“PKK-nın Azərbaycanda qol-qanadı var”

Bakıdakı söküntülər məmurların biznes maraqlarına hesablanıb

Mehman Əliyev: «Bəzi qüvvələrin maraqları o qədər güclüdür ki…»

 

Son bir ay hadisələrin zənginliyi ilə yadda qaldı. Antikorrupsiya hay-küyünün səngiməsi, eks-prezident Ayaz Mütəllibovun ölkəyə qayıtması, eyni zamanda Iran və Rusiyadan Azərbaycanın ünvanına təhdidlərin səslənməsi bunu deməyə əsas verir. Bütün bu məsələlərlə bağlı “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin fikirləri ilə tanış olduq.

– Azərbaycanda mülkiyyət hüquqları kobud şəkildə pozulur. Bu günlərdə Leyla Yunusun ofisi dağıdıldı. Hakimiyyət təmsilçiləri kimi hara istəyir köçürür, kimə nə qədər istəyir pul verir və qarşı tərəfin mövqeyi ilə hesablaşmır. Bu arxayınçılıq nə ilə bağlıdır?
– Bu arxayınçılıq ilk növbədə onunla bağlıdır ki, vətəndaş cəmiyyəti özü zəifdir. Vətəndaş cəmiyyətinin komponenti olan siyasi partiyalar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin müqaviməti çox zəifdir. Ona görə də hakimiyyət onların etirazları, mövqeləri ilə o dərəcədə də hesablaşmır. Əsas problemi burda axtarmaq lazımdır. Hakimiyyət təmsilçilərinin şəxsi maraqları da maksimal dərəcədədir. Şəhərin mərkəzində köhnə evlərin söküb onların yerində təzə evlərin tikilməsində maraqlıdırlar. Onlar bununla öz biznes layihələrini həyata keçirirlər, pullarını yerləşdirirlər. Demək olar ki, şəhərin ən prestijli yerlərində özləri üçün əmlak tikirlər.
Öz hesablamalarına görə, gələcəkdə bunlar yaxşı gəlir mənbəyi olacaq. Bu, böyük bir biznes layihəsidir. Dövlət səviyyəsində aparılan bu işləri əlbəttə ki, ilk növbədə hakimiyyət dairələrinin biznes layihərinin həyata keçirilməsini təmin edir.

– Mülki məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciətlər artıb. Bunun sonunu necə görürsünüz?
– Müraciətlər həqiqətən də çoxalır. Bəzi qərarlar çıxır. Əlbəttə ki, məhkəmələrə bu cür müraciətlərin çoxalması prinsipcə Qərb, Avropa institutları tərəfindən hakimiyyətə daha çox təzyiq etmək və məsələləri həll etməyə imkan yaradır. Çünki ora olan müraciətlərin hamısı hansısa faktlara, pozuntulara əsaslanır. Ona görə də bu Avropa qurumlarına Azərbaycan tərəfinə iradlar bildirməyə imkan yaradır. Indi söhbət konkret olaraq hansısa məsələdən getmir. Bu vəziyyət, mülkiyyət hüquqlarının pozulması artıq ciddi problemə çevrilib. Bir tərəfdən hakimiyyəti bununla təzyiq altına alırlar, digər tərəfdən qanuna müvafiq şəkildə hərəkət etməyə məcbur edirlər. Hesab edirəm ki, bütövlükdə bu cür müraciətlər vəziyyətin yaxşılaşmasına xidmət edir.

– Bu günlərdə iranlı general Azərbaycanı təhdid etdi, ardınca da islamçılar həbs olundu. Bunların arasında hər hansı əlaqə varmı? Ümumiyyətlə, oruclu adamın narkotiklə şərlənməsi nə deməkdir?
– Hər hansı şəxsi narkotiklə şərləmək qəbuledilən deyil və bu, heç bir normaya sığmır. Generalın bəyanatının da əlbəttə ki, həbslərlə əlaqəsi var. Çünki Iranın burda maraqları var. Eyni zamanda Iranla əlaqədə olan, onun ümumi baxışlarını qəbul edənlər, bu ölkə ilə hər hansı formada əməkdaşlıq edən qruplar mövcuddur. Belə baxanda, hər iki hadisənin bir-birilə əlaqəsi var.

