Bütün dünya ilə balanslı düşmənçiliyin son akkordları
Ilham Əliyev üçün 2011-ci il 2010-cu ilin dekabrından başladı. Bir gün sonra, yəni, “gələcək gün” əslində xeyli gecikmişdi. Dekabr ayının 30-da, yəni növbəti ilin faktiki başladığı gündə “Azərbaycan” qəzetində böyük bir antiABŞ yazısı dərc edilmişdi. Bu materialın hətta SSRI Elmlər Akademiyasının hazırladığı sənədlərdən su içdiyi də aydın idi. ABŞ-ı “vurmaq”, ya da belə bir görsəniş yaratmaq üçün başqa yol da yoxdur. Onun bu dünyada ən böyük rəqibi SSRI olub və indi o, yoxdur. Bu XƏBƏRdən nəticə çıxarmayanlar isə dünya siyasətində MÜBTƏDA olmaq niyyətində nə qədər də gülünc görsənirlər. Bəli, SSRI yoxdur, amma onun çökməsində mühüm rol oynayan ABŞ qalır. Azərbaycan hökuməti ABŞ-a qarşı cavab ritorikasını daxili müstəvidə də davam etdirdi. Bir tərəfdən korrupsiyaya qarşı ciddi mübarizə kampaniyasına başlandı, başqa tərəfdən başlanan işin kampaniyadan o yana keçmədiyi üzə çıxdı. Məlum oldu ki, hakimiyyətdaxili qruplar Ilham Əliyevin siyasətin təsərrüfatına nabələdliyindən istifadə edib, öz rəqiblərini (onların şəbəkələrini) sıradan çıxarmağa can atırlar. Bütün baş verənlər də bunun fonunda cərəyan edir. Mühüm hadisə sayılmayan həbslər və sistemdən qovulmalar istisna olmaqla bütün məmur oliqarxlar öz yerlərini bir daha bərkitmək imkanı əldə etdilər. Hakimiyyət bir daha islaholunmazlığını ortaya qoydu və bütün bunlar 2011-ci ilin başlanğıcından bəri davam edən böhranın başlıca xronikasına girən təhsil haqlarının fantastik artımı, sürətli inflyasiya və əmanət borclarının yenə də qaytarılmaması ilə faktlaşdı. Hakimiyyət ictimai fəallıqdan çəkinib bəzi kommunal borcları silsə də, siyasi fəalları həbs edəndən sonra yenidən iri miqyaslı korrupsiya və kommunal soyğunçuluğa başladı. Xalqla mübarizədə üstünlüyünü saxlayan hökumət beynəlxalq münasibətlərində eyni tempi qoruya bilmədi və beləliklə…
ABŞ tərəfdaşdırmı, tərəfdirmi?
ABŞ dövlət katibinin iki müavini ilin əvvəlində Azərbaycana gəldi və onlardan birinin (Tomas Melia) səfərində yumruqların stola çırpıldığına dair xəbərlər yayıldı. Ilham Əliyev Melia ilə görüşdən yayınsa da, onun administrasiyasında gərgin bir gün məhz siyasi məsələlərin ABŞ diplomatı ilə müzakirəsində yaşandı. Bunun ardından ABŞ-ın məşhur qəzeti “Vaşinqton Post” yenidən Ilham Əliyevi hədəfləyən yazılar dərc etdi və açıq yazdı ki, Azərbaycan rəhbəri də Yaxın Şərq diktatorları ilə eyni addımları atır. Bu məqalə həm də “hələ devrilməmiş diktatorların hesablarına həbs qoyulmalıdır” tezisi ilə yadda qaldı. ABŞ mediası israr edirdi ki, devrilməmiş diktatorların pulları öz xalqlarına və başqa xalqlara azadlıq mübarizəsində mane olur. Biz bunun təsdiqini bütün dünyanın izolyasiya etdiyi Lukaşenkoya Ilham Əliyevin 300 milyon kredit verdiyi zaman gördük. ABŞ əslində, bir neçə dəfə hakimiyyətə islahatlar yolunu tutmağı təklif etsə də, qarşılığında bu ölkə ilə hərbi və təhlükəsizlik sahəsindəki məsləhətləşmələr, təlimlər təxirə salındı. Hər dəfə Vaşinqton bəyan etdi ki, bunu rəsmi Bakı birtərəfli qaydada edir. Ilham Əliyevin Kazan sammitinə hansı niyyətlə getdiyini əvvəlcədən bilməsək də, “Wikileaks” saytının yenidən bu ərəfədə canlanması onu göstərdi ki, bu da bir təzyiq vasitəsi kimi özünü qoruyub saxladı. Nəhayət, iyul ayının 18 və 27-də ABŞ konqresi dinləmələr keçirdi və Azərbaycan hökumətinin daşını daş üstə qoymadı. Strateji əməkdaşlığın rəsmi təntənəsi başa çatdı. Artıq ABŞ-ın Azərbaycan hökuməti üçün tərəfdaş deyil, qarşı tərəf olduğu tam təsdiqini tapdı…
Avropa Ittifaqı – alt üst olan bəhanələr…
Avropa Parlamentinin rəhbəti Yeji Buzekin öncə Ermənistana, sonra Azərbaycana səfəri bu qurumla Azərbaycan arasındakı münasibətlərin yeni mərhələsi oldu. Belə ki, AB rəsmisi elə Irəvanda keçirilən mətbuat konfransında dedi ki, onlar heç vaxt Qarabağı müstəqil ərazi vahidi kimi tanımayacaqlar. Bununla da Rəsmi Bakının Avropa strukturlarını Azərbaycana ikili standartlarla yanaşmaqda ittiham etməsinin faktiki əsası qalmadı. Buzek Bakıdakı təmaslarından sonra mətbuata açıq dedi ki, Ilham Əliyevə müxalifətlə dialoqun vacibliyini və qaçılmazlığını dedim. Bu səfər Azərbaycan hökuməti ilə AB arasında tam açıq dialoqun başlanğıcı oldu. Ilham Əliyev hər nə qədər baş verənlərin apardığı siyasətə təsir etmədiyini nümayiş etdirmək istəsə də, onun Kazan görüşündən bir gün öncə Brüsselə, Joze Manuel Barrozonun dediyi kimi, açıq söhbət üçün səfəri hər şeyi aydınlaşdırdı. Məhz bu açıq söhbətdən bir gün sonra Ilham Əliyev Rusiyanın mövqeyi əleyhinə getdi. Beləliklə, aydın oldu ki, Azərbaycan rəhbərinin “müstəqil siyasət” dediyi anlayış hər dəfə bir tərəfin təzyiqini nəzərə almaqdır. Bu, eyni zamanda balans hesab oluna bilər. Avropa Birliyinin assosiasiya müqaviləsinə dair təkliflərini iki ilə yaxındır ki, dəyərləndirib başa çatdıra bilməyən Ilham Əliyev “Qoşulmayan ölkələr Blokuna” qoşulmaqla AB-yə dolayı cavabını vermiş oldu. Amma bu cavabın kifayət etmədiyini biz Brüssel görüşündə gördük. Bir sözlə, Ilham Əliyev özünü AB ilə də gərgin münasibətlər burulğanına saldı.
Rusiya artıq inanmır…
“Komsomolskaya Pravda” ilin əvvəlində Ilham Əliyevin ABŞ diplomatları ilə danışıqlarını şərh etmişdi. Vikiliks materiallarına istinadən qəzetin apardığı analiz Azərbaycan dövlət başçısının Rusiya üçün artıq etibar edilməyən adam olduğunu deyirdi. Müəlliflər belə hesab edirdilər ki, Ilham Əliyev hər nə qədər Rusiyaya yaxın görünsə də, Qərbdən ciddi təzyiq və ya dəstək görən kimi onları satacaq. Bu isə Rusiyanın artıq təzyiq etmək və ya dəstək vermək gücünün olmadığının da etirafı idi. Bu yazıdan sonra Ilham Əliyevə qarşı Qərb mətbuatında gedən ifşaedici yazıların Rusiya mediasında yer alması sürətləndi. Kreml Ilham Əliyevlə münasibətləri həm də ona görə biryolluq kəsmir ki, Qarabağ münaqişəsi var olduqca hazırkı hökumətin çox uzaqlara getmək imkanı yoxdur. Kazan görüşündə isə ruslar üçün hər şey bərbad oldu. Tomas De Vall öz məqaləsində, hətta Lavrovun dəli olduğunu yazırdı. Bu, Kremlin Əliyevlə hansı əsəblərlə davranacağına bir işarə idi. Az keçdi, Medvedev Rusiya mediasına müsahibəsində Ilham Əliyevin və Sərkisyanın beş günlük müharibədən necə qorxduqlarını və ona etiraflarını açıqladı. Bunun ardından baş tutan Soçi görüşünün də eyni ritorikada keçdiyinə dair bilgilər var. Rusiya artıq qorxu, hədə və şantaj vasitəsinə əl atıb.
Iran – sərhəd pozur və hədələyir…
Azərbaycan rəhbəri yəqin ki, bir gün hər şeyin faş olacağını düşünməyib. Elə ona görə də ABŞ diplomatlarına Iranın böyük təhlükə mənbəyi olduğunu deyib. Bundan sonra Mahmud Əhmədinejad iki dəfə dəvət etsə də, Ilham Əliyev Irana səfərə razılıq verməyib. Əli Laricaninin Bakıya səfəri və onun ardınca sərhəddə Azərbaycan zabitini Iran sərhədçilərinin öldürməsi münasibətlərin gərginləşməsinə işarə idi. Generalın Ilham Əliyevə birbaşa hədəsi isə Kazan sammiti ərəfəsində Əhmədinejadın eyni səviyyədə narahatlığını çatdırmasının davamı idi. Iranla ulduzların barışması, demək olar ki, mümkünsüzləşib. Iran eyni zamanda Azərbaycan hakimiyyətinin yalnız milli demokratik qüvvələri sıradan çıxarmağa fokuslaşmasından yaranan boşluğu fürsət bilir və ölkədə ciddi dayaqlarını yaratmağa nail olub. Bu bəyanat isə belə bir hazırlığın yekunlaşdığına işarədir. Yəni, Iran artıq öz bəyanatlarının arxasında dayanacaq gücü təmin etmiş hesab edir. Bu güc isə hakimiyyətlə kəskin konfrantasiya mövqeyində olan dini təbəqədir. Ilham Əliyev uzun müddət Qərbə ölkədə dini təhlükənin olduğunu göstərmək üçün qurduğu lazımsız kombinasiyaların qurbanına çevrilməkdədir. Ramiz Mehdiyev bir texnoloq kimi ideoloji cəhətdən başqasına bağlı qüvvələrdən sona qədər istifadə edə bilməyəcəyini bilmirsə, deməli, bu hakimiyyət mexaniki olaraq bitib. Iranla faktiki münasibətlər bu bitkinliyin ifadəsidir.
Türkiyə – düşmən siyahısındakı qardaş…
Azərbaycanın dost və qardaş ölkə saydığı Türkiyə indi faktiki olaraq arzuolunmazlar siyahısındadır. Ilham Əliyevin son vaxtlar eşitmək istəmədiyi sözlərin siyahısını tutsaq, belə bir sıra yaranar – Ərdoğan, qaz, viza, PKK və s. Çünki bu ölkənin Azərbaycanla münasibətlərdə addımları çox konkret olduğu üçün gözləntiləri də konkretdir. Azərbaycan isə açıq şəkildə bu istəklərin əleyhinə gedir. Ərdoğanın yanvarda Bakıya planlanan səfəri iyula kimi təxirə düşsə də, nəticə yenə dəyişmədi və heç bir irəliləyiş qeyd olunmadı. Vikiliks-in yaydığı başqa bir materialda Ilham Əliyev Türkiyənin regionun enerji mərkəzinə çevrildiyini istəmədiyini demişdi. Daha sonra isə “Fiqaro” Səməd Seyidovla söhbətə istinadən yazdığı yazıda Azərbaycanın məxfi rəsmi sənədlərində Türkiyənin təhlükə kimi göstərildiyi ortaya çıxdı. Rəsmi Bakı bu məlumata münasibət bildirmədi. Türkiyə isə öz növbəsində iki ölkə arasındakı münasibətlərin xalqların yaxınlığına dayandığını vurğulayır. Amma açıq göründü ki, Ərdoğan Hökuməti bundan sonra Qarabağ məsələsi xaricində heç bir mövzuda Ilham Əliyevlə yanaşı oturmaq fikrində deyil. Yeri gəlmişkən, Azərbaycan Türkiyəyə həm də ona görə düşmən kimi baxır ki, Davudoğlu Hillari Klintonla Azərbaycanda insan haqlarının vəziyyətini müzakirə edib. Yəni, “daxili məsələyə” qarışıb.
Uğursuz eniş…
Beləliklə, Ilham Əliyevin idarə etdiyi (əslində edə bilmədiyi) hakimiyyət gəmisi nəhayət, enişə məcburdur. Amma onun enməsi üçün bütün zolaqlar artıq uğursuzdur. Çünki hamı ilə münasibətləri eyni anda korlayıb. Bu isə hakimiyyətin son addımlarının qəza vəziyyəti yaradacağı deməkdir. Ən başlıca iş bu hakimiyyət gəmisində olub, hələ də xalqa yararının olduğunu düşünənlərin üzərinə düşür; bu gəmini sürətlə tərk etmək sağ qalmağın yeganə yoludur.
Seymur Həzi