmaq isə Azərbaycan hakimiyyətinin maraqlarına ziddir. Beləliklə, milli təhlükəsizlik maraqlarımız hakimiyyətdəki qrupun şəxsi maraqlarına qurban gedir.

Seymur Həzi