“Real” yenə “Barselona” ilə bacarmadı(VİDEO)

İspaniya Superkubokunda ilk oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Real”la “Barselona” arasında Madriddə keçirilən “El Klassiko”da qalib müəyyənləşməyib – 2:2. Meydan sahibləri 13-cü dəqiqədə Məsut Özilin vurduğu qolla hesabı açsa da, artıq fasiləyədək hesabda geri düşüb. “Barsa” ilk hissənin son 9 dəqiqəsində David Vilya və Lionel Messinin vurduğu qollarla fasiləyə hesabda 2:1 irəlidə yollanıb. “Real” 54-cü dəqiqədə Xavi Alonsonun qolu ilə tarazlığı bərpa etsə də, bundan artığına gücü çatmayıb. 

Bununla da “Barsa”nın əzəli rəqibini yenə üstələyərək, növbəti titulunu qazanacağı böyük ölçüdə həll olunub. Hər halda, kubokda səfərdə 2 qol vurmaq böyük üstünlükdür. “Kral klubu” Superkuboku qazanmaq üçün avqustun 17-də Barselonada “Nou Kamp” stadionunda keçiriləcək cavab görüşündə ya qalib gəlməli, ya da ən azı 3:3 hesablı bərabərliyə imza atmalıdır. 
Qeyd edək ki, “Real” 2-ci mövsümdür baş məşqçisi olan portuqaliyalı Joze Mourinyonun rəhbərliyi altında “Barsa”ya yalnız 1 dəfə qalib gələ bilib. Bu, ötən mövsüm ölkə kubokunun finalında Mourinyonun həmyerlisi, madridlilərin bombardiri Kriştianu Ronaldonun əlavə vaxtda vurduğu qol sayəsində olub – 1:0.