Kim bilir,bəlkə də dar ağacıyam!..

Biz hamımız – 9 milyonluq xalq cinar ağacıyıq Heydər parkında. Boğuluruq, susuzluqdan qovruluruq, əzilirik,  yad olanlara vətəndaşlıq kölgəsi salırıq. Başımız göylərə dayansa da, Göyə səsimizi çatdıra bilmirik. Allah bizdən uzaqlaşıb, çünki biz Heydər parkının əsarətinə dücar olmuşuq.
Biz hamımz çinar ağaclarıyıq Heydər parkında…
Darıxan, bəzən üsyan edib budaqlarını küləklərə qataraq səsimizi çatdıra bilmədiyimiz Göyləri günahkarmış kimi döyəcləyib oyatmağa çalışan çinarlar. Şehi qəhərə çevrilmiş, “köklərinin üstü mərmərlə örtülüb məzara qoyulan cinarlar”.
“Mən bir çinar ağacıyam”… Bir neçə gün öncə həmkarım Xuraman Hüseynzadə “mən bir çinar ağacıyam Heydər parkında” deyib əsarətdən üsyan edən çinarların dərdini şerə köçürəndə belə anlatmışdı parklarda heykəllərin günahını paylaşan ağacların dərdini…
Bu şeri oxuyanda düşündüm ki, əslində bu ölkədə tək dərd, faciə insan olmaq  deyilmiş. Çinar, palıd, sərv olmaq belə dəhşətdı, ya da bəlkə günaha bulaşmaqdı. Səni Heydər parkında zəbt edib yad bir daş parçasına kölgə salmağa məcbur edəcəklər, özgə gülləri günəşdən qoruyacaqsan…
Xuraman xanımın Heydər parkında əsarətdəki çinarı kimi…
O, mən, biz cinarıq. Hamımızın içində bir ağac var. Özümüzə deyil, dərdimizə kölgə salıb durmuşuq. Amma əsil cinarların dərdi daha böyükdü – onlar özlərinin dərdlərinə belə kölgə sala bilmirlər.
Yanından laqeydliklə keçdiyimiz bir çinar ağacının qəfil naləsini eşitmək, başı dəyməsə də daima can atdığı Göylərə şikayətini duymaq…
Bu ölkədə Heydər parkına əsir edilmiş çinarların dilindən eşidilən fəryad nə ola bilər? “Mən bir çinar ağacıyam Heydər parkında”. Sadəcə deyim, pıçıltı deyil, sadəcə bir ağacın əsərəti də deyil, ağacların iniltisidir, şərin park olaraq simgələnmiş formasına etirazıdır, ağlaması, fəryadı, qan qusmasıdır.
Xuranan xanımın “Mən bir cinar ağacıyam” şerindəki çinarın fəryadını, ”mən bir çinar ağacıyam Heydər parkında” deyib aman diləməsini oxuçu bir ulu çinarın faciəsi kimi dəyərləndirə bildimi?
Mən bu şeiri oxuyanda çinarlaşdım, başımın Göylərə dəyməsini istədim ki, Allaha daha yaxın olub şikayət, etiraz edim: mən Heydər parkında çinar ağacı olmaq istəmirəm.
Eynən Xuraman xanımım inləyən çinarı kimi yad güllərə kölgə salmaq , şehimin qəhərə çevrilib məni boğasını istəmirəm.
Bu ölkədə ağaclar belə azad deyil. Kimiləri Heydər parkında əsirlikdə, kimiləri məmurların qazıntılarının qurbanı, kimilərisə yetimliyin, atılmışlığın səfilləri…
Bu ölkədə ağac olmaq belə şərafətli deyil. Iri, köhlən palıdlar belə qüruru sındırılmış halda dözür, gözəl sərvlərin qaməti bükülüb…
Bu ölkədə çinar olub  “havasında boğulmaq var”…
Xuraman xanımın çinarının dərdini öyrənəndən parkların yanından keçəndə çinarlara yanaşıb   gövdəsini sığallamaq, onlara pıçıldamaq keçir içimdən: səndəmi bir çinar ağacısan Heydər parkında?..
Aman, çinarlar qurumasın, ölməsin, əsarətə boyun əyməsin.
Çünki “başları uca, kökləri dərindir”, Göylərə çatıb dərdini deyə bilər, Göylər çinarların qulağına pıçıldayar: sən tək çinar deyilsən Heydər parkında…
“Yarpaqlarım budaqlarımda,
budaqlarım bu parkda
əsir olsa da,
Ətrafım körpə fidanlarla dolu,
kökümüz kəsilməz!
…mən bir çinar ağacıyam!
Kim bilir,
bəlkə də…
dar ağacıyam!…”
Sən dar ağacısan…