kiv-df

O da inandığı sistemin qurbanı oldu…

Sovet ideyalarına sadiq inqilabçı

Repressiya illərində xidmət göstərdiyi sistemin hökmü ilə güllələnən şəxslərdən biri də Ruhulla Axundov olub.  Onun ölüm tarixi, daha doğrusu, qətlə yetirildiyi il belə göstərilmir. Ruhulla Axundovun son iş yeri Incəsənət Işlər Idarəsinin rəis vəzifəsi olub. Onu iş başındaca həbs edərək qətlinə fərman vermiş, yerində isə erməni əyləşdirmişlər. 

O, Azərbaycan kommunistləri içərisində bu ideologiyanın nəzəri əsaslarını dərindən bilən nadir insanlardan idi. R.Axundov fars, rus, ingilis, fransız dillərini mükəmməl bilirdi. Çarlz K.Mouzer “Zaqafqaziya haqqında qeydlər” kitabında yazırdı: “Azərbaycan revkomunun tərkibi son dərəcədə tipikdir. Revkomun sədri tatar doktor Nərimanov təhsilə və dünyagörüşə malik yeganə adamdır. 29 yaşlı xalq təhsili naziri Bünyadzadə öz adını yazmağı da bacarmır. 22 yaşlı xarici işlər naziri Mirzə Davud Hüseynov kifayət qədər ağıllı olsa da, ixtisasca dəmirçi köməkçisi idi. Əkinçilik nazirinin 25, xalq təsərrüfatı nazirinin 24 yaşı var – hər ikisi savadsız və səriştəsiz adamdır”. R.Axundov haqqında isə bunları demək mümkün deyil. O, savadlı olmasına baxmayaraq, bu bacarığını işğalçı kommunist rejiminin güclənməsinə sərf edib. O, kommunist ideologiyasına ürəkdən inanır və ona sədaqətlə xidmət edirdi. 

Ruhulla Axundov 1897-ci ilin qışında Bakının Şüvəlan kəndində müəllim ailəsində anadan olub. Atası Əli kişi Bağdadda ali ruhani təhsili aldıqdan sonra doğma şəhərə qayıdaraq fars və ərəb dilləri müəllimi vəzifəsində çalışmışdır. Ruhulla körpə ikən atasını itirib. Dörd yaşlı uşaq bacılarının himayəsində böyüyüb. Ilk təhsilini kənd məktəbində aldıqdan sonra şəhərdə rus-Azərbaycan məktəbində oxuyub. Sonralar Bakı realnı məktəbində təhsil alıb. Kiçik yaşlarından öz istedadı və bacarığı ilə müəllimlərinin diqqətini cəlb edib. Onun hamıdan seçilməsi görkəmli Azərbaycan yazıçısı Abdulla Şaiqin də nəzərindən qaçmayıb. Öz sevimli şagirdi haqqında unudulmaz ədibimiz yazırdı: “Az gülən, az danışan, ağır təbiətli Ruhulla qarayanız, arıq bir tələbə idi. Ancaq qara, mənalı gözləri həmişə parıldayırdı. Yoldaşlarından xeyli seçilirdi. Dərslikdən ayrı-ayrı parçaları o qədər səlis və mənalı oxuyurdu ki, valeh olmaya bilmirdin. Natiqlərə məxsus gur və ahəngdar səsi var idi. Dərslərindən əla alırdı. Pedaqoji şuralarda həmişə ondan bəhs edərdilər”.

Təbii ki, o dövrün siyasi hadisələrinə bir gənc olaraq, Ruhulla da laqeyd qala bilməzdi. Ölkəni bürümüş mitinqlər, nümayişlər bu qaynar təbiətli, emosiyalı, həyatın bir o qədər də isti-soyuğuna düşməmiş, əsl həqiqətlərdən dərindən xəbəri olmayan gənci özünə çəkməyə bilməzdi. Doğrudur, sovet tarixçiləri bəh-bəhlə, şüar şəklində yazırdılar ki, Ruhulla Axundov bütün varlığı ilə inqilab işinə bağlandı. Sadəcə onu demək mümkündür ki, bir çoxları kimi Ruhulla Axundov da bu inqilabı başlayanların pafoslu nitqinə inanmağa başladı. Əgər inqilabçılar bir yerdə qışqıraraq “Yaşasın azadlıq!” oxuyurdularsa, bu xora qoşulanların çox olması təbii idi. 