– Bu, bir ayın içində Azərbaycana ikinci təhdiddir. Birincisi Rusiya prezidenti Medvedevin son müsahibəsində dedikləri, ikincisi də Iran generalının bəyanatı. Bu təhdidlər nədən xəbər verir?
– Bu, ondan xəbər verir ki, Azərbaycan hakimiyyətinin həmin ölkələrlə problemləri var. Həmin ölkələr Azərbaycanda öz maraqlarını təmin etmək istəyirlər. Bu istiqamətdə siyasət aparırlar. Ancaq burda müqavimətlə rastlaşırlar. Ona görə də bu cür bəyanatlar səslənir. Rusiyanın maraqları daha çoxdur. Qəbələ RLS-i ilə bağlı yenidən müqavilə bağlayıb uzun müddət onu işlətmək istəyir. Digər tərəfdən Azərbaycan qoşulmayan ölkələr təşkilatına qoşuldu. Bunların hamısı onu göstərdi ki, Azərbaycan tərəfi Rusiya hərbi qüvvələrinin Azərbaycan ərazisində yerləşməsində maraqlı deyil. Bu da Rusiyanı qəzəbləndirir və bu cür bəyanatların səsləndirilməsinə səbəb olur. Irana gəldikdə, onun da burda maraqları var. Hakimiyyət onların da maraqlarını təmin etmək, onların ölkə siyasətinə təsirinin güclənməsini istəmir. Ona görə Iran da bundan narazıdır. Bütün problemləri burda axtarmaq lazımdır.

– Belə bir fikir var ki, bunların əsas səbəbi Ilham Əliyevin qeyri-demokratik yolla hakimiyyətə gəlməsidir. Əks halda özünü daha arxayın hiss edə bilərdi. Məsələn, AXC hakimiyyəti dövründə belə təhdidlər olmayıb. Siz necə hesab edirsiniz?
– Elçibəy demokratik yolla hakimiyyətə gəlmişdi. Onun hakimiyyəti ən demokratik hakimiyyət idi. Buna baxmayaraq, onu devirdilər. Burda da bütün tərəflərin marağı oldu. Iranın da, Rusiyanın da, başqalarının da. Bu onunla bağlı idi ki, onların maraqları təmin olunmurdu. Bu maraqlar təhlükə altında qalmışdı. Ona görə də inqilab edib Elçibəyi hakimiyyətdən uzaqlaşdırdılar. Ilham Əliyevin hansı yolla hakimiyyətə gəlməsindən asılı olmayaraq onun mövqeyi o qədər də güclü olmayacaq. Söhbət ondan gedir ki, həmin qüvvələrin səyləri və maraqları, istəkləri çox böyükdür. Əsas problem bundadır. O maraqlar o qədər güclüdür ki, onların qabağında durmaq kifayət qədər çətindir.

– Korrupsiya ilə mübarizə kampaniyası az çəkdi və artıq bu məsələ də yadda çıxdı. Hakimiyyət nümayəndələri bunu siyasi iradə kimi təqdim edirdi. Nə oldu, nə baş verdi ki, antikorrupsiya tədbirləri belə tez dayandılar?
– Əgər mediada gedən kampaniya kimi baxsaq, artıq antikorrupsiya tədbirləri dayanıb. Ancaq belə baxanda Nazirlər Kabineti, prezident səviyyəsində müəyyən qərarlar qəbul olunur. Əlbəttə, biz istərdik ki, korrupsiya ilə mübarizədə birdən birə nəsə dəyişsin. Ancaq bu yoxdur. Müəyyən kiçik addımlar atılıb. Fiziki şəxslərin qeydiyyatdan keçməsi sadələşdirilib. Bəzi digər məsələlər var. Bu addımlar bundan sonra da olacaq. Ancaq Azərbaycan hakimiyyəti bu istiqamətdə o qədər də çevik deyil. Maşınların idxalı ilə bağlı hələ iyunun 1-dən bir pəncərə tətbiq olunmalı idi. Sonra keçirdilər iyulun 1-ə. Sonra avqustun 1-ə. Indi avqustun ortasıdır. Ancaq hələ tətbiq olunmayıb. Guya texniki problem var. Bu, onu göstərir ki, hakimiyyət bu mexanizmin tətbiqində maraqlı deyil. Ancaq öhdəliklər var. Bu öhdəliklərin yerinə yetirilməsini yubada bilərlər. Ancaq qəbul etməyə məcbur olacaqlar.

