“İlham Əliyev xəbərdarlığıma qulaq asmasa, onu qorxulu tale gözləyir”

İran generalı Əliyevi hədələdi, Bakı dişsiz cavab verdi; “Azadlıq” olayı şərh etdi

İran ordusunun baş qərargah rəisi general Həsən Firuzabadi Azərbaycan rəhbərliyini kəskin tənqid edən bəyanat səsləndirib. O, dövlət başçısının qorxulu taleyi barədə proqnoz verib (qafqazinfo).
Iranın Mehr agentliyinin yaydığı məlumatda Həsən Firuzabadi Azərbaycan prezidentini xalqın oyanışını yatırtmaqda ittiham edib: “Ilham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa, onu qorxulu tale gözləyir. Xalqın oyanışını yatırmaq olmaz.
Bizim dostluq münasibətlərini dəstəklədiyimiz bəzi qonşu müsəlman ölkələr dostluğa məhəl qoymayaraq, öz ölkəsinin daxili işlərinə qarışmağa icazə verməklə sionist rejiminə azadlıq verirlər. Onlar Islamın qaydalarına məhəl qoymurlar. Lakin Azərbaycan xalqının damarında həm də Iran qanı axır və onun ürəyində Islama sevgi yaşayır”.

“Azadlıq”ın şərhi

Bu bəyanatın arxasında hansı siyasi intriqanın dayandığı təbii ki, önəmli məsələdir. Burada biz iki mühüm amilə diqqət yetirməliyik:
Birincisi, Iran rəsmilərinin Ilham Əliyevə qarşı sərt açıqlamalarının arxasında dayanan əsas motiv;
Ikincisi, Azərbaycanda Iran faktorunun gücünə istinad edən hədə-qorxu.
Iran prezidenti Mahmud Əhmədinejad Ilham Əliyevi iki dəfə Tehrana dəvət etsə də, Azərbaycanın dövlət başçısı bundan imtina edib. Göründüyü kimi, rəsmi Bakı Iranla sıx təmasda olmaq istəmir. Bu təmasın motivi nə olursa olsun, Azərbaycan tərəfi ciddi problemlərlə üzləşəcəyini bilir. Daha kobud ifadə etsək, Əhmədinejad Əliyevi Irana “razborka”ya çağırır.
Bunun arxasında dayanan hərəkətlərin nədən ibarət olacağı isə hələ də sual altındadır.
Iran parlamentinin spikeri Əli Laricaninin Bakıda “Islam birliyi indi heç vaxt olmadığı qədər vacibdir” bəyanatından iki gün sonra Iran hərbçilərinin Azərbaycan zabitini güllələməsi və ardınca Tehranın Bakını ittiham etməsi də bu qəbildən maraqlı hadisədir.

“Azərbaycanılılarda Iran qanı” nə deməkdir?

Hərçənd iranlı general sözün həqiqi mənasında səbatsız bir bəyanat verib. Azərbaycan xalqının Iranla qan bağlılığı iddiasını irəli sürüb. Iranın Azərbaycana qanla bağlı olan hissəsi elə Azərbaycandır və bunun Bakı üçün təhdid mənbəyi olduğu heç inandırıcı deyil. Bakı üçün əsas təhlükə dini faktor ola bilər. Bu mənada iranlı generalın Azərbaycan rəhbərliyini “sionist rejimə imkan yaratmaqda” ittiham etməsi diqqəti çəkir.
“Sionist rejim” dedikdə ayrı-ayrılıqda ABŞ və ya Israil nəzərdə tutula bilər. Baxmayaraq ki, indi Israillə ABŞ arasında münasibətlər elə də yaxşı deyil. Israil isə öz növbəsində Iran üçün təhlükə yaratmır. Deməli, əsas səbəb başqadır.
Ilham Əliyevin bu cür açıq hədələnməsi onun Qərb və Rusiya ilə münasibətlərinin pisliyindən istifadə edib, onu özünə doğru çəkmək məqsədi daşıya bilər. Iran və Azərbaycan hakimiyyətləri öz xalqlarına münasibətdə xeyli yaxın olsalar da, mənəvi orientasiyaları kifayət qədər fərqlidir. Onları heç bir dəyərin birləşdirmədiyini nəzərə alsaq, Iranın hədə vasitəsinə niyə əl atdığını aydın görərik.
Azərbaycan hökumətinin iranlı generalın hədəsinə adekvat olmayan reaksiyası da onu göstərir ki, rəsmi Bakı hələ nə edəcəyini bilmir. Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov beləcə də deyib: “Firuzabadinin hərbçi olduğu halda, belə bir siyasi bəyanat səsləndirməsi çox təəccüblüdür. Yaxşı olar ki, hərbçi hərbi, siyasətçi isə siyasi bəyanatlarla çıxış etsin”.
Bu cavab onu göstərir ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və ya baş qərargah rəisi Nəcməddin Sadıqov bu istiqamətdə hər hansı açıqlama verməyəcək. Cavab üçün Əli Həsənovun və ya Prezident Administrasiyasından hər hansı başqa səlahiyyətlinin deyil, Elxan Poluxovun seçilməsi onu göstərir ki, rəsmi Bakının yeganə taktikası Ilham Əliyevi bu bəyanatdan qorumaq üzərində qurulub.
Ilham Əliyevin indiki şəraitdə hansı addımlar atacağını proqnozlaşdırmaq çətindir. Amma vəziyyəti daha mürəkkəbdir.

Seymur