Novella Cəfəroğlu: «Hamını buraxıblar, bircə Ruslandan başqa»
6 ildir həbsdə olan, cəzasını başa vurmasına bir ildən az vaxt qalan “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin azadlığa çıxması üçün yaxşı fürsət yaranıb. Avqustun 18-də Nizami Rayon Məhkəməsi onun vaxtından əvvəl azad olunması ilə bağlı müraciətə baxacaq. Bugünə qədər daha ağır cinayətlərdə təqsirli bilinən şəxslər ya məhkəmə qərarı, ya da əfv və amnistiya ilə azadlığa buraxılıblar. Amma nədənsə 2005-ci ildə həbs edilən R.Bəşirli hələ də məhbəsdə cəza çəkir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu məsələdə qərar sahibi olan hakimiyyət nümayəndələrini R.Bəşirliyə qarşı qərəzi bir tərəfə qoyub, onu azad etməyə çağırıb: “Bu yazıq uşaq daha neçə il islah olunmalıdır? Hamını buraxıblar, bircə Ruslandan başqa. Bir balaca da olsa, rəhmləri varsa, Ruslanı buraxmalıdılar. Kasıb ailədəndir, atasının hər dəfə gəlməyə imkanı yoxdur. Bircə ili qalıb. Buraxsınlar da artıq. Həm də xəstə uşaqdır. Daha nə qədər həbsdə qalmalıdır? Ona nə qədər əzab vermək olar? Cəzasının çoxunu çəkib də. Neyləyib ki, ona bu qədər əziyyət verirlər? Monitorinq Qrupu Ruslanın məsələsini həmişə qaldırıb. Indi də məhkəmədən xahiş edirik ki, Ruslanı azad etsinlər. Buna qanun da imkan verir ki, cəzasının böyük qismini çəkən adam vaxtından əvvəl azad edilə bilər”.
Səidə Qocamanlı: «Bu məhkəmə Ruslanı azad etmək üçün çox yaxşı fürsətdir»
Hüquq müdafiəçisi Səidə Qocamanlının fikrincə, qarşıdakı məhkəmə prosesi R.Bəşirlini azad etmək üçün çox yaxşı fürsətdir: “Ruslan cəzasının böyük hissəsini çəkib. Azərbaycan qanunvericiliyi də belə şəxslərin azadlığa çıxmasına imkan verir. Əgər məhkəmənin qərarı bu dəfə də ədalətsiz olsa, Monitorinq Qrupu Ruslanın işi ilə bağlı yenidən Əfv Komissiyasına müraciət edəcək. Çox ümid edirik ki, Azərbaycanın müstəqilliyinin 20-ci ili ilə bağlı onu azad edəcəklər. Nəzərə almaq lazımdır ki, Ruslanın həm vaxtına az qalıb, həm də səhhətində ciddi problemlər var”.
R.Bəşirli 2005-ci il avqustun 4-də dövlət çevrilişinə cəhd, hakimiyyəti zorla ələ keçirmək maddələri ilə ittiham olunaraq Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt onunla birgə müavinləri Səid Nuri və Ramin Tağıyev də həbs olunsa da, sonradan onlar əfv fərmanı ilə azadlığa buraxılıblar. R.Bəşirli isə yerli və beynəlxalq qurumların çoxsaylı müraciətlərinə baxmayaraq, hələ də həbsdə saxlanılır.
Gültəkin