– Mütəllibovun Bakıya qayıdışı hakimiyyətdaxili qruplaşmalar arasında müəyyən narazılıq yaradıb. Eks-prezidentə münasibətdə bu jest davamlı olsa və o, Bakıda qalsa, bu qarşıdurma arta bilərmi?
– Müəyyən narazılıq ola bilər. Ancaq onun gəlməyi göstərir ki, hakimiyyət burda bir problem görmür və onun qayıtmağına razılaşıb. Mütəllibov da bildirdi ki, siyasətə qarışmayacaq. Yəqin ki, əvvəlcədən onun burda özünü necə aparacağı barədə razılaşdırılıb. Mənə elə gəlir ki, ona eks-prezident statusu veriləcək. O, sakitcə burda özü üçün yaşayacaq. Hakimiyyətə presedent lazımdır. Artıq eks-prezident məsələsi müzakirədədir. Hakimiyyət özü də bu qanunun olmasında, işləməsində maraqlıdır.

– Türkiyə baş naziri Ərdoğan Bakıda səfərdə olanda Ilham Əliyev PKK-nı terror təşkilatı kimi tanıdı. Daha sonra Türkiyə səfirinin açıqlaması göstərdi ki, bu təsadüfi bəyanat deyil və ciddi müzakirələrin nəticəsində ortaya çıxıb. Əliyevin bu bəyanatını Ərdoğanın tələblərindən sonra səsləndirdiyini demək olar?
– PKK məsələsi kifayət qədər ciddidir. Çünki PKK-nın Azərbaycanda qol-qanadı var, burdan qidalanır. Bu, dəfələrlə mətbuatda qeyd olunub. Ancaq sadəcə olaraq prezident səviyəsində təşkilatın pislənməsi onu göstərir ki, müəyyən regional və ölkədaxili situasiya ona bu sözü deməyə imkan verir. Çünki prezidentlər illərlə bu problemin dilə gətirilməsində maraqlı deyildilər. Qorxu da var idi. Bəyanatın səslənməsi onu göstərir ki, bu məsələ ilə bağlı bizdə müsbət tendensiya var.
Başqa məsələdir ki, onu qanun şəklində təsdiq etmək lazımdır. Hesab edirəm ki, bu da çox uzun çəkməyəcək.

– Bu günlərdə Türkiyə mətbuatında məlumat yayıldı və orda parlament seçkiləri zamanı PKK-nın siyasi qanadının azərbaycanlı məmurlar tərəfindən maliyyələşdirildiyi göstərilirdi. Baş nazir Ərdoğan da PKK ilə bağlı sərt bəyanat verdi və PKK-ya qarşı mübarizənin daha da güclənəcəyini dedi. Türkiyə tərəfinin PKK-ya yardım edən azərbaycanlı məmurların siyahısını açıq dərc edəcəyini gözləmək olarmı?
– Ola bilər. Ancaq inanmıram, məsələ o yerə çatsın. Ilham Əliyevin bu təşkilatı pisləməsi onu göstərir ki, burda PKK ilə bağlı hər hansı bir əlaqələrin kəsilməsi prosesi gedir və bu, davam edəcək. Başqa tədbirlər, əməliyyatlar da keçirilə bilər. Demək olar ki, təkan verilib, bunun üçün zəmin qoyulub. Bu mənada hər hansı təzyiq gözləmirəm. Türkiyə tərəfi də vəziyyəti bilir. Bu mənada iki tərəfin əməkdaşlığı çoxdan var və bundan sonra da olacaq.

Fizzə Heydərli