Oxutmuram, əl çəkin!

Sənə Allahdan rəhmət diləyirəm, Mirzə Ələkbər Sabir

Bilirəm ki, bu yazı çoxlarını təəccübləndirəcək.
Necə ki, yaxın ətrafım qərarımdan xəbər tutduqdan sonra təəccüb və təəssüf yaşamaqdadır.
Dövlətin ali təhsil ocaqlarının birində üçüncü kursda oxuyan və təhsil haqqının 50 faizini çiyninə çəkdiyinə görə ikinci aydır Istanbulda fəhləlik edən oğlumu universitetdən çıxarmaq fikrindəyəm.
Səbəbini maraq edəcəksiniz.
Buyurun, bu da səbəbləri, tanış olun:1. Təhsilin səviyyəsi qane etmir;2. Ali təhsil diplomunun perspektivi görünmür;
3. Təhsil haqqı çox yüksəkdir;4. “Övladım mütləq ali təhsilli olmalıdır” stereotipi tamamən yanlışdır.
Bu dörd səbəb məni vadar edir bu addımı atmağa və o səbəblərin üzərində az da olsa gəzişmək fikrindəyəm.
Əminəm ki, təhsilin səviyyəsi təkcə məni yox, mərkəzi sinir sistemində pataloji dəyişiklik olmayanların hər birini qane etmir. Bizdə təhsilin sadəcə adı var. 
Onun səviyyəsi və keyfiyyəti barədə danışmaq istehza yaradır.
Sual edirəm, kimsə bir universitetimizin adını çəkə bilərmi ki, o təhsil ocağında rüşvət yoxdur və müəllimlər tələbələrə can-dildən elm öyrədirlər?Özünüzü yormayın, yoxdur belə bir universitet. Və bu yoxluğun da günahını Təhsil Nazirliyində axtarmağa dəyməz. DÖVLƏT barədə düşünün.
Azərbaycanda ali təhsil diplomu nə vəd edir?
Etiraf edək, keçmiş SSRI dönəmində cibində diplomu olanlara münasibət fərqli idi. Universitet məzunları təyinat əsasında işlə təmin olunurdu. Bu gün təyinat-filan yoxdur. Məzun özünə iş tapmağa vadar edilib. Kimin adamı, arxası var, iş tapa bilir. Olmayanlar, “Binə” və “Sədərək” ticarət mərkəzlərinə üz tutur.
Yəqin bilirsiniz, bu iki bazarda minlərlə universitet diplomlunun alver etdiyini. Böyük ehtimalla oğlum da diplom aldıqdan sonra bu iki bazardan birinə üz tutacaq. Nədən ki, nə adamımız var, nə də DÖVLƏT ali təhsillilərə normal münasibət göstərir.
Əslində isə DÖVLƏT özü vətəndaşların təhsil almasında, işlə təmin edilməsində maraqlı olmalıdır. Və ali təhsilli mütəxəssisə elə əmək haqqı ayırmalıdır ki, həyata qədəm qoyan kölə kimi yox, ADAM kimi yaşaya bilsin.
Azərbaycandakı DÖVLƏT necə hərəkət edir?
Neftdən milyardlar qazanan bir DÖVLƏT təhsil haqqını ildən-ilə qaldırarmı heç?
Oğlumun təhsil haqqı illik qazancımın təxminən 70 faizini təşkil edir. Bəllidir ki, mənimlə eyni durumda olan on minlərlə valideyn var. Bu neft 5-10 ailənin çırağını yandırmalıdır, məgər? Hər bir Azərbaycan vətəndaşına da pay düşməlidir, axı. 
Düşürmü? Düşsəydi, DÖVLƏT ən azı pullu təhsili ləğv edərdi, öz hesabına oxudardı vətəndaşını. 
Keçək son səbəbə – azərbaycanlı adı qoyulmuş millətin “Övladım mütləq ali təhsilli olmalıdır” mərəzinə. 
Bu, bir mentalitet anormallığıdır, desəm, yerinə düşər. Savadından, qabiliyyətindən asılı olmayaraq hər birimiz can atırıq ki, uşaqlarımız ali təhsilli olsun. 
Təhsildə rüşvətin çiçək açmasında bu arzumuz müstəsna rol oynayır.
Elələri var ki, bisavad övladını ali savadlı etmək üçün evini satır, neçə qapı döyüb borca düşür.
Sonra?Sonra o ki var dizinə döyür. Ona görə ki, min məşəqqətlə oxutduğu övladına iş tapa bilmir.
Və neçə minə başa gəlmiş diplom gərəksiz bir əşyaya çevrilir.
Biz hələ də fərqində deyilik ki, universitet diplomu alan kəs qul bazarında dayanmaz, piştaxta arxasında durmaz, səhərdən axşama kölgəlikdə domino-nərd oynamaz, sərgərdan, veyil statusunda qalmaz…
Bu gün Azərbaycanda ali təhsilli kölələr ordusu mövcuddur.
MƏN OĞLUMUN DIPLOMLU KÖLƏ OLMASINI ISTƏMIRƏM. 
O, özü də bunu istəmir heç.
Allahın bəxş etdiyi ömrü INSAN kimi yaşamaq istəyir.
Insan kimi yaşamaq üçün diplom vacib deyil.
O diplom ki, Azərbaycanda çoxları onu evin hansı küncünə atdıqlarını belə, yaddan çıxarıblar.Mən qərarımı verdim. 
Oxutmuram!