2 aprel dustaqlarının məhkəməsində vəkillərin demarşı

Gənc məhbuslar dəmir qəfəslikdən çıxdı

Dünən Nəsimi rayon məhkəməsində Ictimai Palatanın keçirdiyi 2 aprel mitinqinə görə həbs olunan Müsavat Gənclər Təşkilatının sədr müavinləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP Gənclər Komitəsinin üzvü  Elnur Məcidli və YAP üzvü Ulvi Quliyevin məhkəmə prosesi keçirildi. Məhkəmə iclasına Müsavat başqanı Isa Qəmbər və AXCP sədri Əli Kərimli də qatılmılşdı. Prosesi Amerika səfirliyinin və ATƏT-in nümayəndələri də izləyirdilər.

Məhkəmə binasının qarşısına yüzlərlə müxalifət fəalı toplaşmışdı. Onlardan ancaq iyirmiyə qədəri iclas zalına daxil ola bildilər. Məhkəmə binası ətrafını mühasirəyə alan Nəsimi Rayon Polis Idarəsinin əməkdaşları məhkəmə binasına bəlli bir qisim iştirakçını buraxdılar. Jurnalistlərə prosesin birinci hissəsini izləməyə imkan verilmədi.
Qeyd edək ki, Nəsimi rayon məhkəməsinin  binasında bir neçə geniş iclas zalı olsa da, proses iyirmi nəfərin iştirak edəcəyi kiçik  zalda keçirildi. Səhər saat 11:00-da başlayan proses axşam saat 18:30-a qədər davam etdi.
Prosesi hakim Şahin Abdullayev aparırdı.

Proses zamanı hakim ancaq iki vəsatət təmin etdi. Bunlardan biri vicdan məhbuslarının dəmir barmaqlıqlar arasından çıxarılması, digər vəsatət isə R.Hacıbəylinin həkim müayinəsindən keçməsi ilə bağlı idi.
Müsavat başanı proses zamanı vicdan məhbuslarını nəzərdə tutaraq, hakimə “Hüsnü Mübarəkin qəfəsi bizim məhbusların qəfəsindən qat-qat geniş idi” deyib.
Vəkil Yalçın Imanov müdafiə etdiyi Ə.Məmmədlinin həbs müddətinin avqustun 9-da saat 12:00-də, vəkil Xalid Bağırov isə E.Məcidli barəsində çıxarılan həbs-qətimkan tədbirinin müddətinin avqustun 8-də başa çatdığını bildirdi. Vəkillər hər iki vicdan məhbusunun məhkəmə salonundan sərbəst buraxılmalarına dair vəsatət qaldırdılar. Hakim vəsatətləri təmin etmədi və onların həbs müddətini artırmadı. Vəkil Yalçın Imanov bildirdi ki, bu, kobud qanun pozuntusudur: “Bu, həm azərbaycan qanunvericiliyinin, həm də ölkəmizin qoşulduğu beynəlxalq konvensiyanın insan azadlıqlarına dair 5-ci maddəsinin pozulması deməkdir. Əhəd Məmmədli və Elnur Məcidlinin həbs müddəti başa çatıb. Onlar qanunsuz olaraq həbsdə saxlanırlar”.
Hakim vəsatətləri qəbul etmədi və vəkillərin verdiyi vəsatətlərə dair əndrəbadi qərar çıxardı. Baxmayaraq ki, hər iki gəncin həbs müddəti başa çatıb, hakim Ş.Allahverdiyev  qərarda həbs-qətimkan tədbirinin qüvvədə saxlandığını bildirdi. Vəkillər buna etiraz etsələr də, hakim heç bir tədbir görmədi. Qeyd edək ki, məhkəmə prosesinə  zərərçəkənlərin nümayəndələri və  zərərçəkən qismində daha iki polis nəfəri qə qatılmışdı. Nahar fasiləsindən sonra hakim bir neçə dəfə müşavirəyə çəkildi.