Xoşbəxt gələcək xəyalları

Əlbəttə, “Şanlı Bakı kommunası” günlərində Ruhulla Axundov “Bakı Şurasının əxbari” qəzetinin redaktoru olmaqdan imtina etmədi. Hətta 1919-cu ilin mayında “Al bayraq” adlı qəzetdə yazırdı: “Biz istiqlal istəyirik. Elə istiqlal ki, haqlar haqq, zalımlar məhv, məzlumlar hürr olsun”. Ilk baxışda çox gözəl sözlərdir. Amma bu tələbin arxasında hansı niyyətlər dayanacaq, bunları Ruhulla Axundov bilmirdimi…. Məsələ ondadır ki, sovet hakimiyyəti uğrunda aparılan mübarizənin ən kəskin dövründə də Ruhulla Axundov vətənpərvər publisist kimi çıxış edirdi. Ona elə gəlirdi ki, ədaləti bərpa etmək naminə, millətlər qardaşlığı uğrunda mübarizə aparır. Ona elə gəlirdi ki, həqiqətən kommunizm bayrağı altında zəhmətkeşlər birləşəcək. Bir tərəfdən də tanış olduğu insanların – Nəriman Nərimanovun, Dadaş Bünyadzadənin təsiri və başqa ziyalılarla oturub-durması, onlarla söhbət etməyi onda bu inamı yaratmışdı. Sovet hakimiyyəti illərində Ruhulla Axundov məsul partiya işlərində çalışmaqla yanaşı, curnalist fəaliyyətini də davam etdirib. O, “Kommunist” qəzetinin ilk redaktoru olub. O dövrdə respublikada nəşr olunan “Qızıl əsgər” qəzeti və “Savadlı qırmızı əsgər” jurnalının işində yaxından iştirak edib. Kommunistlərin Moskvada keçirilən bir neçə qurultayının nümayəndələri arasında Ruhulla Axundov da olub. 1920-ci ildə Leninlə görüşən Ruhulla Axundov Bakıya döndükdən sonra kəndli komitələrində, müxtəlif bolşevik təşkilatlarında, partiya işində məsul vəzifələrdə çalışıb. Ruhulla Axundov Leninin ideyalarına ürəkdən inanırdı. 
“XX əsr Azərbaycan yazıçıları”nın ensiklopediyasında Ruhulla Axundov haqqında verilən məlumatda oxuyuruq: “Tərcüməçi ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Ittifaqının üzvüdür. Tarix, ədəbiyyat və incəsənətə dair bir sıra əsərlərin müəllifidir. Azərbaycan dilində siyasi terminologiya yaradılması və yeni əlifbaya keçirilməsində xidmətləri olmuşdur”. 

Ruhulla Axundov “Inqilab və mədəniyyət” (1927-1928) jurnalının da redaktoru olub. O, bu jurnalın səhifələrində klassik Azərbaycan şairlərinin, folklor nümunələrimizin dərc olunmasına diqqət yetirərdi. O dövrdə bu jurnalda məsul katib işləyən Süleyman Rüstəm öz xatirələrində yazıb: “Mən Ruhulla Axundovun mənzilində çox görkəmli alimləri, curnalist, yazıçı və tərcüməçiləri görmüşəm. Xatirimə gələnlərdən: ”…Tağı Şahbazi, Mehdi Hüseyn, Məmməd Arif, Mikayıl Rəfili, Nemət Bəsiri və başqaları…”

O, öz qurduğu rejimin gülləsinə tuş gəldi

Xalq artisti Barat Şəkinskaya öz xatirələrində yazırdı: “37-ci ilin dəhşətlərini xatırlayanda ayaq üstə ölürəm. Əvvəl tanınmış inqilabçıları, siyasi xadimləri, sonra da məşhur ziyalıları – mədəniyyət, ədəbiyyat xadimlərini həbs etməyə başladılar. Onların arasında şəxsən mənim tanıdığım adamlar da az deyildi. Incəsənət Işlər Idarəsinin rəisi Ruhulla Axundov, Bakıdakı Dram Teatrının direktoru Əli Kərimov… O zaman nə baş verdiyini doğru-dürüst anlamaq o qədər də mümkün deyildi. Mənim bildiyim bu idi ki, Ruhulla Axundov çox xeyirxah və nəcib insan idi. Yerində ermənini əyləşdirdilər. Qəddarın, başkəsənin biri idi…” 

Ziya Bünyadov “Qırmızı terror” kitabında yazırdı: 

“Azərbaycanda DTK-nın ermənilərdən ibarət olan rəhbərləri ”müəyyən” etdilər ki, təşkilatın başçıları R.Axundov, Ə.Qarayev… və başqaları idilər”. Söhbət hansı gizli təşkilatdan gedirdi. Guya bu antisovet üsyanı qaldıracaq rəhbərlərdən biri Ruhulla Axundov gələcək Azərbaycan burjua demokratik respublikasının prezidenti olmalı idi. Beləliklə, Ruhulla Axundov (bir vaxt Lenin ordenli kommunist) həbs edilərək zindana atılıb. “Yan”ların göstərişinə əsasən, dustaqlardan lazım olan ifadəni almaq üçün onlara işgəncə verilir, vəhşicəsinə döyür və başqa iyrənc vasitələrə əl atırdılar: “…Təşkilatınıza daxil olanların adlarını desən, əvəzində nə sənə, nə də ailənə toxunulacaq”. Bu minvalla Ruhulla Axundovdan bir müddət “şahid” kimi istifadə etməyə çalışıblar. Döyülmə və işgəncələrdən havalanan Ruhulla Axundov hətta tanımadığı adamlara da “mənim təşkilatımın ən fəal üzvüdür” demək zorunda olurdu. Bir canlı kimi nəfəsini və varlığını itirənə qədər Ruhulla Axundova zülm veriblər. 

Tarix göstərir ki, o dəhşətli illərin qurbanları həm də o rejimin qurulmasında yaxından iştirak edənlər olub. Faciə burasındadır ki, onların çoxu  xidmət etdikləri bu çürük ideyaların cənnət yaradacağına inanıblar. Elə bu boş inamın da qurbanı olublar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir