Avropa Azərbaycanı azad görmək istəyir

Bakıda keçirilən beynəlxalq tədbirdə Əliyevlər topa tutuldu (FOTOLAR)

Markus Löninq: «Azad iqtisadiyyatın inkişafı fərdin azadlığından keçir»

Dünən “Hyatt Park” hotelində Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin Insan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, müxalifətdə olan siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının, gənclər təşkilatlarının təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak edib.

Dəyirmi masada Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
“2005-ci il parlament seçkiləri dövründə ölkədə insan azadlıqlarının vəziyyəti indikindən daha yaxşı idi. Insanlarla söhbətlərdən, media məqalələrindən aydın olur ki, Azərbaycanda iqtisadi inkişafla insan hüquqları fərqli istiqamətlərdə inkişaf edir. Bu gün hətta mənə dedilər ki, Azərbaycanda mövcud durumla bağlı tənqidlərə son qoymaq lazımdır. Çünki tənqid ölkənin imicinə mənfi təsir edir”, – deyə Almaniya ombudsmanı Markus Löninq qeyd edib.

Cənab Löninq isə, əksinə, Azərbaycan nümayəndəsindən soruşub ki, digər ölkələrdən Azərbaycanda müsbət dəyişikliklər olduğunu necə görmək olar? “Azərbaycanda insanlar Facebook-da məqalə dərc etdiyinə görə həbs edilir. Müxalifət partiyaları, məsələn, Müsavat Partiyası şəhərin mərkəzində toplantı keçirmək istəyir, şəhərin kənarlarını göstərirlər. Sərbəst toplaşmaq istəyində olan insanlar həbs edilir. Bir sözlə, insanları öz hüquqlarını reallaşdırmaq istəyinə görə həbs gözləyir. Sizcə, belə ölkə xaricdən necə görünər?”, – deyə o, rəsmi nümayəndəyə sual verib.

O, Almaniyanın Bakının inkişafını daha çox arzuladığını bildirib: “Amma bunun xatirinə insanı evindən çıxarmaq olmaz. Bu ifadəni eşidən kimi dedilər, aha, söhbət Leyla Yunusdan gedir. Bildirdilər ki, Leyla Yunus bütün dünyanı gəzib, Azərbaycan haqqında mənfi rəy yaradır. Mən cavab verdim ki, hökumət insan azadlıqlarına hörmət etməlidir. Hökumət anlamalıdır ki, azad, sərbəst iqtisadiyyatın inkişafı fərdin azadlığından keçir. Azad olmayan insan iqtisadiyyatı necə azad edə bilər. Fərqli, yaradıcı fikirlər olmadan müzakirələr mümkün deyil. Müzakirələrsiz isə inkişaf yoxdur”.

Cənab Löninq eyni zamanda azad fikirləri insanlara çatdırmaq imkanı olan azad medianın vacibliyini qeyd edib. “Azad və fərqli fikirlər ilk öncə mediada əks olunmalıdır. Televiziyalar, audio, çap mediası, Internet azad olmadan fərqli fikirləri cəmiyyət haradan əldə edə bilər? Fərdin azadlığı üçün azad yaşayış şəraiti təmin edilməlidir”, – deyə o, qeyd edib.

O, bir sıra ölkələrdə insan hüquqları sahəsində gətirilən bəhanələrdən də danışıb. “Deyirlər, gənc dövlətik, Sovet rejimindən sonrakı dövrü yaşayırıq, şərqlə-qərbin, Rusiya ilə Iranın qovşağında yaşayırıq və s. Amma bu bəhanələr artıq arxada qalıb. Doğrudur, Sovet rejimindən keçid ağırdır. Artıq Sovet rejimi 20 il arxada qalıb və bir çox ölkələr demokratiya yoluna keçib. Şərqlə-qərb arasında yaşamaq isə bəhanə deyil. Fürsətdir. Çünki, bu, həm Qərbin, həm də Şərqin təcrübəsinə bələd olmaq deməkdir. Bu fürsət keçidi daha da asanlaşdırmalıdır. Bir sözlə, hər zaman bəhanə düzgün deyil. Əzmkarlıq nümayiş etdirilməlidir. Dəyişikliyə öncə cəmiyyətin daxilindən təkan olmalıdır. Təkan üçün isə əsas amillərdən biri ölkədə maliyyənin olmasıdır. Bu isə Azərbaycanda var. Almaniya Azərbaycanda dəyişikliklərdə Sizə hər zaman kömək etməyə hazırdır. Biz, dünyanın bu hissəsini, Cənubi Qafqazı azad görmək istəyirik”, – deyə o, bildirib.

Müzakirələrdə Azərbaycan hökumətinin dəyişikliklərə hazır olmadığı bildirilib. “Azərbaycan hakimiyyəti korrupsiya üzərində qurulub. Islahat isə korrupsiya şəraitinin məhdudlaşdırılması deməkdir. Hökumətə yalnız cəmiyyət ayağa qalxanda təsir etmək mümkündür”, – deyə Müsavat başqanı Isa Qəmbər qeyd edib.

Azərbaycanda siyasi məhbus məsələsi də diqqət mərkəzində olub. “Azərbaycanda siyasi məhbus məsələsi dövlət siyasətidir. Son 18 ildə ölkədə hər gün siyasi məhbus olub. Sadəcə, 3 nəfər həbsdən azad edilir, əvəzində 5 nəfər həbs edilir. Son 2 Aprel mitinqindən sonra isə 17 nəfər müxalifət fəalı həbs edilib. Onların arasında 6 nəfər gənclər təşkilatlarının aparıcı fəalı var”, – deyə AXCP sədri Əli Kərimli qeyd edib.

Müxalifət liderləri, həmçinin hüquq müdafiəçiləri Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, Almaniya bundestaqının deputatı Kristofer Ştrasserin iki il ərzində Azərbaycan gələ bilməməsinə diqqəti yönəldib. “Doğrudur, Azərbaycan məruzəçinin gəlməsinə imkan yaratmır, amma cənab Ştrasser də Azərbaycana gəlmək üçün əzmkarlıq göstərmir. Bununla bağlı Almaniya bundestaqında məsələ qaldırılmalıdır. Eyni zamanda, Avropa Şurası ya məruzəçini geri çağırıb yenisini təyin etməli, ya da Azərbaycanın Avropa Şurasının qərarına tabe olmadığını bəyan etməlidir”, – deyə Müsavat başqanlı Isa Qəmbər qeyd edib.

Çıxışlarda Avropa qurumlarının Azərbaycanda artıq nüfuzunu itirdiyi qeyd edilib. Yalnız Avropa Məhkəməsinin hökumətə təsir imkanları var. “Avropa Məhkəməsi nizamnaməsinə uyğun olaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsləyə növbədənkənar baxmalıdır”, – deyə cənab Kərimli bildirib.

Ekspertlər ölkədə iqtisadi azadlıqların olmadığını, iqtisadiyyatın və bazarın məmurların inhisarında olduğunu diqqətə çatdırıb.

“Turan”