E.Məcidli və R.Hacıbəyli çıxış edərək  onlara qarşı ittihamın mahiyyətinin aydın olmadığını bildirdilər. Təqsirləndirilən şəxslər siyasi sifarişlə həbs olunduqlarını, onlara qarşı qaldırılan mülki iddianı qəbul etmədiklərini bildirdilər. E.Məcidli Cinayət Məcəlləsinin 221-ci maddəsilə 233-cü maddəsi, demək olar ki, eyni xarakterli olduğu halda, nəyə görə məhz ikinci maddənin əsas götürüldüyünü soruşdu. 
Bu zaman hakimlə vəkillər arasında mübahisə yarandı.
E.Namazov bildirdi ki, müdafiə etdiyi vicdan məhbusu R.Hacıbəyli təcridxanadan Nəsimi polisinə gətirilib və eyni polis idarəsinin əməkdaşı ilə üzləşdirilib. X.Bağırov isə bildirdi ki, E.Məcidli müdafiə tərəfin vəkilinin iştirakı olmadan üzləşdirilib. Vəkillər müstəntiqlərin qanun  pozuntularına yol verdiklərini dedilər. E.Namazov  hakimdən istintaq materiallarında R.Hacıbəyliyə qarşı mülki iddianın olub-olmadığını soruşdu.
Hakim suala konkret cavab verə bilmədi . Üstəlik R.Hacıbəylinin ictimai asayişi pozduğunu bildirdi.
Bu zaman E.Namazovla hakim Şahin Abdullayev arasında polemika yarandı:
–    Hörmətli hakim, ictimai qayda nədir və bu ifadə hansı hüquqi aktlarla tənzimlənir?
–    Vəkil bunu başa düşmürsə….
–    Siz müdafiə etdiyim şəxslə yanaşı bunu mənə də izah etməyə borclusunuz.
–    Insanların asayişinin, istirahət hüququnun pozulması. Necə olur ki, təqsirləndirilən şəxs bunu başa düşmür?
–    Siz Rüfət Hacıbəylini heç bir normativ hüquqi aktla tənzimlənməyən məsələdə ittiham edirsiniz.
–    Siz artıq işin detallarına toxunursunuz. Rüfət nəqliyyatın hərəkətini pozub.
Bu zaman vəkillə hakim arasında mübahisə daha da qızışdı.
Vəkil Osman Kazımov qalxıb dedi ki, prezident hər gün ictimai qaydanı pozur: “Hər gün Mərdəkandan Bakıya gələndə yolu bağlayırlar. Bir saat yolda qalırıq”.
Bu dəfə hakimlə vəkil E.Namazov arasında mübahisə yarandı. Hakim E.Namazovu  hədələməyə başladı.
O.Kazımov vicdan məhbuslarına qarşı 6028 manat məbləğində mülki iddia qaldırıldığını bildirdi və hakimdən  Ü.Quliyevə bu məbləğdən nə qədər hissə düşdüyünü soruşdu. Ş.Abdullayev suala konkret cavab vermədi. Məhkəmə prosesi saat 18:30-dək uzandı. E.Namazov hakimi onların istirahət hüququnu pozmaqda günahlandırdı. Proses avqustun 16-sı saat 11:00-a təxirə salındı.

«Proses zamanı hakimləri və zərərçəkənləri dinlədik və gördük ki, hakimiyyətin bu qondarma cinayət işi ilə bağlı nəinki sübutu, hətta bəhanəsi də yoxdur»

Daha sonra məhkəmə prosesində iştirak edən partiya sədrləri jurnalistlərə açıqlama verdilər. Müsavat başqanı Isa Qəmbər  dedi ki, proses zamanı hakimləri və zərərçəkənləri dinlədik və gördük ki, hakimiyyətin bu qondarma cinayət işi ilə bağlı nəinki sübutu, hətta bəhanəsi də yoxdur: “Proses tam yalan üzərində qurulub. Nəsimi Məhkəməsində keçirilən hazırlıq iclasından sonra ilk iclasdır. Bu gün vəkillər daha çox çıxış edirdilər. Vəkillərin çıxışları yüksək səviyyədə idi. Vəsatətlərlə hakimin və prokurorluğun bütün iddialarını darmadağın etdilər. Müttəhim hesab olunan qəhrəman gənclər də sağ olsunlar. Hamısını ayaq üstə alqışlayırıq. Fiziki və psixoloji baxımdan yüksək əhval-ruhiyyədə idilər. Bilirlər ki, haqq-ədalət üğrunda mübarizə aparırlar.  Əminəm ki, prosesin çox hissəsi gedib. Onlar tezliklə azadlıqda olacaqlar. Hakimiyyət bu yalanı və zorakılığı çox davam etdirə bilməyəcək və buna son qoyulacaq. Həbsdəki dostlarımızın tezliklə azadlığa çıxacaqlarına inanıram. Bunun üçün azadlıqda olan bizlər mübarizəmizi davam etdirməliyik. Gənclərə Arif Hacılının həbsdən müstəqilliklə bağlı yazdığı məqaləni oxumağı tövsiyə edirəm”.

«Məhkəmə müstəqil deyil, vəkillər proses zamanı haqlı olaraq dedilər ki, Azərbaycanda hakimiyyətin bir qolu polislər yox, məhkəmədir»

AXCP  sədri Əli Kərimli isə bildirdi ki, hazırda həbsdə olan və mühakimə olunan gənclərimiz ictimai-siyasi proseslərə tam hazır vəziyyətdədirlər: “Onlar özlərini formalaşmış, müdrik insan kimi aparırlar.  Hökumət də düşünməlidir ki, bu gənclərin həbsi əks-effekt verir. Onlar daha da məşhurlaşır. Onları sevənlərin sayı gün-gündən artır. Həmyaşıdları arasında bu gənclər daha populyardırlar, nəinki  fərarilik, yaltaqlıq edib hökumətin qarşısında mənfəət, komfort əldə etmiş gənclər”.
AXCP sədri vurğuladı ki, vəkillər proses zamanı indiyə qədər verilən məhkəmə qərarlarının əsassız olduğunu sübut etdilər: “Onlar heç bir cinayət törətməyiblər, nə də məhkəmədən qaçıblar. Onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi çox böyük ədalətsizlikdir. Gənclər özlərini mətin, mübariz təqdim edirdilər. Vəsatətlərə münasibətdən hiss olunur ki, məhkəmə çərçivədən çıxmaq niyyətində deyil. Siyasi tapşırığa uyğun olaraq, prosesi aparmaq fikrindədirlər. Məhkəmə müstəqil deyil. Vəkillər proses zamanı haqlı olaraq dedilər ki, Azərbaycanda hakimiyyətin bir qolu  polislər yox, məhkəmədir. Proses qabaqdadır. Görürəm ki, vəkillər bu ittihamın daşının daş üstdə qalmasına imkan verməyəcəklər”.

Arif

Natiq