Vəkil Əlayıf Həsənov 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ilə görüşüb.
Onun sözlərinə görə, Ş.Həsənlinin səhhətində və saxlanma şəraitində heç bir problem yoxdur. Yeganə çətinlik ona sovqatın çatdırılması ilə bağlıdır. Belə ki, təcridxana rəhbərliyi sovqatı yalnız Ş.Həsənlinin ailəsi tərəfindən gətiriləndə qəbul edir. Ə.Həsənov Ş.Həsənli ilə görüşdə əsasən apelyasiya şikayətini müzakirə etdiklərini deyir: “Şahin bəyi şikayətin mətni ilə tanış etdik. Şikayət artıq Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Çox ümid edirik ki, heç olmasa bu dəfə ədalətli qərar çıxarılacaq”.
Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Polis bölməsində onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Ş.Həsənli iki il müddətinə azadlıqdan məhrum edilib.
Gültəkin