“Nümayişlərdə iştirak edənlər azadlığa buraxılmalıdır”

Alman Ombudsman Azərbaycanda gördüklərindən dəhşətə gəlib

Markus Loningi saat yarımdan çox cəzaçəkmə müəssisəsinin qapısı arxasında saxlayıb, Bəxtiyar Hacıyevlə görüşməyə qoymayıblar

«Azərbaycanda sonuncu dəfə şəffaf və ədalətli seçki 90-cı illərdə keçirilib»

Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Loning həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə görüşünə icazə verilməyib.
Bunu Azərbaycana 3 günlük səfərə gələn müvəkkil dünən Bakıda keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, görüşlə bağlı əvvəlcədən Azərbaycan hökumətilə danışıqlar aparsalar da, dünən bir saat yarımdan çox 14 saylı cəzaçəkmə müəssisəsinin qapıları arxasında qalıb: “Mən bu halı kobud bir pozuntu kimi qiymətləndirirəm. Belə bir hal olmamalıydı. Bəxtiyar Hacıyevə baş çəkməklə həbsdə olanlara dəstəyimizi göstərmək istəyirdik. Hesab edirəm ki, azad fikirli insanlar həbs olunmamalıdır. Bu, yolverilməzdir. Hökumətin borcu öz vətəndaşlarını qorumaqdır və onların aksiyalarda iştirakına zəmin yaratmalıdır”.
Cənab Loning Azərbaycanda insanların mülkiyyət hüquqlarının pozulmasından da narahat olduğunu bildirib: “Leyla Yunus məzuniyyətdə olduğu halda, onun evini sökmək, bütün avadanlıqların çıxarılmasına imkan verməmək ciddi pozuntudur. Mən bu söküntünün videosunu izlədim və orda həmin evlərin sökülən pəncərələrinin bir qədər aralıda necə satıldığını gördüm. Bu, məni çox məyus etdi”.
O, həmçinin Azərbaycanda seçki məsələsinə də toxunub: “Seçki ilə bağlı ATƏT və digər beynəlxalq qurumların hesabatlarına istinad olsa, deyə bilərəm ki, Azərbaycanda sonuncu dəfə şəffaf və ədalətli seçki 90-cı illərdə keçirilib”.
Cənab Loning Ictimai Palatanın 2 aprel mitinqinə görə həbsdə olanlarla bağlı məsələyə də münasibət bildirib: “Insanların aksiya və nümayişlərdə iştirakını müsbət hal kimi qiymətləndirmək lazımdır. Mən hökumətə müraciət edirəm. Nümayişlərdə iştirak edənlər azadlığa buraxılmalıdır”.
Azərbaycanda gedən iqtisadi islahatlardan danışan Loning deyib ki, iqtisadi inkişaf insan hüquqlarının pozulmasıyla müşayiət olunmamalıdır. Azərbaycanda işgəncələrlə bağlı hallara toxunan Markus Loning Işgəncələrə qarşı Azərbaycan Komitəsinin məlumatlarına istinad edərək bildirib ki, 2011-ci ilin 6 ayı ərzində 89 nəfərin işgəncə ilə bağlı şikayətçi olması həyəcan təbili çalmağa əsas verir: “Əgər 2004-cü ildə səbəbi bilinməyən 4 ölüm hadisəsi olubsa, 2011-ci ilin ötən dövrü ərzində, səbəbi bəlli olmayan 6 ölüm hadisəsinin baş verməsi məni çox qayğılandırır”.
Onun sözlərinə görə, Almaniya hökuməti hər zaman əlindən gələni edib ki, Azərbaycanda insanların hüquqlarının pozulmasının qarşısı alınsın: “Əsas odur ki, dəyişikliklər etmək üçün ölkənin daxilində bir istək olsun. Bunun üçünsə azad seçki və azad məhkəmə olmalıdır”.
Loning Naxçıvanda alman jurnalistin müdafiəsinə qalxan Həkimeldostu Mehdiyevə qarşı təzyiqlərə də toxunub. Bildirib ki, haqqı pozulanı müdafiə etdiyinə görə jurnalisti elektrik enerjisi oğurluğunda ittiham etmək düzgün deyil. Əslində, bu yerli jurnalist hüquqları pozulan insanı müdafiə etdiyinə görə rəsmi qurumlar da onu müdafiə etməlidir.
Markus Loning Azərbaycandakı məcburi köçkünlərin vəziyyətilə bağlı suala da cavab verib. Bildirib ki, o, səkkiz il əvvəl Azərbaycanda olarkən qaçqın düşərgəsində olub və orada gördükləri ona çox pis təsir edib: “Bizim dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, münaqişə ATƏT-in Minsk Qrupu çərçivəsində və sülh yoluyla həll edilməlidir”.
Səfər çərçivəsində Loning hökumət üzvləri, müxalifət və QHT nümayəndələri ilə görüşəcək (“Azadlıq” radiosu).