Prezidentdən bit xahişi

Hüquq müdafiəçisi Vidadi Isgəndərlinin Göyçayda sürən hər məhkəmə iclası bir hekayədi. Azərbaycanda başqa problem olmasa, hər gün təkcə Vidadi bəyin məhkəməsindən zövqlə yazmaq olar.

Ötən məhkəmə iclasında Vidadi bəy Gəncə istintaq təcridxanasında saxlama şəraitinin dözülməz həddə olduğunu, saxlanılanları bit basdığını, kamerasına “paçka” ilə bit atıldığını deyib. (Adamın ağlına “paçka” ilə pul gəlir.) Vidadi bəy bütün məsələləri bir kənara qoyub, dövlət başçısına heç nə də yox, bit məsələsi üçün ağız açıb. Məni də dəhşətə gətirən budu. Sanki bu ölkədə bit də prezidentin tabeçiliyində olan canlıdı. Sanki bitə görə də məsuliyyəti birbaşa dövlət başçısı daşıyır. Əgər sənin əmrin olmadan nəfəs almaq belə cinayət sayılırsa, onda, təbii ki, bit problemini də sən həll eləyəcəksən, JEK-dən rüşvətsiz arayışı da.

Nəfəs demişkən, Isgəndərli saxlanıldığı kamerada hava olmadığını bildirib və deyib: “Mənə Allahın havasını verin, kondisionerli otaq tələb etmirəm ki?” “Mən Ilham Əliyevə müraciət edirəm, neftdən gələn gəlirlə…” – demək, bu ölkədə Allahın havası da Allahdan yox, neftdən gələn gəlirdən asılıdı.  Mütəllibov dəfn olundumu?

“Mütəllibov oğlunu dəfn elədi, tarix isə Mütəllibovun özünü”,- bu sözləri Face-dən Eynulla Fətullayevin sitatı kimi götürmüşəm. Mütəllibovun “ulu öndərin” qəbrini ziyarət eləməsi haqda xəbəri də oxumuşam, dediyi sözləri də. Adam onu illərlə sürgündə saxlayan adama taleyində oynadığı əvəzsiz rola görə minnətdarlıq eləyib, abidəsinə baş əyib. Məsələ bu.

Bizlərdə sadəcə başına qapaz vurulan, əzilən, həbsə düşən, sürgünə göndərilən, incidilən adamın zarıyaraq qışqırmasını cəngavər nərəsi kimi görmək, qışqıranın özünü isə qəhrəman hesab etmək xəstəliyi var. Və belə görünür ki, bu mərəzin əlacı da yoxdu. Basqıdan azad olan neçəsinin azadlıqdan sonra onların azadlığını əlindən alana təşəkkürünü və ya səcdəsini də çox görmüşük, bu səcdələrdən sonra neçə-neçə adamın qəhr içində üzüldüyünü, ruhdan düşdüyünü də: “Bu da belə getdi…” Qardaş, niyə ruhdan düşürsən, o, qəhrəman deyildi ki, onu sən özün qəhrəman zənn eləmişdin də. Biz jurnalistləri isə kimdənsə qəhrəman obrazı düzəltməkdə kimsə suçlaya bilməz. Biz şəxslərin azadlığını yox, azadlığın, qanunların aliliyinin, ədalətin özünü, tendensiyaları müdafiə edirik. Mütəllibovun “dəfninə” gəlincə isə, mən şəxsən bunu doğru hesab eləmirəm. Mütəllibov özü niyə və nəyə səcdə elədiyini və bizim də onun nədən belə elədiyini bildiyimizi yaxşı bilir. Bu, Mütəllibovun deyil, onu səcdəyə gətirən rejimin “ölümü”, faciəsidi. Insanı əyərək özünü uca sanmaq faciə deyil də nədir? Mən gerçək Tanrının belə, insanlardan səcdə tələb eləməsinə inanmıram. Çünki səcdə qamətdən deyil, içdən olur, o da içdən əyilməklə yox, içdən şax, düppədüz olmaqla, Tanrının gözlərinə dik baxmaqla. 
Ayaz müəllimin bu səcdəsini ölüm sayarsaq, onda etiraf eləməliyik ki, Azərbaycan xalqının yarıdan çoxu artıq ölüb, tarixin məzarlığına gömülüb.

Orxan Fikrətoğlunun Vaxtı

Qənimət Zahid türmədən atası Səlim babanın hüzrünə buraxıldığı gün mən Meysəriyə çathaçatdaydım; əziz dostum-qardaşım Orxan mənə zəng vurdu. Danışığımızın sonunda həmişəki kimi “Sabah görüşək”,- dedi, mən güldüm… O vaxtdan neçə jurnalisti tutdular, neçəsini oğurladılar, neçəsini döydülər, neçəsi, hətta Qənimət də həbsdən çıxdı, Orxandan xəbər çıxmadı. Görünür, qardaşımın Vaxtı ayrı vaxtdı. Mars hesabıyla. “Sabah görüşərik…” Durub deyirəm ki, Ilahi, o sabahı tez yetir. Vidadi bəy, siz də prezidentdən bit xahişi eləyincə, elə Ilahi ilə sabah söhbəti eləsəniz, daha uyğun olmazmı? Axı Azərbaycan Orxan Fikrətoğlunun vaxtıyla gedir…