Mübarəkin məhkəməsi sentyabra qaldı

Devrilmiş diktatorun tərəfdarları ilə əleyhdarları toqquşdu

Misirin devrilmiş diktatoru Hüsnü Mübarək və oğlanlarının işi üzrə növbəti məhkəmə iclası keçirilib. Qahirə Polis Akademiyasında avqustun 15-də keçirilən məhkəmə iclasında Hüsnü Mübarək və onun iki oğlunun işinə baxılması sentyabrın 5-nə qədər təxirə salınıb.
Məhkəmə iclası keçirildiyi vaxtda eks-prezidentin polis akademiyasının qarşısına toplaşmış tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaranıb. Tərəflər bir-birini daş-qalaq edib.
Məhkəmə prosesinə sədrlik edən hakim Əhməd Refaat bildirib ki, Mübarək və oğlanlarının barəsindəki cinayət işini Misirin keçmiş daxili işlər naziri Həbib-əl Ədlinin işilə birləşdirilib. Hakim, həmçinin məhkəmə prosesinin bundan sonra televiziya ilə birbaşa yayımlanmayacağını da vurğulayıb.
Xatırladaq ki, Hüsnü Mübarək bu ilin fevralında hökumət əleyhinə kütləvi mitinqlər zamanı keçmiş daxili işlər nazirinə nümayişçilərə atəş açmaq əmri verməkdə, eləcə də korrupsiyada ittiham olunur. Misir diktatorunun devrilməsi ilə nəticələnmiş 18 günlük kütləvi nümayişlərdə 800-dən çox adam ölüb. Məhkəmə zalına xərəkdə gətirilən keçmiş dövlət başçısı bundan əvvəl avqustun 3-də keçirilən iclasda bütün ittihamları rədd etmişdi. Ittiham hökmü çıxarılacağı halda, Hüsnü Mübarəki ömürlük həbs cəzası gözləyir. Hüsnü Mübarəklə birlikdə mühakimə olunan oğlanları Alaa və Camal da korrupsiyada ittiham olunur. Ancaq onlar da bu ittihamları rədd edirlər.