Üsyançılar Liviya diktatorunun strateji şəhərini ələ keçirdi; onun daxili işlər naziri isə Misirə qaçdı
Liviyada üsyançılarla hökumət qüvvələri arasında paytaxt Tripolidən 48 kilometr qərbdə yerləşən strateji Əz-Zaviyə şəhəri uğrunda döyüşlər davam edir. Qaryan və Əz-Zaviyə şəhərlərinə nəzarət uğrunda mübarizədə qismən irəliləyən üsyançılar cənubda Tunisdən sahil marşrutunu bağlamağa çalışır. Qəzzafi rejimi bu marşrutdan mühüm ehtiyatların daşınması üçün istifadə edir.
“Əl-Cəzirə” kanalının xəbərinə görə, Tripolidən Tunis sərhədinə gedən yolun Əz-Zaviyədən keçən hissəsinə nəzarəti üsyançılar artıq ələ keçirib. Ancaq şəhərin mərkəzinə nəzarət uğrunda döyüşlər davam edir. Üsyançılar şəhərin 70 faizinə nəzarət etdiklərini bildirirlər. Ancaq üsyançıların Əz-Zaviyədəki batalyon komandiri Bəşir Əhməd Əli bildirib ki, Qəzzafi qüvvələrinin snayper hücumu nəticəsində qüvvələri xeyli itki verib.
Bu arada, Liviyanın dövlət televiziyası Müəmmər Qəzzafinin audio müraciətini yayımlayıb. Bu, üsyançıların Əz-Zaviyə şəhəri uğrunda mübarizəyə başlamasından sonra Liviya diktatorunun ilk müraciətidir. Diktator müraciətində xalqı “silahlanmağa, ölkəni xəyanətkarlardan və NATO-dan azad etməyə” çağırıb. O, “siçovul” adlandırdığı üsyançıların tezliklə sonunun çatacağını bildirib. Onun sözlərinə görə analoji vəziyyət “müstəmləkəçiləri” də gözləyir.
Bundan başqa, Qəzzafi rejiminin daxili işlər naziri Nəsr-əl-Məbruk Abdulla ailəsi ilə birlikdə Misirə gedib. Nazir və 9 nəfər ailə üzvünün Misirə gəldiyini Qahirə aeroportundan da təsdiqləyiblər. Misir rəsmiləri onun turist kimi ölkəyə gəldiyini desələr də, iddialara görə, nazir Qəzzafi rejimindən qaçaraq canını qurtarıb.